"Türkiyə Azərbaycana görə bizi şantaj edir" - Sarkisyan sərhədlərin bağlanmasından danışdı

 “Bəzi qonşularımız bu gün də bizə qarşı iqtisadi şantajdan imtina etməyiblər”
Turaninfo.az Avropa.info-ya istinadən  xəbər verir ki, bu açıqlamanı Ermənistan prezidenti Serj Sarkisyan Harvard universitetinin  Kennedi adına idarəetmə kollecində çıxış edərkən verib.
Sarkisyan deyib ki, Ermənistan-Türkiyə sərhədi Avropada sonuncu qapalı sərhəddir.
“NATO və AB-nin gömrük sisteminin üzvü olan Türkiyə Ermənistanla sərhədi bağlı tutaraq eyni zamanda bu qurumlarla effektli əməkdaşlıq edir” – Sarkisyan belə deyib.
Onun sözlərinə görə, sirr deyil ki, iqtisadiyyat beynəlxalq münasibətlərin inkişafında vacib rol oynayır. Bəzən siyasi gündəmi diktə edir.
“Buna baxmayaraq, iqtisadi diplomatiya siyasi şantaj silahı ola bilməz. Bu inkişaf, əməkdaşlıq, inteqrasiya silahıdır. Xüsusilə, münaqişə bölgələrində iqtisadi əməkdaşlıq sülhə qısa yol açan qarşılıqlı etibar vasitəsidir. Avropa tarixi buna ən yaxşı nümunədir” – Ermənistan prezidenti belə deyib.
Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədi 1993-cü ilin aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun işğal olunmasından bağlayıb.