Türkiyə və Avropa Birliyi anlaşa bilmir

Avropa Birliyi və Türkiyə arasında viza və 3 milyard avro yardım anlaşması baş tutmur
Türkiyə ilə Avropa Birliyi arasında qaçqınlar üçün ayrılması nəzərdə tutulan 3 milyard avroluq yardım anlaşması pozula bilər. Türkiyə mediasının yazdığına görə, bu barədə Britaniya mətbuatı yazıb. Məlum olub ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 3 milyard avroluq yardımın Türkiyə hökumət qurumlarına verilməsini tələb edib.
Xəbərdə deyilir ki, Türkiyə hökuməti bu pulla 2,7 milyon suriyalı qaçqın üçün məktəb, xəstəxana, yeni qaçqın düşərgələri tikdirmək istəyir. Avropa Komissiyası isə daxili qaydalara əsasən bu vəsaitin BMT və digər beynəlxalq qurumlar xətti ilə xərcələnməsini istəyir. Artıq BMT Qida Proqramı, Beynəlxalq Qaçqınlar Təşkilatı və Danimarka Qaçqınlar Şurası kimi qurumlara 190 milyon avro yardım ayrılıb. Bu ayın sonuna qədər isə 1 milyard avroya qədər yardım ayrılması nəzərdə tutulur.
Türkiyə prezidenti AB-nin bu addımını sərt şəkildə tənqid edib. Sitat: “3 milyon qaçqına bu millət baxır. Bizə dedilər ki, ildə 3 milyard avro verəcəyik. Amma bu günə qədər verdilərmi? Yox. Hələ də meydanda topu fırladırlar, verəcəksinizsə, verin”.
Ancaq bu, son zamanlar münasibətlərində soyuqluq olan Avropa ilə Ankara arasında yeganə anlaşılmazlıq deyil. Məlum olub ki, iyunda imzalanması gözlənilən vizaların ləğv olunması razılaşması da təxirə düşə bilər. BBC-yə açıqlamasında Türkiyənin Avropa Birliyi naziri Volkan Bozkır deyib ki, viza anlaşmasının qəbul olunacağına ümidini günü-gündən itirir.
Əsas problem isə terrorla mübarizə qanunudur. Məsələ ondadır ki, AB Türkiyədən əsas 5 tələbindən (ümumilikdə 72 kriteriya var) biri də terrorla mübarizə qanunvericiliyini dəyişməsi, daha dəqiqi, terror tərifinin daha dar bir çərçivəyə alınmasıdır.
Qeyd edək ki, Avropa Birliyinin Türkiyədən düzəliş tələb etdiyi 5 sahə korrupsiya ilə mübarizə, məlumatların mühafizəsi, bütün AB üzvü ölkələrlə ədliyyə sahəsində əməkdaşlıq, AB polis qurumu olan “Europol”la əməkdaşlıq, terrorla mübarizə qanununun yenidən nəzərdən keçirilməsi, terror tərifinin daraldılmasıdır.
Türkiyə hökuməti hazırda ölkədə terrorla mübarizənin davam etdiyi və xüsusən də PKK ilə mübarizədə qanunların verdiyi imkanların məhdudlaşdırılması qeyri-mümkün hesab edir. Məsələ ondadır ki, AB Türkiyənin qanunvcericilikdə terrorçu tərifinin yalnız terror törədən və ya bu cinayətin təşkilində iştirak edənlərə və bu cür birbaşa əlaqəsi olanlara aid edilməsini istəyir. Türkiyə qanunvericiliyi isə birbaşa terrorda iştirak edənlərlə yanaşı, terrora dəstək verən, Türkiyənin ərazi bütövlüyünə, dövlət quruluşuna qarşı çıxışlar edən. Terroru dəstəkləyən şəxslərin də terrorçu kimi cəzalandırılmasını tələb edir. AB-nin terrorla mübarizə qanunvericiliyinin dəyişdirilməsi hazırda terrora qarşı mübarizə aparan Türkiyə hakimiyyəti üçün mümkün görünmür. Bu səbəbdən də hələlik bu istiqamətdə tərəflərdən birinin güzəştə getməyəcəyi təqdirdə anlaşmanın əldə olunması mümkün görünmür.
Xatırladaq ki, martda əldə olunmuş anlaşmaya əsasən Türkiyə vətəndaşlarının Avropa Birliyi (şengen) ölkələrinə vizasız səfərlərini həyata keçirməsi üçün Türkiyə hökuməti AB-nin 72 şərtini yerinə gətirib. Bir qədər əvvəl bu şərtlər yerinə yetirilsə də, AB xüsusi olaraq 5 şərt tələb edir. Görünən odur ki. indi nə AB, nə də Ankara terror tərifi mövzusunda güzəştə getməyəcək. Bu isə ən yaxşı halda müzakirələrin uzanmasına səbəb olacaq. Həm yardımların hansı təşkilatlar tərəfindən xərclənməsi, həm də viza mövzusu belə görünür, Ankara ilə Brüsselin arasını vuracaq. Üstəlik, Türkiyədə siyasi vəziyyət gərginləşdikcə AB ilə münasibətlərə də təsir edəcək. Avropa isə Türkiyədə olan 2,7 milyon qaçqının Avropaya üz tutmasından narahatdır. Bu səbəbdən də AB Türkiyə ilə müzakirələri uzatmağa çalışacaq.