Türkiyə Qarabağla bağlı diplomatik hücumda - TƏHLİL

Türkiyə Qarabağla bağlı diplomatik hücumda - TƏHLİLAnkara bu probleminin həllini İslam Əməkdaşlıq Təşkilatının formatına daşımaq istəyir
Türkiyə Qarabağ probleminin həlli üçün hərəkətə keçib. Baxmayaraq ki, Türkiyənin Qarabağ məsələsində fəaliyyəti Ermənistan və digər Minsk qrupu həmsədr dövlətləri tərəfindən qısqanclıqla qarşılanır, rəsmi Ankaranın bütün bu etirazları gözardı edərək ciddi diplomatik hücuma keçdiyi hiss olunur. Bu yöndə Türkiyə Qarabağ probleminin həllini İslam Əməkdaşlıq Təşkilatının formatına daşımaq istəyir.
Bu xüsusda Türkiyənin Xİ naziri Mevlud Çavuşoğlu Qarabağ münaqişəsinin BMT qətnamələri çərçivəsində həll edilməsinə çağırıb. Bununla yanaşı, Çavuşoğlu İƏT çərçivəsində Qarabağla bağlı Təmas qrupunun yaradılması təklifi ilə çıxış edib.
Bu yöndə Çavuşoğlu Qarabağ probleminin tezliklə BMT Təhlükəsizlik Şurasının qətnamələri, Azərbaycanın ərazi bütövlüyü, onun suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırıb. O, İƏT-in də bu məsələdə iştirakı və təşəbbüskar olması vacibliyini də vurğulayıb. Çavuşoğlu bununla bağlı konkret təkliflə də çıxış edib: “Bununla bağlı çox vacib addımlardan biri İƏT çərçivəsində Qarabağ məsələsi ilə əlaqədar Təmaq qrupunun yaradılması olardı”.
Çavuşoğlunun bu təklifi ilə bağlı İƏT-in baş katibi İyad Manavi də açıqlama verib. Təşkilatın İstanbuldakı XIII zirvə toplantısının ikinci gününün sonunda mətbuat konfransı keçirən Manavi, “Ermənistan-Azərbaycan probleminin həlli istiqamətində Təmas qrupunun yaradılacağını dediniz. Qrupa daxil olacaq ölkələr məlumdurmu?” sualına Manavi bu şəkildə cavab verib: "Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və Dağlıq Qarabağ məsələsinin ədalətli şəkildə həlli üçün Təmas qrupu yaradılması təklifi bugünkü iclasımızda gündəmə gəlib. Bu, bir tövsiyədir, inşallah, dövlət başçılarının aprelin 14-də keçiriləcək toplantısında qərar da qəbul ediləcək. Təmas Qrupuna neçə ölkənin daxil ediləcəyini indidən deyə bilmərəm. İndiyə qədər yaratdığımız təmas qruplarında 15 ölkə təmsil olunub. Ermənistan-Azərbaycan problemi ilə bağlı yaradılmasını tövsiyyə etdiyimiz qrupda 20 ölkə də ola bilər. Hər şey ayın 14-də dövlət başçılarının qəbul edəcəyi qərardan asılı olacaq”.
Göründüyü kimi, Türkiyənin təşəbbüsü ilə ilk dəfə olaraq beynəlxal səviyyədə ATƏT-in Minsk qrupuna alternativ yaradılır. Doğrudur, fəaliyyət baxımından Təmas qrupu Minsk qrupu həmsədrlərinin işini görə bilməz. Ancaq həmsdrlərin işinə dinamika verə bilər. Ən azından Çavuşoğlunun vurğuladığı kimi Qarabağ probleminin BMT TŞ qətnamələri çərçivəsində həllini BMT və digər beynəlxalq təşkilatlar və dövlətlərdən tələb etməklə. Nəzərə alsaq ki, artıq Qarabağ məsələsinin həlli təkcə Türkiyə səviyyəsində deyil, ən böyük İslam ölkələri səviyyəsində dəstəklənəcək, onda siyasi mənzərə tamamilə dəyişir və qlobal xarakter daşımağa başlayır. Çünki heç bir dövlət, ya da beynəlxalq təşkilat tərkibində 20-yə qədər İslam ölkəsini ehtiva edən bir Təmas qrupunun müraciətlərini, tələblərini gözardı edə bilməz. Xüsusilə də Səudiyyə Ərəbistanı və Türkiyənin təşəbbüsü ilə yaradılan İslam Ordusundan sonra.
Məsələyə bir də bu kontekstdə yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, İslam ölkələrindən ibarət Təmas qrupu məhz Qarabağ cəbhəsində 4 günlük döyüşlərdən dərhal sonra yaradıldı. Və növbəti savaş çıxdığı halda Təmas qrupunda yer alan ölkələrin Azərbaycana müttəfiq olaraq hərbi yardımı qaçılmaz və zəruri olacaq. Türkiyənin Ermənistanın havadarlarına və digər dünya güclərinə vermək istədiyi mesajlardan biri də məhz budur.
Ayrıca əgər Minsk qrupunun həmsədrlər üçlüyü bir xristian birliyi kimi görülürsə və bu yöndə xristian təəssübkeşliyi ortaya qoyulursa, onda Təmas qrupunu da bir İslam birliyi, İslam təəssübkeşliyi kimi alternativ olaraq ortaya qoymaqda bir fayda vardır.
Hələlik Təmas qrupunda hansı ölkələrin yer alacağı tam bəlli olmasa da, çox ehtimal ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və İran kimi güclü İslam ölkələrinin iştirakını görəcəyik. Bu isə həm Türkiyənin, həm də Azərbaycanın Qarabağ probleminin həlli danışıqlarında hərbi-siyasi cəhətdən mövqelərini gücləndirəcək amil hesab oluna bilər.
Hər bir halda Təşəkkürlər Türkiyə, xeyirli, uğurlu olsun.
Natiq Miri