​"Türkiyə bu layihələrlə Avropaya təsir edəcək" — İqtisadçı ekspert

 
Türkiyə Böyük Millət Məclisi "Türk axını" layihəsini təsdiqləyib.
 
Uzun müddətdir ki, Rusiya və Türkiyə "Türk axnı" layihəsini həyata keçirmək üzərində işləyir. İki dövlət arasında münasibətlər məlum təyyarə söhbətindən sonra pisləşmişdi və bu layihə də təxirə düşmüşdü. Ancaq son zamanlar iki dövlət arasında münasibətlərin normallaşması fonunda layihə yenidən gündəmə gətirildi.
 
Türkiyənin "Türk axını" layihəsindən başqa Azərbaycanla birgə TANAP layihəsi də var. "Türk axnı" layihəsinin təsdiq edilməsi TANAP-ın gələcəyini sual altına qoya bilərmi?
 
"Türk axını" və TANAP layihələri barədə iqtisadçı ekspert Vüqar Bayramov Ölkə.Az-a danışıb:
 
""Türk axını" qaz kəməri Türkiyə və Rusiya üçün vacib layihələrdən hesab olunur. Türkiyə bununla həm tranzit ölkə kimi əhəmiyyətini artıracaq, həm də müqaviləyə əsasən mavi qazın Rusiya tərəfindən Türkiyəyə nəql edilməsinə nail olacaq. Təbii ki, "Türk axını" layihəsinin reallaşması rəsmi Ankaranın maraq dairəsindədir.
 
"Türk axını" layihəsi təsdiq edilsə də onun maliyyələşdirilməsi məsələsi sual altındadır. Dünya bazarında neft qiymətlərinin artmayacağı fonunda "Türk axını"nın maliyyəlləşdirilməsi yenə də gündəm mövzusu olacaq. Çünki layihəni reallaşdırmaq üçün kifayət qədər ciddi məbləğ tələb edilir. Həm Rusiyanın, həm də Türkiyənin maliyyə imkanları zəifdir. Bu baxımdan "Türk axını" layihəsinin təsdiqi sonradan maliyyə vəsaitlərinin axtarılması kimi məsələni ortaya çıxardı. Tərəflər bu vəsaiti tapa biləcəkmi? Əsas düşündürücü sual budur. Rusiya ona qarşı tətbiq edilən sanksiyalar fonunda bu vəsaiti əldə edə biləcəkmi? Buna rəğmən belə bir addımın atılması nəticə etibarı ilə ondan xəbər verir ki, hələlik tərəflər "Türk axını" qaz kəməri layihəsinin reallaşmasında maraqlıdırlar. Tərəflər çalışır ki, "Türk axını"nın reallaşması həyata keçirilsin.
 
İlkin qiymətləndirmələrə görə "Türk axını" layihəsinin xərci təxminən 13 milyard dollara yaxındır. Güman olunur ki, bu xərclər arta da bilər. Qiymət artımlarını nəzərə alsaq belə güman olunur ki, 15 milyard dollara yaxın vəsait lazım olacaq".
 
Vəsait əldə edildikdən sonra reallaşan "Türk axını" layihəsinin Azərbaycanın TANAP layihəsinə hansı formada təsir edəcəyi barədə suala cavab olaraq iqtisadçı ekspert bildirdi ki, Türkiyə TANAP-ın da həyata keçirilməsində maraqlı olacaq:
 
"Türkiyə mavi qaz idxalını şaxələndirmək istədiyi üçün TANAP layihəsinin reallığa çevrilməsində maraqlıdır. Rəsmi Ankara çalışır ki, mavi qazı bir ölkədən- Rusiyadan deyil, digər ölkələrdən də alsın. TANAP vasitəsi ilə Türkiyəyə verilən mavi qazın həcmi illik olaraq 6.6 milyard kub metr artırılacaq. Bu da Türkiyənin mavi qaza olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayacaq. TANAP və TAP vasitəsilə təbii qazın Avropa bazarına çıxarılacağı planlaşdırılır. Türkiyə nəzərdə tutulan mavi qaz kəmərlərinə ev sahibliyi edəcəyi təqdirdə strateji mövqeyini möhkəmləndirməyə və Avropaya müəyyən mənada enerji siyasətində təsir etməyə çalışacaq.
 
TANAP layihəsi ilə də bağlı maliyyə problemi var. TANAP-da xərcli layihədir. TANAP-ın da necə maliyyələşdirilməsi məsələsi öz həllini tapmayıb. İlkin qiymətləndirmələrə görə, TANAP-ın xərci 10-11 milyard dollar civarındadır. TANAP heç də ucuz layihə deyil. Qaza olan təlabat baxımından TANAP arxa plana keçməyəcək.
 
"Türk axını" layihəsinin təsdiq edilməsi Azərbaycan mavi qazının bir yox, bir neçə kəmər vasitəsi ilə bazara çıxarılmalı olduğunu göstərir".

Загрузка...
Загрузка...