Türkiyə turizmi böhranın bir addımlığında...

Türkiyənin istirahət bölgələri böhran dönəminə girib. Rusiya ilə münasibətlərin kəskinləşməsi qardaş ölkənin turizmini ölü vəziyyətinə salıb və yay aylarında da bu durumun eynən davam edəcəyi gözlənilir. Türkiyənin “Hürriyyet” qəzetinin yazdığına görə, bu ilin ilk 4 ayında hava yolu ilə Antalyaya 843 min 517 nəfər turist gəlib. Bu, ötən ilin müvafiq dönəmi ilə müqayisədə 30 faiz daha aşağı rəqəmdir. Yanvar-aprel dönəmində Rusiya bazarındakı itki isə 90 faizə çatıb.
Daha öncəki illərdə Türkiyəyə ən çox turist göndərən ölkələr sırasında Almaniya ilə ilk iki sıranı bölüşən Rusiya artıq 23 ölkənin sıralamasında 13-cü sıraya geriləyib. 2015-ci ilin yanvar-aprel ayında Rusiyadan gələn turistlərin sayı 126.690 nəfər idisə, bu ilin eyni dövrdə bu say 12.039 nəfər oldu.
İlin ilk 4 ayında Almaniya Antalyaya ən çox turist göndərən ölkə oldu. Amma bu bazarda da 30 faizlik bir  azalma müşahidə olunub. Belə ki, 2015-ci ilin yanvar-aprel dövründə Antalyaya 472.124 alman turist gəlmişdisə, bu il onların sayı 331.632 nəfər oldu. Antalyaya ən çox turist göndərən ölkələr sırasında yer alan Hollandiya bazarında itki 4, İngiltərə bazarında 15, Belçikada 36, Danimarkada isə 5 faiz olaraq hesablandı.
Amma onlarla müqayisədə İsrail, Ukrayna, İrlandiyadan gələn turistlərin sayında artım olub. Türkiyə mətbuatı yazır ki, bu il Azərbaycandan gələcək turistlərin sayında da azalma müşahidə olunacağı təxmin edilir. Buna səbəb ölkədə manatın dəyərdən düşməsi, dolların bahalaşması göstərilib. “Tur paketlər dollarla satışa çıxarılıb, azərbaycanlılar üçün isə dollar əlçatan deyil” deyə yazıda qeyd olunub.
Antalya aeroportu beynəlxalq xətlər terminalında aprel ayında gəlib-gedən təyyarə sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 37 faiz azalıb. Ötən ilin aprel ayında 7 min 528 təyyarənin eniş-qalxış etdiyi Antalya Aeroportu Xarici Xətlər Terminalına bu ilin eyni ayında rəqəm 4 min 712 olub.
Yazıda qeyd olunub ki, Rusiya ilə münasibətlərini yaxın zamanlarda düzəldə bilməyəcək Türkiyə turizmi vəziyyətdən çıxmaq üçün tur paketlərin qiymətini azaldacaq. Bu halda da daha çox Azərbaycan, İran, İsrail, Ukrayna bazarını nəzərə alacaq.