​Türkiyəni məhv etmək planı: Azərbaycan müharibəyə qoşulacaqmı?

 
 
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan milli səfərbərlik elan edib. Əsas hədəf PKK, İŞİD və FETO kimi terror təşkilatlarına qarşı mübarizədir. Türkiyə prezidenti xalqın bu mübarizəyə dəstək verməyini istəyir. Artıq neçə onilliklərdir terrordan əziyyət çəkən Türkiyənin bu addımının terrorla mübarizədə nə qədər effektli olacağı maraqlıdır.
 
Terrora qarşı mübarizə nəticə verəcəkmi?
 
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Publika.az-a açıqlamasında bildirib ki, Türkiyə belə bir səfərbərlik etməyə məcburdur: “Terror artıq metropollara, şəhər mərkəzlərinə qədər gəlib çıxıb. Xüsusilə insanların gur olan yerlərində bu hücumlar törədilir. Bu baxımdan, terrora qarşı milli səfərbərliyin olması vacib və müsbət addımdır”.
 
 
Lakin F.Mustafa hesab edir ki, təkcə daxildə hansısa addımı atmaqla iş bitmir.
 
“Türkiyə bu terrorun xarici uzantılarını ortaya çıxarmalı, terror təşkilatlarının bağlı olduğu ölkələrlə mübarizə aparmalıdır. Əgər bu dəstək qırılarsa, mübarizənin effekti daha böyük olar”, - deyə o bildirib.
 
Qeyd edək ki, dekabrın 10-da axşam saatlarında İstanbulda terror aktı törədilib. PKK-ya bağlı TAK tərəfindən törədilən terror aktı nəticəsində 40-dan çox insan həlak olub, 150-dən çox insan yaralanıb.
 
Ərdoğanın bu terror aktından sonra milli səfərbərlik çağırışı etməsi təsadüfi deyil. Görünür, Türkiyə terrorun qarşısını almaq üçün israrlı addımlar atacaq.
 
Türkiyəni yox etmək planı
 
Ərdoğanın milli səfərbərliyə çağırışında diqqət çəkən digər məqam “Türkiyəni yox etmək istəyirlər” açıqlaması idi. I Dünya Müharibəsindən sonrakı dövrü xatırladan prezident eynilə indi də Türkiyəni kiçik əraziyə sıxışdırmaq və məhv etmək niyyətlərinin olduğuna diqqət çəkib.
 
F.Mustafa da təsdiqləyir ki, hazırda Türkiyənin sıxışdırılması üçün müxtəlif oyunla aparılır: “Türkiyəni yox etmək, zəiflətmək niyyətləri mövcuddur. Türkiyə həmçinin, Suriyada, İraqda müharibə aparır. Bu vəziyyətdə milli resursları hərəkətə gətirmək, kompleks olaraq mübarizəyə başlamaq addımı ağıllı gedişdir”.
 
Azərbaycan nə edə bilər?
 
F.Mustafa deyir ki, Türkiyənin istədiyi dəstəyi Azərbaycan hər an verməyə hazırdır.
 
“İki ölkə və xalq arasındakı münasibətlərlə yanaşı, Azərbaycan və Türkiyə arasında ikitərəfli hərbi müqavilələr var. Bu baxımdan, Türkiyə dövlətinə qarşı yarana biləcək hər-hansı təhlükə zamanı, yaxud hərbi toqquşmalarda Azərbaycan da dəstək verəcək”, - deyə deputat vurğulayıb.

Загрузка...
Загрузка...