Türkiyə-İsrail barışığında final mərhələsi başlayıb

İki dövlət arasında münasibətlər düzəlməyə çox yaxındır; Şahin Cəfərli: “Barışıq Azərbaycanın mənafeyinə tam uyğundur...”
Ötən ilin sonlarından və bu ilin əvvəllərindən başlayaraq, Türkiyə ilə İsrail arasındakı münasibətlərdə yaxınlaşma müşahidə olunur. Gedən proseslər onu göstərir ki, hər iki dövlət son illərdəki gərgin münasibətlərin düzəlməsində maraqlıdır. Ekspertlərə görə, Türkiyə-İsrail yaxınlaşması Azərbaycan üçün də müsbət nəticələr vəd edir.
Politoloq Şahin Cəfərli Türkiyə-İsrail münasibətlərinin düzəlmə mərhələsində hər iki dövlətin finala yaxınlaşdıqlarını düşünür: “Türkiyə ilə İsrail arasında siyasi əlaqələrin bərpasına dair bir müddətdir aparılan qapalı danışıqlar final mərhələsinə yaxınlaşır. 2010-cu il mayın 31-də baş vermiş qanlı ”Mavi Marmara" hadisəsindən sonra İsrail dövləti ilə münasibətləri normallaşdırmaq üçün Türkiyənin 3 əsas şərti var idi: İsrailin üzr istəməsi; İsrail əsgərlərinin əməliyyatı zamanı gəmidə ölən Türkiyə vətəndaşlarının ailələrinə təzminat ödənməsi; Qəzzanın blokadasına son qoyulması. İsrail birinci şərti 2013-cü il martın 23-də yerinə yetirərək üzr istəyib. İki ölkə arasında münasibətlərin bərpasına dair gizli dialoq da məhz bu üzrdən sonra başlayıb və digər 2 şərtlə bağlı anlaşmanın yolları müzakirəyə çıxarılıb. Artıq təzminat məsələsində də razılıq əldə olunub. Bu həftə Londonda keçirilən görüşdə ən problematik şərt olan blokadaya son qoyulması məsələsində də irəliləyişə nail olunduğu və tərəflərin anlaşma imzalamağa yaxınlaşdığı xəbər verilir".
Politoloq hər iki dövlətin yaxınlaşmasının ciddi proses olduğunu da qeyd etdi: “Türkiyə-İsrail yaxınlaşması təkcə bu iki ölkəni maraqlandıran regional xarakterli məsələ deyil, həm də qlobal geosiyasətə təsirləri olacaq çox vacib bir prosesdir. Hazırda Türkiyə-İsrail yaxınlaşmasını diktə edən çox önəmli faktorlar var. Hər iki ölkə ilk növbədə İranın regionda artan fəallığından narahatdır və bu məsələdə maraqları üst-üstə düşür. Suriya məsələsində də ortaq hədəflər var, hər iki dövlət Əsəd rejiminin siyasi səhnədən uzaqlaşdırılmasına tərəfdardır. Əslində siyasi soyuqluğa baxmayaraq, son illər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artıb və siyasi problemlər qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa mənfi təsir göstərməyib. Tərəflərin siyasi problemləri aradan qaldırmağa qərar verdiyi bir vaxtda iqtisadi əlaqələrin daha da inkişafı üçün yeni imkanlar ortaya çıxıb. İsraildə çox zəngin təbii qaz yataqları aşkarlanıb və bu ehtiyatların yaxın gələcəkdə dünya bazarına çıxarılması məsələsi gündəlikdədir. Əsas ixrac marşrutu kimi Aralıq dənizinin şərqindən Türkiyəyə uzanacaq boru kəmərinin tikintisi ideyası nəzərdən keçirilir. Belə bir marşrutun reallaşmasında həm İsrail, həm Türkiyə, həm də Qərb maraqlıdır. Türkiyə Rusiya ilə münasibətlərin pisləşməsindən sonra bu ölkədən enerji asılılığını azaltmaq və mənbələri müxtəlifləşdirmək xətti seçib. İsrail mənbələrdən biri kimi Türkiyə üçün çox önəmlidir. Yeni boru kəməri bir tərəfdən Türkiyənin təbii qaza olan tələbatının müəyyən hissəsini ödəyəcək, bu isə ”Qazprom"la mövcud müqavilələr başa çatdıqdan sonra Ankaranı rusiyalı inhisarçıya möhtac olmaqdan xilas edəcək, digər tərəfdən isə Türkiyənin tranzit ölkə kimi əhəmiyyətini daha da artıraraq onu enerji “xab”ına çevirəcək. Avropa Birliyi də Rusiyadan enerji asılılığına son qoymaq, “Qazprom”un inhisarçı mövqeyini aradan qaldırmaq siyasəti yeridir və bu məsələdə ABŞ-ın dəstəyini alır. Təsadüfi deyil ki, bugünlərdə ABŞ-ın enerji naziri Ernesto Monis İsrailin Aralıq dənizi şelfindəki qaz yataqlarının istismarının Avropa Birliyinin Rusiyadan enerji asılılığına son qoyulmasında mühüm rol oynaya biləcəyini və bu baxımdan strateji əhəmiyyət daşıdığını vurğulayıb. İsraildən Türkiyəyə çəkiləcək qaz kəmərinin artıq inşa olunan TANAP-TAP sisteminə qoşulması nəzərdə tutulur ki, bu məsələ Azərbaycanın da marağındadır. Bu səbəblə, İsrail-Türkiyə qaz xətti həm də geosiyasi proseslərə təsir göstərəcək mühüm layihə olacaq".
Ş.Cəfərli Türkiyə-İsrail barışığının ölkəmizin mənafeyinə uyğun olduğunu söylədi: “İsrail-Türkiyə barışığı Azərbaycanın mənafeyinə tam uyğundur. Azərbaycan hələlik İsraildə səfirlik açmasa da, iki ölkə arasındakı yaxın əməkdaşlıq hamıya məlumdur. Türkiyə ilə İsrail arasındakı problemlər istər-istəməz Azərbaycan-İsrail münasibətlərinin atmosferinə də müəyyən kölgə salırdı və bizim üçün arzuolunmaz durum idi. Erməni tərəfi isə bu vəziyyətdən məmnun idi və təsadüfi deyil ki, ötən illərdə uydurma ”erməni soyqırımı"nı İsrail parlamentində tanıtmaq üçün ciddi cəhdlər göstərilib. Bu cəhdlər İsraildəki Azərbaycan lobbisinin də köməyi ilə dəf edilib".
Müsahibimiz Rusiya-Türkiyə münasibətlərinin heç vaxt əvvəlki səviyyədə olmayacağını bildirdi: “Türkiyə ilə Rusiya arasındakı problemlərə gəldikdə isə şübhə yoxdur ki, vəziyyət bu cür davam etməyəcək və əlaqələr nə vaxtsa bərpa olunacaq. Lakin düşünürəm ki, Türkiyə ilə Rusiyanın münasibətləri heç vaxt əvvəlki kimi çox yüksək səviyyədə olmayacaq və təyyarə hadisəsi uzun müddət öz təsirini saxlayacaq. Türkiyə ilə Rusiya arasındakı münasibətlərin normallaşmasının Azərbaycana mümkün təsirləri haqda onu deyə bilərəm ki, mən bu iki dövlətin əlaqələri sürətlə inkişaf etdiyi dövrdə Azərbaycanın bundan hansısa fayda götürdüyünə inanmıram. Hətta əksinə, nə qədər paradoksal görünsə də, hesab edirəm ki, Rusiya-Türkiyə münasibətlərinin soyuması Ankaranın Cənubi Qafqazda, o cümlədən Azərbaycanla ikitərəfli münasibətlərdə daha fəal siyasət yeritməsinə səbəb olub. Əvvəllər Ərdoğan-Putin dostluğu səbəbilə Türkiyə Rusiyanın regional maraqlarına zidd olan siyasət yeritməyə həvəsli görünmürdü, Ankara bu səbəblə Krımın işğal və ilhaqına da sərt reaksiya göstərmədi, halbuki bu hadisə açıq-aşkar Türkiyənin mənafelərinə zidd idi. Hazırda Türkiyə Ərdoğan-Putin dostluğu dövründə buraxdığı səhvləri düzəltməyə çalışır və strateji ağılla hərəkət edir. Ukrayna ilə yaxınlaşma siyasəti də bu yeni kursun tərkib hissəsidir. Türkiyənin bölgəmizdə və postsovet məkanında fəallaşması Azərbaycanın maraqlarına cavab verən bir prosesdir”.(musavat.com)