“TÜRKİYƏ REGİONDA ƏN BÖYÜK GÜCƏ ÇEVRİLƏCƏK”

Sərdar Cəlaloğlu: “Avropa Birliyinin arxasınca Avropa Şurası da sıradan çıxacaq”
 
“Avropa Birliyinin çökməsi ilə proseslər Avropa Birliyinin yaratdığı və arxasında gizləndiyi problemlərin çözülməsinə gətirib çıxaracaq. Bura birinci Fələstin, ikinci də Kəşmir problemi aiddir. Tezliklə Hindistanla Pakistan arasında Kəşmir problemi ilə bağlı danışıqlar başlayacaq...”
 
“Avropa Birliyindən sonra NATO-nun dağılma problemi gəlir. Çünki NATO Avropa Birliyinin hərbi blokudur. Avropa Birliyi yox olandan sonra, NATO-nu necə, hansı əsasla saxlayacaqlar və büdcəsini necə formalaşdıracaqlar?!”
 
Bəlli olduğu kimi, 43 il Avropa Birliyinin tərkibində olan Böyük Britaniya ötən həftə ittifaqı tərk etdi. Belə ki, referendum zamanı seçicilərin 52 faizə yaxını Avropa Birliyindən çıxmağa səs verib, 48 faiz isə ittifaqın tərkibində qalmağa üstünlük verdi.

Maraqlıdır, İngiltərənin Avropa Birliyini tərk etməsi qurumun gələcək taleyini sual altına alırmı? Ümumiyyətlə, Avropa Birliyinin parçalanması regiona nə vəd edir?
Bu və digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
 
- Sərdar bəy, sizcə, Avropa Birliyinin dağılması gözlənilən idi?
 
- Təbii ki, burda heç bir gözlənilməz hadisə yoxdur. Biz bu gün dünyada ilk qlobal iqtisadi böhranı yaşayırıq. Qlobal iqtisadi böhran qlobal siyasi böhranı tələb edir. Yəni siyasi böhranlar iqtisadi böhranların üst qurumudur. Əgər iqtisadi böhran varsa, mütləq ondan sonra siyasi böhran olmalıdır.
Qərb uzun müddət bu böhranın qarşısını almaq üçün müəyyən addımlar atdı. Məsələn, böhranın ağırlığını Yaxşın Şərqə yönəltdi. Əslində, Suriya, İraq, Əfqanıstan hadisələri Qərbin qlobal iqtisadi böhrandan xilas olmasına xidmət edirdi. Düşünürdülər ki, bu prosesin arxasınca qlobal iqtisadi böhranı idarə edəcəklər, sonradan isə Yaxın Şərqdəki hadisələri də tənzimləmək olar. Yəni idarə olunan bir xaos yaratdılar. Lakin Yaxın Şərq məsələləri ilə qlobal böhranı yoluna qoya bilmədilər deyə, ikinci bir addım atıldı. Bu da Ukrayna ilə Rusiya arasındakı konfliktin meydana çıxması idi. Hansı ki, ikinci bir münaqişə ocağının yaradılması da həmin qlobal iqtisadi böhranın siyasi effektini Qərbdən uzaqlaşdırmaq məqsədi güdürdü. Yəni müharibələrin gətirdiyi bütün neqativ hallar Ukrayna və Rusiya xalqına dəyəcəkdi, Qərb bu məsələlərdən kənarda qalacaqdı. Amma sonradan dəfələrlə iqtisadçılar da bəyan etdilər ki, qlobal iqtisadi böhran idarə olunmur. Faktiki olaraq qarşısını hələlik almaq da mümkün deyil. Çünki ənənəvi böhranlardan çıxmaqla bağlı Avropa ölkələrində hazır reseptlər var. Çünki onlar 100 ildir kapitalizm rejimində yaşayırlar, bilirlər ki, 5, 10, 60 ildən bir böhran olacaq. Yəni kapitalizmdə çox ciddi şəkildə dövrü böhranlar olur. Hansı ki, illərdən asılı olaraq, o dövri böhranlar da idarə olunur. Hökumət qabaqcadan bilir ki, 5 illiyin böhranı olacaq, başlayırlar təcili tədbirlər görməyə. Amma bu qlobal iqtisadi böhran bir dövlətin ərazisində olmadığına görə, lap tutaq ki, Amerika, İngiltərə, Fransa öz ərazisində bu böhrandan xilas olmaq üçün müəyyən tədbirlər görə bilsə də, bütün dünyada bunu görə bilmir. Məsələn, Azərbaycanda bunu necə edə bilərsən – korrupsiya baş alıb gedir?! Rusiyada bunu necə edə bilərsən – ölkəni dağıdırlar?! Yəni korrupsioner rejimlərin olması baxımından qlobal iqtisadi böhran idarəolunmaz bir hala gəlib.
Üçüncü mərhələdə artıq qlobal iqtisadi böhranın ciddi bir siyasi nəticəsi olmalıdır. Qlobal iqtisadi böhran bu və ya başqa şəkildə siyasi nəticələrə gətirib çıxarmasa da, növbəti mərhələdə iqtisadi sistemi məhvə gətirib çıxarır. Yəni böhran bir siyasi sistemi dağıdır, bir də iqtisadi sistemi. İndi biz keçmişik növbəti mərhələyə. Artıq qlobal iqtisadi böhran qlobal iqtisadiyyatın dağılmasına gətirib çıxarıb. Bunun birinci əlaməti Avropa Birliyinin dağılmasıdır. Avropa Birliyi dünyada qlobal iqtisadiyyatın ən ciddi elementlərindən biri idi. İndi bu böhran idarə olunmadığına görə, sistemin özü dağılmalıdır. Bunun da əlaməti Avropa Birliyinin dağılmasıdır.
 
- Hesab edirsiniz ki, Böyük Biritaniyanın Avropa Birliyini tərk etməsi bu qurumun dağılmasına gətirib çıxaracaq?
 
- Bilirsiniz ki, artıq Fransa da bu məsələni parlamentə çıxarıb müzakirə edir, İspaniya da qurumdan çıxmaq haqqında qərar verib. Çünki İngiltərə çıxandan, valyutasını ordan çəkəndən, avronun imkanları məhdudlaşandan sonra Avropa Birliyi 3-4 dövlət arasında bir birliyə çevriləcək. Yəni kontinental birlikdən regional birliyə. Regional birliyin isə bir çox dövlət üçün əhəmiyyəti yoxdur. Məsələn, Almaniyanın nəyinə lazımdır ki, Yunanıstanla müttəfiqlik etsin, hər zaman Yunanıstanı dotasiyalarla arxasınca aparsın?! Yaxud, İngiltərə kimi inkişaf etmiş bir ölkənin nəyinə lazımdır ki, İspaniya kimi böhranda olan bir dövlətin yükünü götürsün?! Amma İngiltərə, Fransa, Almaniya birlikdə olanda o yük paylanırdı. Polşanın, Bolqarıstanın, Rumınyanın yükünü paylayırdılar. İndi İngiltərə çox nəhəng bir gücdür, Avropa Birliyinin əsas dayaqlarından biridir, iqtisadiyyatın, kapitalizmin əsası İngiltərə ilə bağlıdır. İngiltərənin çıxması Avropa iqtisadiyyatının özününü yeni bir böhrana düşməsi deməkdir. Belə bir böhran şəraitində bu dövlətlər birləşib nə yaratsalar, qısa müddətli olacaq, məhv olacaq.
 
- İngiltərənin Avropa Birliyindən çıxmasının bu dövlətin özünü xilas etməkdən başqa, region üçün heç bir müsbət cəhəti olmayacaq?
 
- İngiltərənin Avropa Birliyindən çıxmasının ola blsin ki, müsbət bir cəhəti olacaq. Qlobal iqtisadi böhran artıq tənzimlənən bir prosesə çevriləcək. Çünki artıq qlobal iqtisadiyyatın təşkilatı dağıldığına görə, qlobal iqtisadi sistem də məhv olacaq. Tutaq ki, avro sıradan çıxacaq, hər bir dövlətin özünün iqtisadi qurumu, gömrüyü olacaq və s. Bu isə onlara imkan verəcək ki, özlərini qoruya, yəni bu böhrandan xilas edə bilsinlər. İndiki halda, tutaq ki, Almaniya bunu edə bilməz. Məsələn, Polşadan 2 milyon adam gəlir Almaniyaya. Deyə bilməz ki, sən gəlmə. Onlar hamısı Avropa Birliyinin üzvləridir, həm Polşada, həm Almaniyada, həm də İngiltərədə eynihüquqludur. Çünki Avropa Birliyi Avropanın bütün dövlətlərinin əhalisi üçün eyni dərəcədə vətəndir. Bu da Şərqi Avropa ölkələri –Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa əhalisinin inkişaf etmiş Avropa dövlətlərinin iqtisadi, sosial imkanlarından bəhrələnməsinə yol açdı. Bu dövlətlərin də elə bir qeyri-adi gücü yoxdur ki, bunun qarşısını alsın.
Beləliklə, birdən-birə Avropaya ac-yalavac, sosialist məkanından çıxmış, geridə qalmış ölkələr daxil oldular və bu da Avropanı sarsıtsı. Məsələn, Ukraynanı, Türkiyəni niyə Avropa Birliyinə qəbul etmirdilər? Eyni səbəblərdən. Çünki bu dövlətlərin də daxil olması ilə Avropa Ukraynanın, Türkiyənin Avropa standartlarına uyğun inkişafı üçün milyardlarla pul xərcləməliydi. Ona görə də elə bil ki, iqtisadi məkanın genişlənməsi ilə iqtisadi resurslar arasında ziddiyyət əmələ gəldi. Yəni Avropanın o boyda məkanda birlik yaratmaq üçün pulu, iqtisadiyyatı yox idi. Bu da gətirib Avropa Birliyini böhrana çıxardı. Əslində, Avropa Birliyinin böhranı qlobal iqtisadi böhranın axırıncı mərhələsinə çatdığını göstərir ki, nəticədə də iqtisadi sistemin özü dağılmalıdır.
 
- Sizcə, İngiltərənin Avropa Birliyini tərk etməsində ABŞ-ın hər hansı marağı ola bilərdi?
 
- Əslində, Avropa ya bir yerdə məhv olmalıydı, ya da dövlətlər ayrı-ayrılıqda məhv olmalıydılar. Proses belə getsəydi, Avropa dövlətlərinin hamısı bir yerdə çökəcəkdi. Ona görə də necə ki, gəmi batanda birinci siçanlar qaçır, həmin misal olmasın, İngiltərə ilk olaraq tərk elədi gəmini. Gördü ki, gəmi batır. Amerika bu mənada İngltərəni dəstəkləyirdi. Amma bütünlükdə qlobal iqtisadiyyatın bu cür çöküşü Amerika iqtisadiyyatının özünə də çox mənfi təsir edəcək. Ola bilsin, qısa müddətdə Amerikanın özündə də çox nəhəng iqtisadi böhran olacaq. Bilrisiniz ki, dünya iqtisadiyyatının iki mərkəzi vardı. Birincisi, Amerika iqtisadiyyatı. Hansı ki, 70 faiz dünya iqtisadiyyatı Amerikanın əlində cəmləşib, bir də Avropa Birliyi. İndi Avropa Birliyi bu qlobal iqtisadi sistemdən çıxsa, yəni Avropa ölkələri bir-bir bu qurumu tərk etsə, Amerika qlobal iqtisadiyyatın təmsilçisi kimi tək qalacaq. Bu isə indi qlobal iqtisadiyyatın bütün böhranının Amerikaya yönləndirilməsinə gətirib çıxaracaq və Amerikanı məhv etməyə, çökdürməyə başlayacaq. Amerika ya imtina etməlidir, yəni dollarını yığışdırmalıdır, iqtisadiyyatını milli iqtisadiyyat reformasına oturtmalıdır. Bu da Amerikaya milyardlar yox, trilyonlar ziyan verəcək. Amerika davam edəcəyi təqdirsə isə, iqtisadiyyatı çökəcək, Avropa Birliyini nə gözləyirsə, bu dəfə Amerikanı gözləyəcək. İndi İngiltərənin xilas olması bir tərəfdən eyni xalq olması səbəbindən Amerikaya xeyirdir, amma Avropa Birliyi dağılandan sonra Amerika qlobal iqtisadi böhranın hədəfi olacaq.
 
- Avropa Birliyi paraçalanma ilə üz-üzə qaldığı bir dönəmdə İsrail bütün şərtlər qarşılığında Türkiyəyə müttəfiqlik təklif etdi. Bütün bunlar təsadüfdür, yoxsa...?
 
- Burda heç bir təsadüf yoxdur. Xüsusən dünya siyasətində heç bir təsadüf olmur. Əksinə, çox ciddi zəruri hadisələr baş verir. Qeyd etdiyim kimi, İngiltərənin Avropa Birliyindən çıxması, bütünlükdə bu qurumun gələcəyinin şübhə altına düşməsi qlobal iqtisadi böhranın təsiridir. Bu böhranın siyasi təsirlərindən biri də odur ki, parçalanmalar yeni inteqrasiyaların yaranmasına gətirib çıxaracaq. Nə qədər ki, Avropa Birliyi vardı, əvəzində Yaxın Şərqdə, İsraillə Türkiyə və müsəlmanlar arasında düşmənçilik vardı. İndi Avropa Birliyi parçalanır, bunun əksinə mütləq zərurət olaraq birlik tələb olunur. Bu, bir məntiqdir. Yəni Avropa Birliyi vardı, İsraillə Türkiyə düşməndi, indi Avropa Birliyi yoxdur, İsraillə Türkiyə düşmən deyil.
 
- Maraqlıdır, bu, nə üçün belə idi?
 
- Bu suala cavab vermək üçün bir qədər irəli gedib İsrail dövlətinin yaranmasına baxmaq lazımdır. Əslində, İsrail dövləti İngiltərənin yaxından köməyi, dəstəyi ilə yaradılıb. Bu günə qədər də İsrailin bu bölgədəki siyasətini həll edən dövlətlərdən biri İngiltərədir. Necə? Yəhudilər ki, əvvəlcə yavaş-yavaş Fələstin ərazisində toplaşmağa başladılar, bir müddətdən sonra – birinci dünya müharibəsindən əvvəl Fələstində “Yəhudi Muxtariyyəti” məsələsini qaldırdılar. Belə olan halda yəhudilərə qarşı çoxluq təşkil edən fələstinlilər onları qırmağa başaldı, böyük qırğınlar baş verdi. Buna reaksiya olaraq yəhudilər də çoxluq təşkil etdikləri yerlərdə ərəbləri qırdılar. Bunun dalınca bütün ərəb ölkələrində yəhudilərə qarşı böyük bir kampaniya aparıldı və dünyada nə qədər ərəb ölkəsi vardı, ordakı yəhudiləri çıxardılar. Sonrdan – ikinci dünya müharibəsində Almaniyadan da Fələstinə 4 milyona yaxın yəhudi köçürdülər. Beləliklə, orda İsrail dövləti yaratmaq üçün zəmin yarandı və bu məsələ BMT-yə çıxarıldı. Bu zaman belə qənaətə gəlindi ki, Fələstin ərazisi iki yerə bölünsün, bir tərəfdə İsrail, digər tərəfdə də Fələstin dövləti yaradılsın. Amma BMT-nin bu qərarı icra olunana qədər bu dövlətləri, xalqları bir-birindən kimsə ayrı saxlamalı idi. Buna görə BMT qərar verdi ki, İngiltərə İsrailə qarant dövlət kimi çıxış etsin, yəhudiləri fələstinlilərlə savaşmağa qoymasın. Ərəblər isə səhv etmirəmsə, fransızlar tərfindən nəzarətə götürüldü. 1947-ci ildə BMT-nin çıxardığı bu qərarın icrasına bir gün qalmış İngiltərə hökuməti elan etdi ki, biz qarant dövlət funksiyasını yerinə yetirə bilmirik. Dərhal da İngiltərə kənara çəkildi. Həmin gün yəhudilər hücum edib BMT-də fələstinlilər üçün nəzərdə tutulan Qəzza, Qüds və s. ərazilərin böyük hissəsini tutdular. Halbuki, bu ərazilər BMT-nin qərarı ilə Fələstinə verilməli idi. Amma elə ki, ingilislər qəsdən aradan çıxdılar, yəhudilər dərhal həmin ərazini tutudular. O gündən bu günə qədər, necə ki, Qarabağın arxasında ruslar durur, Yaxın Şərq, Qəzza probleminin arxasında da ingilislər dururdu. Çünki problemi Böyük Britaniya yaratmışdı. Hansı ki, Böyük Britaniya dövlətinin Avropa Birliyi ilə bir yerdə olması qeyri-adi dərəcədə imkanlarını genişləndirirdi. Ona görə İngiltərənin baş naziri Devid Kameron dedi ki, Türkiyə Avropa Birliyinə 3 mininci ildə daxil ola bilər. Yəni baxmayaraq ki, üzdə Almaniya, Fransa və s. ölkələr Türkiyənin Avropa Birliyinə daxil olmasının əleyhinə idi, İngiltərə hökuməti isə bir tərəfdən Türkiyənin Avropa Birliyinə gedən yolunun qarşısında ən ciddi maneə idi, digər tərəfdən də Fələstin problemini öz maraqlarına uyğun saxlayırdı. Çünki bu, İngilətərənin həmin bölgədə siyasi hadisələrə, qonşu dövlətlərə müdaxilə etməsi üçün bir zəmin yaradırdı. İndi İngiltərə Avropa Birliyindən çıxıb, böhrana düşüb. Belə olan halda bu ölkənin aşkar və gizli müdafiə etdiyi bütün dövlətlər qalıb ortalıqda.
“TÜRKİYƏ REGİONDA ƏN BÖYÜK GÜCƏ ÇEVRİLƏCƏK”
- Hesab edirsiniz ki, artıq İsrail bütün şərtlər çərçivəsində Türkiyə ilə anlaşmağa məcburdur?
 
- Bəli, məcburdur. Necə ki, Rusiya zəifləsə Ermənistan bizə yalvaracaq ki, gəlin Qarabağı verim, eynilə İsrail də bu gün bütün şərtləri yerinə yetirir və Türkiyə ilə yaxınlaşır. Artıq İngiltərənin əvvəlki gücü, potensialı yoxdur. Çünki qlobal iqtisadi böhran bu dövlətləri çökdürüb. Bir tək Amerikanın indki halda öz sərhədlərindən kənarda təsir dairəsini saxlamaq imkanları var. Nə İlgiltərənin, nə Fransanın, nə Almaniyanın belə bir təsir imkanı yoxdur. Avropa Birliyinin belə bir təsir imkanı var idi, vahid birlik kimi. İndi o birlik dağıldığına görə, onun demək olar ki, heç bir gücü qalmayıb. Hətta bunun arxasınca NATO-nun dağılma problemi gəlir. Çünki NATO Avropa Birliyinin hərbi blokudur. Avropa Birliyi yox olandan sonra, NATO-nu necə, hansı əsasla saxlayacaqlar və büdcəsini necə formalaşdıracaqlar?! Yəni çox riskli bir dövrə qədəm qoyuruq. NATO parçalanacağı təqdirdə kimin əlində böyük hərbi güc varsa, o başlayacaq dünya siyasətinə, regional dövlətlərə diktə etməyə. Yaxın Şərqdə ən böyük ordu kimin əlindədir? Türkiyənin. Bir milyonluq ordusu var. Əgər Türkiyə NATO-dan çıxacaqsa, bu ölkənin ordusu ən böyük güc olacaq. Bu da İsrailin strateji olaraq Türkiyə ilə təcili, qaça-qaça yaxınlaşmasını, dostluq etməsini tələb edir ki, Türkiyə gələcəkdə müttəfiq kimi İsraillə ərəb ölkələri arasında vasitəçi kimi çıxış etsin.
 
– Amma Türkiyə ilə yanaşı, ortada Rusiya və Çin faktoru da var...
 
- Rusiya və Çin faktoru bu bölgədə önəmli deyil. Əgər biz geopoltikaya baxsaq görərik ki, Çinin və Rusiyanın maraqları başqa bir müstəvidə, Avropada yox, Avrasiyada toqquşur. Çinin Avropa ilə heç bir əlaqəsi yoxdur, Rusiyanın isə qismən əlaqəsi var. Bu baxımdan Avrasiya geopolitikasında Çinlə Rusiya toqquşur. Avropa Birliyi zəifləyəndən, dağılandan sonra Çinlə Rusiya arasında konfliktlər meydana gələcək. Avropda isə əksinə, Avropa dövlətlərinin, xalqlarının maraqları toqquşacaq. Yaxın Şərqdə isə islam ölkələri ilə İsrailin maraqları toqquşacaq. Ona görə, indiki halda Ərdoğa çox uğurlu siyasət apardığı üçün Türkiyə İslam dünyasının aparıcı dövlətinə çevrilib. Bu səbəbdən Türkiyə ilə münasibətləri təcili şəkildə yoluna qoymaqla, İsrail çox düzgün və strateji bir addım atdı. Çünki Avropa Birliyinin dağılması elə bir uçqun yaradacaq ki, kimlər düzgün qərar qəbul etməyəcəklərsə, o uçqunun altında qalacaqlar. O ölkələr ki, strateji müttəfiqlərini dəyişmək baxımından düzgün qərar qəbul etməyəcəklər, məğlub olacaq.
 
- Proseslərin bu cür inkişafı Fələstin pribleminin həllinə gətirib çıxara bilər?
 
- Çox güman ki, o deyilənlər həyata keçiriləcəksə, yəni Amerika və ya başqa dövlətlər bu məsələyə müdaxilə etməyəcəklərsə, bu elə Qəzza probleminin həll olunmasının birinci mərhələsidir. Nə idi Qəzza problemi? Birinci bu idi ki, Qəzza mühasirəyə alınmışdı, ora ərəblərin girməsinə icazə vermirdilər. Demoqrafik prosesi bərpa etmək üçün 6 milyon Fələstin ərəbi ölkədən çıxarılmışdı. Onlar hamısı bu gün Avropadadır. Və Avropadakı indiki böhran həm də ordakı ərəblərin geri qayıtması üçün zəmin hazırlayıb. İsrail onları qəbul etməyə məcburdur. Məsələn, o ərəblərin 2-3 milyonu İngiltərədədir. Onlar qayıdacağı, həmin 6 milyon gələcəyi təqdirdə, İsrail burdakı demoqrafik dəyişilmələrin partlayacağından çox qorxur. Ona görə də təcili Türkiyə ilə əlaqələri yaxşılaşdırmağa çalışır və Fələstin ərəblərinə qarşı da münasibəti dəyişir ki, Türkiyə gələcəkdə İsraillə ərəblər arasında bir qarant dövlət kimi çıxış etsin.
 
- Belə anlaşılır ki, Avropa Birliyinin zəifləməsi Türkiyənin regiondakı təsir dairəsini genişləndirir...
 
- Təbii. İndiki halda Türkiyənin bölgədəki rolu geopolitik nöqteyi-nəzərindən astronomik dərəcədə artmağa başlayıb. Dünənə qədər Türkiyəni Avropa Birliyinə qoymurdular, məyyən şərtlər irəli sürürdülər. Bu gün artıq Avropa Birliyi dağıldı getdi və Türkiyəni PKK ilə danışığa məcbur etmək variantı da aradan çıxdı. Yəni Türkiyə indiyə qədər ki, çoxlu pul xərcləyirdi, dövlət marağına zidd addımlar atılırdı, artıq onların hamısı aradan qalxdı. Bu da, təbii ki, Türkiyəyə PKK ilə “xox” edən dövlətlərin mövqeyinin sürətlə dəyişməsinə gətirib çıxardı və çıxaracaq. Hələ bu proses təzə başlayır. Mənə elə gəlir ki, bu prosesin başa çatması bir neçə il davam edəcək və dünyada çox ciddi təhlükəli proseslər başlayacaq. Həm yeni ittifaqlar meydana gələcək, həm də köhnə ittifaqların əksəriyyəti dağılıb sıradan çıxacaq. Məsələn, çox güman ki, Avropa Birliyinin arxasınca Avropa Şurası da sıradan çıxacaq. Ola bilsin, ATƏT-in özündə çox ciddi dəyişilmələr olacaq. Yəni dünyada yeni bir “perestroyka” gedir. Hansı ki, Avropa Birliyinin çökməsi ilə proseslər Avropa Birliyinin yaratdığı və arxasında gizləndiyi problemlərin çözülməsinə gətirib çıxaracaq. Bura birinci Fələstin, ikinci də Kəşmir problemi aiddir. Tezliklə Hindistanla Pakistan arasında Kəşmir problemi ilə bağlı danışıqlar başlayacaq. Çünki bu iki münaqişənin ikisini də yaradan İngiltərədir. İkisi də 47-ci ildə yaradılıb və ikisinin də arxasında duran İngiltərədir. Eyni zamanda ikisinin də mahiyyəti eynidir. Orda yəhudi ilə müsəlman, burda hindli ilə müsəlman. Yəni məqsəd müsəlman ölkələrinə qarşı yəhudilərdən və hindlilərdən istifadə etməkdir. İndi İngiltərə öz sərhədlərinə çəkiləcəksə və geopolitik təsirini azaldacaqsa, Kəşmir məsələsi aktuallaşacaq. Onda eynilə hindlilər də Kəşmirlə bağlı Pakistanla danışmağa başlayacaq. Əks halda, qısa müddət ərzində Kəşmirdə yeni qanlı hadisələr başlaya bilər.