"Türkiyə üçün bu qərar yox hökmündədir" - AKP Almaniyanın "soyqırım" qərarına cavab verdi

Almaniya parlamentinin 1915-ci il hadisələrini “soyqırım” kimi tanımasına Türkiyə tərəfi cavab verib.
Baş nazir müavini Numan Kurtulmuş məsələ ilə bağlı “Twitter” hesabından açıqlama yayıb:
“Almaniya parlamentinin sapdırılmış və əsası olmayan bir sıra iddiaları “soyqırım” kimi qəbul etməsi tarixi bir xətadır. Almaniya parlamentinin bu qətnaməni qəbul etməsi Türkiyə və Almaniya dostluq münasibətlərinə yaxın bir qərar deyildir. Türkiyə üçün bu qərar yox hökmündədir. Bu məsələ siyasətçilərin ya da deputatların deyil, elm adamlarının və tarixçilərin qərar verməli olduğu bir məsələdir. Türkiyə dövləti olaraq bu qərara hər platformada lazımi cavabı verəcəyik”.
AKP mətbuat katibi Yasin Aktay isə qətnamənin Almaniya parlamenti tərəfindən qəbul olunması qərarının Türkiyə-Almaniya münasibətlərinə ciddi zərər vuracağını bildirib. Televiziya kanalına müsahibə verən Yasin Aktay deyib:
“Almaniya parlamentinin qərarı dostyana mövqe deyildir. Münasibətlərə ciddi zərər dəyib”.