Türkiyə-Amerika münasibətlərində şok gəlişmə

ABŞ-ın 15 iyul hərbi çevriliş cəhdində əli olmadığı bəyan edildi; politoloq: “İki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə yanaşı, İŞİD-in paytaxtı olan Rakka üzərinə hücum əməliyyatının birgə aparılması haqqında razılaşma əldə edilib”
Türkiyə liderləri Birləşmiş Ştatların Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdində əli olmadığını düşünür. Bunu sentyabrın 6-da ölkənin baş nazirinin müavini Numan Kurtulmuş deyib.
 
“The New York Times” qəzeti yazıb ki, bu açıqlama Türkiyədə ABŞ-ın həmin çevriliş cəhdinə bağlılığına dair bu ölkədə müxtəlif nəzəriyyələrin yayıldığı bir məqamda verilib.
N.Kurtulmuş Türkiyə xalqının bir gözləntisini də dilə gətirib-ABŞ Fətullah Güləni Türkiyəyə ekstradisiya etsin: “Bilirik ki, bu, vaxt aparacaq. Bu, siyasətçilərin deyil, ədliyyə sisteminin işidir”.
 
Baş nazirin müavininin sözlərinə görə, Türkiyə ədliyyə rəsmiləri ABŞ-dakı həmkarlarına 80 qutu fayl göndəriblər, həmin fayllarda Gülənin çevriliş cəhdinə bağlılığını göstərən informasiya var. Buna görə də Gülən Türkiyəyə ekstradisiya olunub mühakimə edilməlidir: “Bu, zaman deyil, niyyət məsələsidir. Amerikalı müttəfiqlərimizin Türkiyə demokratiyasını dəstəkləmək yönündə aydın niyyətini görmək istərdik”.
 
Məqalədə vurğulanır ki, çevriliş cəhdindən dərhal sonra Türkiyə liderlərinin nümayiş etdirdiyi qəzəblə müqayisədə N.Kurtulmuş xeyli mülayim danışıb. Ölkənin bəzi rəsmiləri Birləşmiş Ştatların həmin cəhdin arxasında durmasına inandığını dilə gətirib. Obama administrasiyası isə bunu qətiyyətlə təkzib edib.
 
N.Kurtulmuş bu iddialarla bağlı deyib: “Rəsmi mövqeyimiz aydındır. ABŞ rəsmilərinin dövlət çevrilişi cəhdini dəstəkləməsinə heç bir sübut yoxdur. Belə bir şey olsaydı, bizi öncədən xəbərdar edərdilər”. Onun sözlərinə görə, çevrilişçilər özlərini o qədər məharətlə gizlədiblər ki, çox güman, öz aralarında gizli şəbəkələri olub.
 
ABŞ qəzeti qeyd edir ki, son vaxtlar Amerika Türkiyə ilə əlaqələri nizamlamağa çalışır. Ötən bazar günü prezident Barak Obama Çində G-20 sammiti çərçivəsində türkiyəli həmkarı Ərdoğanla görüşüb. Obama dəhşətli çevriliş cəhdində əli olanların məsuliyyətə cəlb edilməsində Amerikanın yardımını vəd edib.
 
Politoloq Qabil Hüseynli isə “Yeni Müsavat” açıqlamasında bildirdi ki, Numan Kurtulmuşun bu açıqlaması Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşacağının anonsudur. Türkiyə iqtidarının ABŞ-la münasibətləri normallaşdırmaq mövqeyinə gəlməsi müsbət hadisədir və qardaş ölkənin maraqlarına uyğundur: “Mən ilk vaxtdan sizin qəzetə açıqlamamda demişdim ki, 15 iyul hərbi çevriliş cəhdinin arxasında ABŞ dursaydı, vəziyyət, sonluq tamam başqa cür ola bilərdi. Bu işin arxasında Amerika durmadığı üçün məğlubiyyətə uğradı. ABŞ-la münasibətlərdə Türkiyə çox ehtiyatlı olmalıdır. NATO üzvü kimi, dünyanın ən qüdrətli dövləti kimi, vaxtilə Türkiyəni SSRİ təcavüzündən qorumuş bir ölkə kimi ABŞ-la münasibətlərə ciddi diqqət verilməlidir. Türkiyə hökuməti artıq bunları nəzərə alır və münasibətləri düzəlməyə doğru yönəldirsə, müsbət qiymətləndirilməlidir. Çində G-20 görüşündə ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın apardığı danışıqların nəticə verməyə başladığını söyləmək olar. İki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə yanaşı, İŞİD-in paytaxtı olan Rakka üzərinə hücum əməliyyatının birgə aparılması haqqında razılaşma əldə edilib. Artıq Amerika əməliyyatlara təkcə havadan dəstək verməyəcək, həm də dəniz piyadaları və xüsusi təyinatlılarla türk qoşunları ilə birlikdə Rakkanı mühasirəyə alıb ələ keçirəcəklər. Bu, İŞİD-in sonu deməkdir. Əgər bu proseslər axıra qədər uğurla getsə, 1 ay müddətinə İŞİD-in bu ərazilərdə fiziki mövcudluğu yox edilə bilər. Dediyim odur ki, ABŞ-la Türkiyənin münasibətlərində düzəlmə meyli var. Bundan sonra dövlət ərkanına aid olan şəxslər ABŞ-ın ünvanına ittihamlar, münasibətləri pisləşdirəcək fikirlər işlətməsə yaxşı olar. Çünki ən çətin vəziyyətlərdə Türkiyənin ən yaxın müttəfiqi ABŞ olub. Çox sevinirəm ki, İŞİD-ə qarşı mübarizədə nəhayət ABŞ-la fəaliyyət birliyi əldə edilib. Bu hadisə ABŞ-la Türkiyənin münasibətlərinin ən azından əvvəlki vəziyyətə yaxınlaşmasına gətirib çıxara bilər və bəlkə o zaman Fətullah Güləni də almaq mümkün oldu”.
 
Politoloq vurğuladı ki, ABŞ-ı Türkiyədəki 15 iyul “darbe”sinin təşkilatçısı adlandırmaqla Güləni almaq mümkün deyil. Bunu, görünür, hökumət artıq özü üçün dəqiqləşdirib: “Gülənin geriyə qaytarılması məsələsi sırf hüquqi məsələdir, siyasi məsələ deyil. Onun təhvil verilməsi yalnız məhkəmə qərarı ilə mümkün ola bilər. Gedib yaxşı vəkillər tutmaq, sübutlar təqdim eləmək və məhkəməni udmaq lazımdır. Bu yolla Güləni almaq olar. Siyasi yolla mümkün olmayacaq”.(musavat.com)
 
Etibar SEYİDAĞA