"Türkiyə NATO-dan uzaqlaşsa, çox qısa zamanda Rusiyanın toruna düşəcək" — Hərbi ekspert

 
Türkiyə NATO-dan çıxacağını, NATO rəhbərliyi isə Türkiyəni dəstəklədiklərini bildirir
 
Türkiyə və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "NATO Ankara ilə Moskvanın münasibətləri yaxşılaşdığına görə yox, öz səhvlərinə görə Türkiyəni itirəcək", deyib.
 
Bir neçə gün öncə isə NATO rəhbərliyi Türkiyəni dəyərli müttəfiq kimi qiymətləndiriərək ölkənin alyansdan ayrılması məsələsinin gündəmdə olmadığını, Ankaraın hər zaman təşkilatın dəstəyinə güvənə biləcəyini bildirib.
 
15 iyul hadisələrindən sonra bir çox ekspertlər Türkiyənin yönünü Qərbdən Şərqə tutacağını bildirdi. Türkiyə hakimiyyətinin son açıqlamaları isə bunun təsdiqi kimidir.
 
Türkiyə-NATO münasibətləri barədə hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a verdiyi açıqlamasında danışıb:
 
"Rusiya artıq öz məqsədinə nail olur. 15 iyul hadisələri ilə bağlı Rusiya NATO-nu ittiham edir ki, alyans Türkiyəyə kömək etmədi. Bu Türkiyənin siyasi və hərbi rəhbərliyinə sirayət edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dilindən NATO Türkiyəni itirəcək kimi ifadənin işlədilməsi çox üzücüdür. Türkiyə NATO-dan uzaqlaşacaqsa, çox qısa zamanda Rusiyanın qurduğu tora düşəcək və bundan baş aça bilməyəcək.
 
15 iyul hadisələri iə bağlı Türkiyədə bir çox şeylərə dəqiq hüquqi qiymət verilmədiyi halda bu cür fikirlər səsləndirilir. Türkiyə NATO-dan uzaqlaşacaqsa itirən Türkiyə olacaq. NATO-da Türkiyənin öz yeri, nüfuzu var.
 
Türkiyə hökuməti hesab edir ki, 15 iyul günü Putin zəng edib dəstək verməklə hər şey bitib. Bu yanlış yanaşmadır. Türkiyənin NATO-dan uzaqlaşması Türkiyə üçün çox ağır fəsadlar törədəcək. Türkiyəni başa düşmək olar. Hələ ki, NATO ilə Türkiyə arasında xırda inciklik var.
 
Rusiya 15 iyulda NATO-nun Türkiyəni dəstəkləmədiyi barədə fikirlər səsləndirir. Türkiyə isə nədənsə NATO-ya yox, Rusiyaya inanır. Türkiyə niyə unudur ki, 24 noyabrda Rusiya hərbi təyyarəsini vuranda NATO olmasa Rusiya Türkiyəyə hücum edəcəkdi. Bu zaman isə Türkiyə üçün xoş olmayan vəziyyət alınacaqdı. Türkiyənin siyasi və hərbi rəhbərliyi son dərəcə diqqətli olmalıdırlar. Son zamanlar Türkiyə rəhbərliyinin açıqlamaları çox təhlükəlidir".