Türkiyə və Rusiyaya hücum, Qarabağda müharibə – GÜNÜN SİYASİ XÜLASƏSİ

 
 
Həftə qaynar siyasi proseslərlə başladı. Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra sular hələ də durulmayıb, həbslər davam edir. Fətullah Gülən isə təhdidlərini durmadan yağdırır. İrəvanda qiyamçılar təslim olandan sonra müzakirələr siyasi müstəviyə keçib. Artıq Sarkisyanın Qarabağda müharibəyə gedəcəyinə dair anonslar səslənir. Azərbaycanda siyasi sabitlik davam edir. Hazırda əsas gündəm referendumdur.
 
***
 
Fətullah Güləni ifşa edən tablo
 
İyulun 15-də Ərdoğana sui-qəsd etmək istəyən, lakin hərbi çevriliş planı baş tutmayandan sonra dağlara qaçan hərbiçilərin daha 11 ələ keçirilib. Məlumata görə, indiyə qədər onlar evlərdən oğurluq etməklə, həmçinin,  qarğıdalı, ərik kimi meyvələrlə qidalanaraq yaşayıblar. Artıq fərari olan 40 hərbiçinin əksəriyyəti həbsdədir. Digərlərinin axtarışı davam edir.
 
CNN kanalına müsahibə verən Fətullah Gülən isə otağının divarındakı tablo ilə özünü ələ verib. Türkiyə mediası 4 ayaqlı minarə tablosunun FETÖ-PKK terrorçu təşkilatı əlaqələrinə işarə olduğunu yazır.
 
Dünyanın məşhur elektron ensiklopediya səhifəsi olan “Vikipediya” hazırda ABŞ-da yaşayan Fətullah Güləni terrorçu elan edib. Belə ki, elektron ensiklopediyada  Fətullah Gülənin “FETÖ” terror təşkilatının lideri olması barədə məlumat yerləşdirilib.
 
Çavuşoğlu Atambayev atışması
 
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Qırğızıstana FETÖ xəbərdarlığı isə rəsmi Bişkekin qəzəbinə tuş gəlib.
 
“Əgər Türkiyə Xarici İşlər Nazirliyinin başçısı elə ağıllı idisə, nə üçün öz ölkəsində çevriliş cəhdindən xəbər tutmayıb”.
 
Qırğızıstan prezidenti Almazbek Atambayev vaxtilə ona kömək edən Ankaranı bu sözlərlə ittiham edib.  O, hansısa şərtlərlə edilən köməyin Qırğızıstana lazım olmadığını da vurğulayıb.
 
“Bizim çətin vaxtlarımızda Türkiyə Qırğızıstana müəyyən köməkliklər göstərib. Lakin sonra bu haqda danışılacaqsa, belə köməklər lazım deyildi. Bizə ağıl öyrətmək lazım deyil. Biz suveren dövlətik və necə yaşamağı özümüz bilərik. Əgər Türkiyə xarici işlər naziri belə ağıllı idisə, nə üçün öz ölkəsində baş verən çevrilişdən xəbərsiz idi”, - deyə bildirib.
 
Və Fətullah Gülən məktəblərini bağlamayacağını qətiləşdirib: “Gülən camaatının Qırğızıstanda qarışıqlığa səbəb olacağı haqda deyilənləri cəfəngiyat hesab edirəm”.
 
Qırğızıstan və Tacikistandan sonra, Qazaxıstan da Fətullah Gülənə bağlı məktəblərin bu ölkədə fəaliyyətlərini davam etdirəcəyini elan edib. Qazaxıstanın Təhsil Nazirliyi bəyanatında deyilir ki, hökumət bu qurumların fəaliyyətində hər hansı nöqsan və ya təhlükə görmür.
 
Oğlunun başına silah dayadılar, Ərdoğana ölüm mesajı verdilər
 
FETÖ lideri Gülən son söhbətində Ərdoğanı ölümlə təhdid edib.
 
“Düşmən qapıya gəlib, orduları ilə kökünüzü kəsəcək, sizi yox edəcəklər, çəkiclə başınızı əzəcəklər” deyən Gülən daha sonra “ölüm mesajını” verib: “Sabaha çıxmağına zəmanət yoxdur. Beyin qanaması çəkic kimi başına enər, öldürər səni. Heç gözləmədiyin halda xərçəng xəstəliyinə tutularsan, ölərsən. Ölüm qəflətən gələr”.
 
Türkiyədə bu? onun Ərdoğana ölüm mesajı verdiyi kimi qəbul olunur. Belə düşünməyə səbəb isə türk kəşfiyyatının  Gülənin “söhbətləri” zamanı tərəfdarlarına təlimatlar verdiyini de-şifrə etməsidir.
 
“Onlar 25 dekabr 2013-cü il tarixində Ərdoğanın oğlu Bilal Ərdoğana silah çəkdilər”.
 
Bu haqda isə Türkiyənin keçmiş Avropa Birliyi naziri Egemen Bağış deyib.
 
17-25 dekabr hadisələrindən danışan Bağış indiyə qədər açıqlanmayan bir sıra məsələlərə toxunub: “Ərdoğan və 4 yol yoldaşına şər atdılar. Xalq Bankla əlaqəsi olmayan 4 nazirə şər-böhtan atdılar. Bu qardaşınız da onlardan biridir. Rəis (Ərdoğan) “Allah səbir edənlərlə bərabərdir, səbir edin” dedi. 25 dekabrda Türkiyənin ən böyük layihələrini həyata keçirənləri həbsə atmağa çalışdılar. 25 dekabr 2013-cü il tarixində  Ərdoğanın oğlu Bilal Ərdoğana silah çəkdilər. Bunlar belə şərəfsizdirlər. Bu, Amerika itləri bizim dəyərlərimizə dil uzatdı. Menderesi asan, Özalı zəhərləyən zehniyyətlə Ərdoğanı şəhid etmək üçün 40 xüsusi təyinatlı göndərən zehniyyət arasında heç bir fərq yoxdur”.
 
Fətullah Gülən özünü “Mehdi” hesab edir.
 
Bu sözləri isə vaxtilə “Zaman” qəzetinin şef-redaktoru olmuş, camaatın keçmiş üzvü Hüseyn Gülərcə deyib.
 
F. Gülənin bilinməyən tərəflərindən danışan Gülərcə bildirib ki, Gülən onun gözləri önündə Cevdet Türkoğlunu (camaatın bir nömrəli imamı. “Uzun Cevdet” ləqəbi ilə tanınır – red.) təpik-yumruqla döyüb.
 
“O özünü “Mehdi” sayır. Buna özü də inanır. Mənə peyğəmbərlə görüşdüyünü də demişdi”, - deyə Gülərcə bildirib.
 
H. Gülərcə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Fətullah Güləni dəstəklədiyini dəqiq bildiyini qeyd edib.
 
***
 
Türkiyə torpaqları Ermənistana verilir, Qarabağda müharibə başlayır
 
15 iyul hərbi çevriliş cəhdinin arxasında dayanan CİA Türkiyənin şərq torpaqlarını Ermənistana vermək istəyib.
 
Bu barədə AKP-nin Ərzurumdan olan deputatı Orhan Deligöz deyib.
 
Onun sözlərinə görə, çevriliş edib Türkiyəni parçalayaraq, bir neçə hissəyə böləcəklərdir: “Türkiyənin şərqindən Ermənistana və Kürdüstana pay verəcəkdilər. Məqsəd bu idi. Həmçinin, İŞİD Türkiyəyə girəcəkdi və insanlar eyni ilə Suriya və İraqda olduğu kimi qətliama məruz qalacaqdı”.
 
İrəvanda qiyamçılar ələ keçiriləndən sonra sakitlik hökm sürür.
 
Qiyamı yatıran Sarkisyan isə Qarabağda müharibə edə bilər.
 
Erməni politoloq Hrant Melik-Şahnazaryan belə düşünür.
 
“Yaxın vaxtlarda Qarabağda müharibə başlaya bilər” deyən erməni politoloq bunun iki səbəbinin olduğunu açıqlayıb.
 
1. Ərazilərin qaytarılması haqda Ermənistanda yaranan rəylərin alt-üst edilməsi.
2. Hazırda ölkədə yaşanan narazılığın söndürülməsi.
 
***
 
“Tezliklə qan töküləcək”.
 
Bunu Rusiya prezidenti Vladimir Putini təhdid edən İŞİD bəyan edib. Terror təşkilatı Putini ölümlə hədələdiyi videoda Rusiyaya qarşı müharibəyə çağırış edib. Onlar İŞİD tərkibində döyüşən rusların tezliklə evə qayıdacağını da bildiriblər.
 
Suriyanın İdlib şəhərində Rusiyaya məxsus helikopter müxaliflər tərəfindən vurulub. Nəticədə helikopterdəki 4 rus əsgəri ölüb.
 
Putin isə Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev və Şura üzvləri - daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəisi Aleksandr Bortnikov və xarici kəşfiyyat xidmətinin (SVR) direktoru Mixail Fradkov iştirak ediblər.
 
Kremlin sözçüsü Dmitri Peskov yerli mətbuata açıqlamasında deyib ki, Rusiya Təhlükəsizlik Şurasının toplantısı Sankt-Peterburqda keçirilib. Onun sözlərinə görə, toplantıda əsas müzakirə olunan məsələ Suriyada baş verən humanitar böhranla bağlı olub.
 
“Əgər prezident seçilsəm, Krımın Rusiyaya aid olduğunu tanıyacağam”.
 
Bu barədə Respublikaçı Partiyanın ABŞ prezidentliyinə namizədi Donald Tramp deyib.
 
Bildirib ki, Krımdakı əhali Rusiya ilə bir yerdə olmaq istəyir: “Krım əhalisi Ukrayna əvəzinə Rusiyanı seçib və ABŞ olaraq biz də bu seçimə hörmət etməliyik. Mən prezident seçilsəm, Krımın artıq Rusiyaya aid olduğunu rəsmən tanıyacam”.
 
Bu arada Trampa bənzər “ponçik” bişirildikdən sonra onun oxşarı olan ağac da tapılıb.
 
***
 
“Azərbaycanda maliyyə şəfaflığının təminatı istiqamətində mühüm irəliləyişlər var”.
 
Bu barədə ABŞ Dövlət Departamenti bildirib.
 
Yeni Azərbaycan Partiyası isə (YAP) sentyabrın 26-a təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda təşviqat qrupu qismində iştirak etmək üçün təşəbbüs qrupunun yaradılması məqsədi ilə təşəbbüsçülərin yığıncağını keçirib. Yığıncaqda 3 952 ilkin təşəbbüsçünü təmsil edən 315 nümayəndə iştirak edib. Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin ali məqsəd və məramı nəzərə alınaraq təşəbbüs qrupunun “Yeni Azərbaycan” adlandırılması qərara alınıb.
 
Bu gün Azərbaycanın İmişli rayonunda zəlzələ baş verib. 5,6 bal gücündə baş verən zəlzələdə insan itkisi olmayıb. 100-dən çox mənzil ziyan dəyib.