Türkiyədəki qiyam xeyli sayda azərbaycanlı jurnalistin “başını yeyə” bilər - ÖZƏL


Tabağın konkret kimin başında çatlayacağı hələ bəlli deyil
 
Türkiyədəki qiyam xeyli sayda jurnalistin “başını yeyə” bilər. Bu barədə Politika.Az-ı özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, buna səbəb qiyamın ilk saat və günlərdə bəzi mətbuat təmsilçisinin qiyamla bağlı media orqanları və sosial şəbəkələrdə yazdığı fikirlərdir. Belə ki, bəzi media əməkdaşları proseslərin ilk saatlarında hadisələrin emosiyasına qapılaraq baş verən qiyamı Ərdoğan hakimiyyətinin doğurduğu məntiqi nəticə kimi şərh edib ki, bu da Mətbuat Şurasının mediaya ünvanladığı xəbərdarlıqla üst-üstə düşmür.
 
Bilgili qaynağın sözlərinə görə, ANS-in qapadılmasından sonra həm çap, həm də onlayın medianın təftişinə start verilib ki, məqsəd Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək yazı və statusların müəyyənləşməsi, onların müəlliflərinin cəzalandırılmasıdır. Bu məqsədlə media əməkdaşlarının sosial şəbəkələrdə yazdığı şərh və fikirlər də nəzərdən keçirilməkdədir.
 
Mənbənin məlumatına görə, rəsmi Bakı hesab edir ki, bu qəbildən olan jurnalistlərin məsuliyyətə cəlb edilməsi Türkiyə hakimiyyəti ilə münasibətlərə müsbət təsir göstərə, qarşılıqlı inam və etibarın artmasına səbəb ola bilər.