Türkiyəli rejissor: “Bakı bahalı şəhər olsa da, mənə...”

Korhan Uğur: “Qız qaçırtmağı sevən millətik“
Türkiyə istehsalı olan "Sağ salim", "Tərkedilmiş" kimi ekran işlərinin rejissoru Korhan Uğur “Kızkaçıran” filminin ilk nümayiş mərasiminə qatılıb.  Filmin həm rejissoru, həm ssenaristi  olan Korhan Uğur nümayişdən öncə Musavat.com saytının suallarına cavab verib. Onunla söhbətə Bakı ilə bağlı fikirləriylə başladıq:
“10-cu dəfədir ki, Bakıya gəlirəm. İlk dəfə “Mahmud və Məryəm” filmi üçün gəlmişdim. O zamandan bəri davamlı gəlib-gedirəm, burada dostlarım, doğmalarım var. Bakını çox sevirəm. Köçüb burada yaşamaq istəyərəm. Bu şəhər mənə rahatlıq bəxş edir”.
- Korhan bəy, adətən gələn qonaqlar Bakının bahalı şəhər olduğunu deyirlər. Bu fikirlə razısınızmı?
- Bahalı şəhər olsa da, Ankara və İstanbulla müqayisədə sakitdir. Mən İstanbulda yaşayıram, ora da ucuz deyil. Ona görə də Bakının bahalı şəhər olması məni narahat etmir, o fikirlə tam razı deyiləm. Bakıda sakitlik tapmağa, istirahət etməyə yerlər var. İstanbulda yoxdur.  Buraya hər gəldiyimdə terapiya olunmuş kimi hiss edirəm, ruhum sakitlik tapır.
- Bir az da “Kızkaçıran” filminizdən danışaq. Film barədə oxuculara qısa məlumat verin. Tamaşaçıları necə bir hekayə gözləyir?
- Film qız qaçıran gəncin başına gələn hadisələrdən bəhs edir. Bizim adətlərimizdə qız qaçırtma halları üstünlük təşkil edir. Qız qaçırtmağı sevən millətik.  Bu mövzudan yola çıxaraq əyləncəli, komediya filmi ərsəyə gətirdik. Bir-birini sevən iki gənc var, heç cür bir araya gələ bilmir, qız başqası ilə evlənir. Aşiq olan gənc bu durumu qüruruna sığışdırmır və gəlini bəylə bir yerdə qaçırır. Film Türkiyədə maraqla qarşılandı. İnşallah, Azəbaycan xalqı da sevər.
- Ekran işində azərbaycanlı aktyor Kamran Ağabalayev və Könül Nağıyeva da rol alıb. “Tərkedilmiş”dən sonra onlarla ikinci filminizdir ki, birlikdə çalışırsınız.
- Hər ikisi yaxın dostumdur. Kamranı uzun müddətdir tanıyıram. Könülü isə “Tərkedilmiş” filmi zamanı tanıdım. İkisini də çox sevirəm. “Kızkaçıran”ın komediya olduğunu biləndə çox təəccübləndilər. Bildirdilər ki, heç vaxt komediya filmində oynamayıblar. Mən onlardan əmin idim, bacarıqlıdırlar. Bacarıqlı aktyor hər janrda oynamalıdır. Onlara dəstək oldum, gözəl iş ortaya qoydular. Yaxşı ki, Könüllə Kamranı tanımışam.
- Ötən il  təqdim etdiyiniz “Tərkedilmiş” filminə hər iki ölkə tamaşaçısının reaksiyası necə oldu?
- İnsanlar dram janrında olan filmi sevdi. “Tərkedilmiş”in yaradıcılığımda xüsusi yeri var. Mən “Ya dram, ya komediya çəkəcəyəm” deyə önümə sədd qoymuram. Ruh halımdan necə ssenari çıxsa, onu çəkirəm. Film Azərbaycanda daha çox diqqət çəkdi.
- Təqdimat mərasimində demişdiniz ki, “Tərkedilmiş” filminin əvvəli çəkiləcək. Fikrinizdə hələ də qalmısınız?
- “Kızkaçıran”ın da davamını çəkmək istəyirəm. Hər iki filmin ikinci hissəsinin ssenarisini yazıb saxlamışam. Zaman keçməlidir, dalbadal  çəkmək olmaz. Gərək insanlar obrazları mənimsəsin. Vaxtı gələndə çəkəcəyəm. Fikrimi dəyişməmişəm.
- Bu aralar komediya janrında olan filmlərin çəkilməsinə üstünlük verilməsinin səbəbi nədir?
- Komediya filmləri daha çox pul qazandırır, insanlar gülməyi sevir. Onlar artıq əylənmək üçün kinoteatra gedir.  Həyatlarında sıxıntı, problem çoxdur. Asudə vaxtlarında  əhvalı pozacaq filmlərə baxmaq istəmirlər.
- Həm azərbaycanlı, həm də türkiyəli sənətçilərlə çalışırsınız. Aralarındakı fərqi nələrdən ibarətdir?
- Azərbaycanlılar çox məsuliyyətlidir, lakin təcrübələri azdır, daha çox çalışmalıdırlar. Türkiyədəki oyuncular il ərzində onlarla film və serialda rol alır. Sizinkilərin o şansı yoxdur, çünki il ərzində  çəkilən ekran işlərin sayı məlumdur.  Azərbaycanlı aktyorların istedadlarını göstərmək şansı yoxdur. Lakin çox məsuliyyətlidirlər, çalışmağı sevirlər. Mən də bu cür insanları sevirəm. Ona görə onlardan çox razıyam.
Türkiyədəkilərin vaxtları azdır, proqramlar, çəkilişlər işimizi  gecikdirir. Azərbaycanlılara deyəndə ki, 20 gün mənə lazımsan, gəlib rahatlıqla işini görür. Bu mənim üçün avantajdır.
- Türk sənətçilərin kaprizli olması barədə mətbuatda tez-tez xəbərlər yer alır. Azərbaycanlı məşhurlar da elədir?
- Azərbaycanlılarda kapriz sıfır dərəcəsindədir. Türk aktyorlar kaprizlidir. Bu da xarakterlə əlaqədardır. Mən ilk etapda  oyuncunun xarakterinə baxıram. Xaraktersiz aktyor ilə enerjim tutmaz və çalışmaram.
- Türkiyənin sənətçiləri dünyada tanınır, serialları bir çox ölkələrdə yayımlanır, sevilir. Bəlkə kaprizli olmalarına səbəblərdən biri də budur?
- Ola bilər. Onlar daha çox məşhurdur. Türkiyə böyük ölkədir, film sektoru inkişaf edib, seriallarımız müxtəlif ölkələrə satılır. Türk məşhurlar kaprizli olsalar da, mənim film setimdə onlara yer yoxdur. Çalışdığım heyət brilliant kimidir.
- Azərbaycanlı sənətçilərdən kimləri tanıyırsınız?
- Röyanı tanıyıram. Sağ olsun ki, “Tərkedilmiş” filminin qala gecəsinə də gəlmişdi.  Aktyor Fəxrəddin Manafovu çox sevirəm. Onu “Mahmud və Məryəm” filmindən tanıyıram. Könül və Kamran ilə bacı-qardaş kimi olduq. Onsuz da aktyor seçərkən rol aldıqları filmlərə, seriallara baxıram. Son olaraq “Pərdə” filmini seyr etdim, hekayəsi çox xoşuma gəldi. Azərbaycan filminin Türkiyədə tanınması çətin məsələdir. Gərək biz izləyək, davamlı maraqlanaq. Əlaqələrimizin möhkəmlənməsi lazımdır, ticarət münasibətlərimiz yaxşıdır, gərək mədəniyyət sahəsində də addımlar ataq.
-  Son 5 ildə yenidən Azərbaycanda film və seriallar çəkilməyə başladı. Sizin də  sözlərinizdən belə başa düşdüm ki, onları davamlı izləyirsiniz.  Azərbaycan filmlərində hansı çatışmazlıqlar var?
- Türkiyədə ildə 100 film, serial çəkilir. Azərbaycan aktyor və rejissorların çatışmayan cəhətləri təcrübədir. Düşünürəm ki,  birlikdə daha çox film çəkməliyik.  Türkiyədə çəkilən 100 filmin 5-6-ı Azərbaycanla birlikdə çəkilməlidir. Bu məsələdə  vasitəçi olmaq istəyirəm. Nə qədər çox iş görülsə, o qədər inkişaf olar.
- Müsahibəmizi yekunlaşdırırq. Son olaraq nə demək istəyirsiniz?
- Azərbaycanı sevdiyimi daha öncə də qeyd etdim, bura məmləkətim kimidir.  Arzu edirəm ki, qardaş münasibətlərimiz daha da möhkəmlənsin və gözəl işlər ərsəyə gətirək.
Oxucuları isə “Kızkaçıran” filmimi izləməyə dəvət edirəm. Əmin edirəm ki, çox güləcəklər.