Türkiyədə hərbi çevriliş cəhdi: Baş qərargah rəisi girovdur - Ankara müxbirimiz yazır

Türkiyədə hərbi çevriliş cəhdi baş verib. Son bilgilərə görə, ordu hakimiyyətə əl qoyduğunu elan edib. Baş Qərargah binası polis tərəfindən mühasirəyə alınıb.
 
İyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Axşam saat 22 radələrində Ankarada 2 F-16 qırıcısı Prezident Sarayı, baş nazirlik, Milli Məclis və Baş Qərargah binası üzərindən alçaqdan uçuşlar həyata keçirib. Ardınca isə İstanbulda jandarma qüvvələri boğaz körpülərinin Asiya sahilindən Avropaya keçidi qapadıldı və telekanallarda tankların İstanbul hava limanını əhatə aldığı görüntüləri yayıldı.
 
Daha sonra Ankarada ordu baş qərargahı qarşısında yollar qapadıldı, Ankara polis idarəsi bütün əməkdaşları vəzifəyə çağırıldı. Ardınca isə Baş Qərargahda silah səsləri gəldi. Baş nazir Binali Yıldırım “kalkışma” olduğunu və cavabdehlərin cəzalandırılacağını bəyan etdi. Ancaq az sonra ordunun rəsmi saytından hakimiyyətə əl qoyulduğu, yəni çevriliş olduğu və Türkiyənin xarici öhdəliklərinə riayət edəcəyi bildirilən açıqlama yayıldı. Hazırda Ankarada dövlət qurumları binası üzərindən qırıcı və helikopterlər uçmaqda davam edir.
 
Az sonra məlum oldu ki, Mili İstihbarat Təşkilatı və Polis Akademiyasının, eləcədə də Polis Xüsusi Təyinatlıları qərargahında partlayış və atışma olduğu xəbərləri gəldi. Prokurorluq isə çevrilişə cəhd edənlərin dərhal həbs olunması əmri verildi.
 
Ən son olaraq Baş Qərargahda ağır silahlarla atışma davam edir, polis isə bayırdan qərargahı atəşə tutub. Son bilgilərə görə, baş qərargah rəisi Hulusi Akar girov götürülüb. Çevrilişin ilkin məlumatlara görə, ordu içərisində yüksək rütbəli zabitlər tərəfindən həyata keçirildiyi, hakimiyyətin nəzarətə alındığı bildirilir. Hakimiyyət isə müqavimət göstəriəcəyini bəyan etdi.
 
Ancaq son bilgilərə görə, Ankarada bütün həyati əhəmiyyətli dövlət və güc qurumları ordu birlikləri tərəfindən mühasirəyə alınıb.
 
Yazı dərc olunarkən, TRT kanalından üsyançı hərbçilərin açıqlaması oxunurdu.
 
Kənan, Ankara, musavat.com