Türk dünyası Kərkükə dəstəyini artırmalıdır”

Mübariz Göyüşlü: “Mümkün olarsa, hərbi müdaxilə də edilməlidir”
 
 
Son günlər kürd silahlılarının Kərkük türklərinə hücumları ilə bağlı yeni informasiyalar yayılmaqdadır.
Türk dünyası türkmənlərin təhlükəsizliyini təmin etmək siyasi-diplomatik və ya hərbi müstəvidə hansısa addımlar atmalıdırmı? Bu məsələdə türk dünyasının üzərinə hansı məsuliyyət düşür?
Moderator.az-a açıqlama verən "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü yalnız türk dünyasının deyil, bütün bəşəriyyətin bu məsələdə duyarlılıq sərgiləməsinin vacibliyini vurğuladı:
“Mən hesab edirəm ki, nəinki türk ölkələri, bütövlükdə beynəlxalq ictimaiyyət Kərküklə, burada yaşayan və çoxluq təşkil edən türklərlə bağlı öz sözünü deməlidir. Amma son illərdə orada baş verən qanlı-qadalı hadisələr, Kərkükün Bərzaniyə bağlı terrorçu dəstələrə təslim edilməsi göstərir ki, böyük güclərin məqsədi tamamilə başqadır. Onların hədəfində Kərkük türklərinin izlərinin bölgədən, Kərkükdən silinməsidir. Ona görə də türk ölkələri, başda Türk Konseyi olmaqla, bu məsələ ilə bağlı mümkün siyasi-diplomatik fəaliyyətləri genişləndirməyə çalışmalıdırlar. Mümkün olarsa, hərbi müdaxilə də edilməlidir. Hərgah bu sonuncu məsələ Türkiyə dövlətini çıxmaqla, digər türk ölkələrinin imkanları xaricində olan bir məqam kimi görünür. Amma digər türk ölkələri də Türkiyə hərbi qoşun dəstələrinin sırasında bu addımı ata bilərlər. Lakin siyasi-diplomatik, o cümlədən humanitar, ictimai və s. sahələrdə fəaliyyətlər genişləndirilməlidir. Orada yaşayan soydaşlarımız görməlidir ki, tək deyillər. Əgər hərbi müdaxilə etmək mümkün deyilsə, silah və pul yardımı etmək olar. Bunun beynəlxalq hüquq və s. anlayışa zidd olduğunu isbatlamağa çalışanlar ola bilər. Amma mən də demək istəyirəm ki, arxasında böyük güclərin dəstəyini görən "Kürdüstan" və onun ağlını itirmiş rəhbərləri beynəlxalq hüququ ayaqlar altına almaqdadırlar. İraqın ərazi bütövlüyünü və suverenliyini təhdid edən bu qrup heç bir ağla, məntiqə sığmayan işlər görür. Ona görə də türk dünyası Kərkük türklərinə dəstək vermək üçün hansısa addımları atmaqdan çəkinməməlidir.
Yeri gəlmişkən, İraqın ərazi bütövlüyünü müdafiə edən Azərbaycan dövlətinin yürütdüyü siyasəti müsbət qiymətləndirirəm. Bu istiqamətdə çalışmaların genişləndirilməsinə çağırıram. Əgər türk ölkələri bununla bağlı koordinasiyalı fəaliyyət yürüdərlərsə ciddi nəticələr alına bilər. Bununla yanaşı, İraq ordusunun İrana bağlı silahlı qrupların köməyilə Kərkükü peşmərgələrdən azad etməsini də alqışlayıram. Gələcəkdə bu cür hərbi aksiyalarda Türkiyə Silahlı Qüvvələrinin yaxından iştirakını görmək istərdim”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...