Türkiyədən ABŞ-a: "Belə siyasət olmaz"

 
ABŞ öz seçimini etməlidir.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Baş naziri Binəli Yıldırım Mosulla bağlı açıqlamasında deyib.
 
“Şəhərdə İŞİD-ə qarşı mübarizə davam edir. Hələ ki, şəhərin mərkəzinə çatmadıqları üçün ciddi müqavimətə rast gəlinməyib. Üç istiqamətdən hücum ediləcək. Plana görə şəhərin cənub-qərb tərəfi boş buraxılır ki, buradan İŞİD-çilər qaça bilsinlər. Türkiyə Mosuldakı hava əməliyyatlarına da qatılacaq. Razılıq əldə olunub”, - Yıldırım bildirib.
 
Baş nazir onu əlavə edib ki, ABŞ hökuməti İŞİD-ə qarşı digər terror qruplaşması olan YPG-dən istifadə etmək istəyir:
 
“YPG PKK-ya bərabərdir. Bir terror qruplaşmasını digəri ilə məhv etmək mümkün deyil. Bizim kürdlərlə problemimiz yoxdur. Amma təəssüf ki, beynəxalq aləmdə bu cür təəssürat yaratmağa çalışırlar. ABŞ belə düşünür: Mən İŞİD-i yox etmək üçün YPG ilə əməkdaşlıq edib, öz əsgərimi riskə atmayacağam. Belə dövlət siyasəti olmaz. Ağ Ev öz seçimini etməlidir”.