​Türkiyə ordusu ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinə qarşı: döyüş başlayır...

Baxış sayı: 
177
0  
0  

 
Türkiyə Suriyada yeni hərbi əməliyyatlara başlamağa hazırlaşır və prezident Ərdoğanın az qala hər gün çıxışlarında yüksək səslə bəyan etdiyi kimi türk ordusu “hər an qəfildən” hücuma keçə bilər.
 
Belə görünür ki, Türkiyə rəhbərliyi Suriyada PKK-nın uzantısı hesab edilən kürd silahlı birləşmələri YPG-yə qarşı hərbi əməliyyatlara başlamaq barədə siyasi qərar verib və indi hücumun başlaması gün məsələsidir.
 
Türkiyə Suriyanın şimalında yerləşən Afrin bölgəsinin YPG qüvvələrinin nəzarətində olmasını istəmir. Çünki bu bölgə Türkiyənin Hatay və Kilis bölgələri ilə sərhəddir. Başqa sözlə, Türkiyə öz sərhədlərində YPG qüvvələrinin mövcudluğunu qəbul etmir. Digər tərəfdən Suriyada hərbi iştirakını gücləndirərək bu ölkənin taleyinə dair gələcək siyasi danışıqlarda söz sahibi olmağa çalışır.
 
 
 
Çünki Türkiyənin Suriyaya dair maksimum hədəflərinə, yəni Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılaraq Dəməşqdə ələvilərin rejiminə son qoymağa, yerində sünni rejimi qurmağa nail olmaq mümkün olmayıb. Rusiyanın və İranın dəstəyi ilə Bəşər Əsəd hakimiyyətdə qalıb, üstəlik İŞİD üzərində qələbədən sonra Suriya ordusu Rusiya Hava-Kosmik Qüvvələrinin dəstəyi ilə ölkənin şimalını-Türkiyənin maraq zonası sayılan İdlibi  də müxalif silahlı birləşmələrdən geri almaq üçün şiddətli hücum əməliyyatları keçirir.
 
Həmin bölgədə isə həm Türkiyənin dəstəklədiyi “Azad Suriya Ordusu” və digər silahlı birləşmələr, o cümlədən ABŞ-ın müttəfiqləri YPG və PYD kürd birləşmələri mövqe tutub. Bundan əvvəl Türkiyə ordusu “Fərat qalxanı” əməliyyatı ilə İŞİD-i öz sərhədlərindən uzaqlaşdıra bilmişdi, lakin məsələ kürdlərin nəzarətində olan bölgələrə gələndə hərbi əməliyyatlar dayandırıldı. Çünki bu, birbaşa ABŞ-la toqquşma demək olardı və Vaşinqton Suriyada İŞİD-ə qarşı döyüşən əsas müxalif qüvvə kimi dəstəklədiyi YPG-PYD birləşmələrinin Türkiyə ordusu ilə birbaşa döyüşə girməsinə yol verə bilməzdi.
 
 
 
Nəticədə Türkiyə ordusu kürdlərin nəzarətində olan Menbiçə çatanda dayandı. Türkiyənin bütün hədələrinə baxmayaraq kürd qüvvələri Menbiçi tərk edib Fərat çayının şərq sahilinə çəkilmədi. Və ABŞ da kürdlərin Menbiçi tərk etməsi üçün təzyiq göstərmədi. Beləliklə də Suriyanın şimalında yerləşən Menbiç və Afrin bölgələri kürdlərin nəzarətində qaldı. “Fərat qalxanı” əməliyyatının başa çatmasından sonra ABŞ kürd qüvvələrinə minlərlə TIR dolu silahlar verdi və beləliklə də Türkiyənin terrorçu hesab etdiyi kürd birləşmələrinin döyüş qabiliyyəti daha da gücləndi. Hansı ki, kürdlərin əsasını təşkil etdiyi “Suriya Demokratik Qüvvələri” İŞİD-i sıxışdırıb “xilafətin paytaxtı” Rakkadan çıxardı və orada kürd bayraqları qaldırıldı.
 
Lakin Türkiyə Suriya hərbi əməliyyatlar teatrında kürdlərin ABŞ-ın dəstəyi ilə öz mövqelərini gücləndirməsi ilə barışmaq istəmir. Ərdoğan dəfələrlə ABŞ-ə Suriyada “terrorçuları dəstəkləməkdə və Türkiyə ilə müttəfiqlik öhdəliklərini pozmaqda”, “xəyanətdə” və digər bu kimi əməllərdə ittiham edib. Və indi Ərdoğan bəyan edib ki, Afrinə hücum edəcək və oranı terrorçulardan təmizləyəcək.
 
 
 
Türkiyə mediasında yer alan xəbərlərə görə neçə gündür ki, türk ordusu Suriya ilə sərhədə zirehli texnika və əsgər cəmləşdirir. Gözlənilir ki, bu dəfə də Suriyaya müdaxilə “Azad Suriya Ordusu” dəstələrinin iştirakı ilə həyata keçiriləcək. Və “Azad Suriya Ordusu” dəstələri “Fərat qalxanı” əməliyyatında olduğu kimi bu dəfə də öndə gedəcək, Türkiyə ordusu isə onlara qurudan tanklarla və artilleriya ilə, havadan qırıcılarla dəstək verəcək.
 
Hərbi əməliyyatın ssenarisi də mətbuatda müzakirə olunur. Bu məlumatlara görə Türkiyə aviasiyası və artilleriyası əvvəlcə Afrinə güclü zərbələr endirəcək, ardınca qurudan müdaxilə başlayacaq. Əməliyyatda Türkiyənin İdlib bölgəsində yerləşdirilmiş kontingenti də dəstək verməlidir. Əməliyyatın gedişində Afrin yaxınlığındakı Minnak aerodromunu da tutmaq planlaşdırılır. Hava zərbələri və artilleriya ilə vurulacaq hədəflərin müəyyənləşdirildiyi də bildirilir. Çünki Türkiyə 2017-ci ildə 3 dəfə Afrin əməliyyatını planlaşdırıb, ancaq görünür diplomatik və siyasi şərtlərin uyğun olmaması səbəbindən qərar verilməyib.
 
Hazırda sərhədə hərbi texnika və əsgər cəmləşdirilməsi davam edir. Türkiyə ordusunun Afrin istiqamətində sərhədə yaxın yerləşdirilmiş artilleriya bölmələrinin “Fırtına” özüyeriyən qaubitsalarının lülələri Suriyaya tərəf döndərilib.
 
 
 
Afrin Suriyanın şimalındakı digər kürd ərazilərindən təcrid olunmuş vəziyyətdədir və hərbi dəstəyi ABŞ-dan ancaq hava yolu ilə ala bilir.  Bu baxımdan Türkiyə ordusunun hücumu zamanı digər bölgələrdən kürd qüvvələrinin Afrinə köməyə göndərilməsi çətin olacaq. YPG qüvvələri Türkiyə ordusunun uğurlu hücum əməiliyyatı qarşısında ancaq Suriya ordusunun və İran İnqilab Keşikçiləri Korpusunun nəzarətində olan, Rusiyanın maraq zonası sayılan Hələb bölgəsinə doğru geri çəkilə bilər.
 
Lakin bu, Afrinin kürdlərdən təmizlənməsi və “Azad Suriya Ordusu”nun nəzarətinə verilməsi əməliyyatının asan keçəcəyi mənasını vermir. Müxtəlif mənbələrə görə Afrində yaxşı silahlanmış və döyüş qabiliyyətli on minlərlə kürd döyüşçüsü var. Kütləvi səfərbərlik nəticəsində Afrində 30 minə qədər kürd döyüşçüsünün Türkiyə ordusuna qarşı dayanacağı təxmin edilir.
 
Üstəlik indi üzə çıxıb ki, ABŞ gizlicə olaraq Afrindəki YPG qüvvələrinə daşınan zenit raket kompleksi “Stinger”lər verib. Bu da Türkiyə aviasiyasının işini xeyli çətinləşdirəcək. Nəticədə Türkiyə ordusunun Afrinə hücumu ciddi itkilərlə müşaiyət oluna bilər. “Fərat qalxanı” əməliyyatı zamanı Türkiyə ordusunun onlarla tank və zirehli maşın, əsgər itirdiyi məlumdur. Bu itkilərin əvəzində Suriyanın şimalında cəmi 2 min kvadrat kilometr ərazi Türkiyəyə bağlı qüvvələrin nəzarətinə keçmişdi.
 
 
 
ABŞ və Rusiyanın Türkiyənin gözlənilən Afrin əməliyyatına necə reaksiya verəcəyi də məlum deyil. Yuxarıda deyildiyi kimi ABŞ üçün YPG Suriyada əsas müttəfiqdir və kürd birləşmələrinin Türkiyə ordusu tərəfindən əzilməsi Vaşinqtonun maraqlarına qətiyyən uyğun deyil. Rusiyaya gəldikdə isə o, Türkiyənin Suriyanın şimalına müdaxilə edib ABŞ-ın dəstəklədiyi qüvvələrlə döyüşməsinə ilk baxışdan qarışmaq istəmir. Çünki bu, Rusiyanın maraqlarına uyğun görünür.
 
Lakin kürd kartından regionda ABŞ kimi Rusiya da istifadə edir. Yəni kürdlər ABŞ-la yanaşı Rusiyanın da müttəfiqləridir. Təsadüfi deyil ki, Suriyada siyasi nizamlamaya dair Moskvanın təşkil etdiyi danışıqlara kürd nümayəndələri də dəvət olunub və bu da Ankaranın etirazı ilə müşaiyət olunur. Türkiyə və Rusiya arasında münasibətlər hazırda nə qədər isti görünsə də Suriya məsələsində maraqlar diametral fərqli olaraq qalır. Digər tərəfdən Rusiya istəməzdi ki, Suriyanın şimalında Ağ dənizə çıxışı olan strateji Afrin bölgəsi Əsədə qarşı döyüşən “Azad Suriya Ordusu”nun nəzarətinə keçsin. Bu baxımdan Rusiyanın Afrin ətrafında cərəyan edəcək proseslərdə necə hərəkət edəcəyi məlum deyil. (Virtualaz.org)

Загрузка...
Загрузка...