​ “Türkiyə nüvə silahına sahib olmağa çalışacaq...” – Moskvadan qorxunc SSENARİNİN PROQNOZU

 
“Yaxın Şərqdə silahlanma yarışı başlayacağı halda, Türkiyə də bu yarışa daxil olacaq”.
Turaninfo.org “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu İranın nüvə razılaşmasından çıxma ehtimalını qiymətləndirən Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov deyib.
 
 
İran prezidenti Həsən Ruhani bildirib ki, ABŞ sanksiyaları genişləndirməkdə davam edərsə, İran sayılı saatlarda nüvə proqramı üzrə razılaşmadan çıxa bilər.
“Sanksiyalar üzrə uğursuz təcrübə ABŞ-ın əvvəlki administrasiyasını danışıqlar stolu arxasına gətirib çıxardı. Onlar bu təcrübəyə qayıtmaq istəyirlərsə, şübhəsiz ki, biz qısa vaxtda, həftələr və ya aylar deyil, yaxın günlər və saatlarda əvvəlki vəziyyətimizə qayıdacağıq”, - İran prezidenti bildirib.
İran lideri həmçinin ABŞ prezidenti Donald Trampı “pis partnyor” adlandırıb.
 
Puşkov hesab edir ki, İran prezidentinin bəyanatı ciddi qəbul etmək lazımdır. Onun sözlərinə görə, bu, Yaxın Şərqdə silahlanma yarışını yeni sürət qazandıracaq.
“Rusiya, Şimali Koreya, İran və bəzi ölkələr ABŞ-ı əməkdaşlıq etməsi mümkün olmayan bir ölkə olaraq görür. ABŞ-ın xarici siyasətdə hərbi təzyiqi təməl variant olaraq görməsi və bəzi ölkələrin buna boyun əyməməsi yeni böhranların yaranmasına səbəb olur. Əgər İran razılaşmadan çəkilsə, yeni bir böhranla qarşı-qarşıya qalacağıq”, - rusiyalı senator qeyd edib.
Puşkovun fikrincə, İranın nüvə razılaşmasından çıxması bəzi ölkələri nüvə silahına sahib olmağa yönəldəcək.
“Səudiyyə Ərəbistanı və İran arasında gərginlik o qədər yüksəkdir ki, İran nüvə silahına sahib olsa, Ər-Riyad da bu istiqamətdə addım ata bilər. Türkiyə də bölgənin əhəmiyyətli ölkələrindən biridir. Ankara hazırda bu mövzunu gündəmə gətirmir, ancaq Yaxın Şərqdə silahlanma yarışı başlayarsa, Türkiyənin prosesə tamaşaçı kimi baxacağına inanmıram”, - Puşkov yekunlaşdırıb.
Ömər Dağlı

Загрузка...
Загрузка...