Türkiyə: qanlı gecədə “Ağ ev” izi - sensasion gəlişmə

Günlərdir müzakirə olunan Türkiyə qiyamının təşkilatçısı barədə versiyalar tükənmir. Bəzi ekspertlər hadisəni bir qrup Ərdoğan siyasətindən narazı generalın özfəaliyyət təşəbbüsü kimi qiymətləndirir. Ancaq hərbi çevrilişə cəhdin təşkilində Amerika faktorunu da israrla qeyd edənlər var.
 
Politika.Az-ın analitik şöbəsi hadisələrin gedişatına və qiyama qədərki Ərdoğan siyasətinə nəzər salıb:
 
Xuntanın çevriliş cəhdinə qədər Türkiyənin ən böyük və modern şəhərləri Suriyaya çevrilməkdəydi. İstanbul və Ankaranın mərkəzi ən təhlükəli yerlər sayılırdı.
Bir tərəfdən Suriyadan gələn minlərlə qaçqın şəhər ab-havasını korlayır, cibgirlik, oğurluq, xırda cinayətlər artır, mədəni səviyyə aşağı enir, digər tərəfdən potensial terrorçular Ankara və İstanbul küçələrində azad şəkildə gəzirdi.
 
Sekulyar və elitar təbəqə Ərdoğanın siyasi kursunu sünni təriqətinə adekvat yürütməsinə görə sərt tənqid edirdi. “İslam dövləti” üzvlərinə Suriyaya sərhədləri açan AKP hökuməti silah, qida və s. daşınmasına açıq şərait yaratmışdı.
 
Hökumət rəsmiləri humanitar yardımların İŞİD-ə çatmasını təkzib edir, silah daşınması iddialarını rədd edirdi. Reallıq isə ondan ibarət idi ki, media İŞİD-ə gedən TIR-ların şəkillərini çəkib tirajlayırdı.
 
Bektaşi (şiə təriqətli) olan Suriya prezidenti Bəşər Əsədlə məzhəb davası aparan Ərdoğan ərəb həmkarının devrilməsi üçün vəhhabi terorçulara zəmin yaratmışdı. Amma “sirkə tünd olanda öz qabını çartladır” deyimi Ərdoğanın Suriya siyasətində gerçəyə çevrildi.
 
Çox çəkmədi ki, Ankara və İstanbul kimi böyük şəhərlərdə İŞİD simpatizanları ardıcıl teraktlar törətməyə başladılar. Son olaraq “Atatürk” hava limanındakı terroru üzərinə götürən “islam”çılar bununla mesaj verdi ki, hətta ona qarşı çıxmayan Ərdoğan ölkəsi də müqəddəs deyil və terrorçunun dostu olmur.
 
Suriyada dinc insanların başını kəsməyə Türkiyə ərazisindən maneəsiz keçərək gedənlər terroristlər geri qayıdaraq “böyük qardaş”ı da cəzalandırmağa başladılar.
Politika.az-ın analitik şöbəsi xəbər verir ki, bütün bu baş verənlər, Türkiyədə sabitliyin əldən getməsi, Ərdoğanın təriqətçi idarəçiliyi, müasir təfəkkürdən uzaqlaşması ordu içərisindəki Atatürkçü, dünyəvi və müasir generallar, zabitlərdə hiddət doğurmaya bilməzdi.
 
Ölkədə seçkilərlə AKP iqtidarının yola salınmasının mümkünsüzlüyünü görən ordu generalları nicatı xunta qiyamında görürdü. Və təkcə generallar deyil, NATO ölkəsi olan Türkiyədə cərəyan edən prosesləri yaxından izləyən ABŞ da “dörd gözlə” müşahidə edirdi.
 
“Baş verənlərin arxasında Amerikanın dayandığı barədə fikrim qətidir” - bunu MHP millət vəkili Atilla Kaya da bəyan edib. Müxalifətçi millət vəkili hesab edir ki, Amerikanın tətiklədiyi, arxasında olduğu Fətullahçı qrup Türkiyə daxilində savaşa nail olmaq, qarışıqlıq salmaq və ölkədə hakimiyyəti ələ keçirmək üçün hərəkətə keçmişdi. Amma dövlət çevrilişinə cəhd uğursuzluqla nəticələndi.
 
Türkiyənin NATO-da təsiri var idi. Amma “soyuq savaş”dan sonra, xüsusilə də 90-cı illərdə PKK ilə mübarizə zamanı bu təşkilatın Amerikadakı bəlli qurumlar tərəfindən dəstəklənməsi, PKK-ya lojistik yardımların göstərilməsi faktları ortaya çıxdı.
 
Hətta İraqın işğalı zamanı Amerika hər tərəfi bombaladı, təkcə PKK-nın düşərgələrinin olduğu yerə bomba atmadı. Bütün bunlar da ordu içərisində Amerikaya şübhəli baxışların ortaya çıxmasına səbəb olmuşdu.
 
Ötən zamanlarda hətta Türkiyənin alternativlərə əl atması ilə əlaqədar fikirlər də ortaya çıxmağa başladı. “Ergenokon”, “Balyoz” və s. əməliyyatlar zamanı milli düşüncə sahibi olan və NATO-nun, Amerikanın bu cür yanlışlarına qarşı çıxan hərbçilərin böyük bir qisminin də bu sıraya daxil edildiyini gördük.
 
Rus analitikləri hesab edirlər ki, Ərdoğan NATO ilə münasibətlərini artıq tamamilə korladı və çevriliş cəhdini Vaşinqtona bağışlamayacaq. Düzdür, Ərdoğan Türkiyədə baş verən son hadisələrə görə birbaşa Vaşinqtonu ittiham edə bilmədi.
 
Proseslərin başında “Pensinvaliyalı zat”ın durduğunu və “niyə onu biz təslim etmirsiniz” mesajını verməklə kifayətləndi. İstənilən halda, görünən budur ki, Ərdoğan Qərblə münasibətləri korlamaq üzrədir.
 
Lakin heç bir halda, Ərdoğan NATO-dan imtina edə bilməz. Bu imtinaya ən kiçik cəhd Ərdoğan hakimiyyətinin sonunu gətirərdi. Vaşinqton İncirlik bazasının bağlanmasını və ya Ankaranın Avroatlantik alyansdan uzaqlaşmasını Ərdoğana güzəştə gedə bilməz. Ərdoğan belə qərar versə, özü barədə “edam hokum” imzalamış olacaq.