Türkiyəli insan alverçisi ölkəsinə verildi – QƏRAR

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Türkiyə vətəndaşı Yaşar Kaplan Mustafanın öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi keçirilib.
 
Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Hakim məhkəmə iclasında Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsinin də iştirak etdiyini bildirib.
 
Daha sonra məhkəmə qərarı elan edib və Yaşar Kaplanın Türkiyə Respublikasına ekstradisiya olunması barədə qərar çıxarılıb.
 
Yaşar Kaplan Türkiyədə insan alverində təqsirləndirilib və barəsində axtarışda olub. O, Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.
 
Yaşar Kaplan Türkiyədə 2 dəfə məhkumluq həyatı yaşayıb.