Türkiyədə erməni təxribatının qarşısı alındı

Türkiyənin İqdır şəhərində erməni təxribatının qarşısı alınıb.
 ANS-in məlumatına görə, etirazlardan sonra şəhərin Tuzluca qəsəbəsinin giriş və çıxışında erməni dilində yazılan tablo götürülüb.
 Tablonun üzərində erməni dili ilə yanaşı türk, kürd və ingilis dillərində “Xoş gəlmisiniz” və “Gülə-gülə” ifadələri yazılıb. Yerli əhali yalnız erməni dilində yazılan sözlərə öz kəskin etirazlarını bildiriblər.
 Narazılığın böyüdüyünü görən qəsəbə bələdiyyəsi tablonun üzərində erməni dilindəki yazıların silinməsi ilə bağlı qərar qəbul edib.
 Tablo Ermənistan-Türkiyə sərhədində yerləşən şəhərin girişinə ötən il vurulub.
 Bundan əvvəl Türkiyənin Bitlis şəhərinin küçələrindən birinə erməni mənşəli amerikalı yazıçı Uilyam Saroyanın adı verilib. U.Saroyanın babaları 1915-ci ildə Bitlisi tərk ediblər.
 U.Saroyan Kaliforniyanın Frezno şəhərində anadan olub, lakin babalarının vətəni ilə sıx əlaqələrini saxlayıb. O, 1964-cü ildə Bitlisə səfər edib və 2014-cü ildə bu səfərin 50 illiyi tamam olub.