Türk aktyor: “Qohumlarım azərbaycanca danışır”

 
Yeni serial üzərində işləyirik. Sərt polis rolunda oynayacağam.
 
Axar.az xəbər verir ki, bunu “Uşaqlar eşitməsin” serialındakı Haluk obrazı ilə özünü azərbaycanlılara da sevdirən türkiyəli aktyor Tamər Qaradağlı çəkiləcəyi yeni serial haqda ARB TV-nin “Türk şou-maqazin” verilişində danışarkən deyib. O, imicindəki dəyişikliyin də məhz yeni serialdan qaynaqlandığını vurğulayıb:
 
“Həm sərtlik var, həm də sevgi. 1-2 aya da çəkilişlərə start verəcəyik. Mən də indidən fiziki olaraq o rola hazırlaşıram, saqqalımı da ona görə uzatmışam. İnşallah yaxşı olacaq”.
 
Tamər Qaradağlı ailəsinin Azərbaycanla əlaqələrindən də söz açıb:
 
“Nənəm və babam azərbaycanlıdır. Onlar Azərbaycandan Türkiyəyə gəliblər. Nənəm Gəncədəndir. Azərbaycanla bağlı hər şey mənim üçün çox vacibdir, çünki atalarımın torpağıdır. Çəkildiyim serialların Azərbaycanda da sevildiyini görmək çox xoşdur. Oradan kimsə gələndə çox sevinirəm”.
 
Türkiyəli aktyor Azərbaycana gəlmək istədiyini də açıqlayıb:
 
“Mən Azərbaycana heç gedə bilməmişəm. Ən yaxın zamanda sizin ölkəyə gələcəyəm. Qohumlarım arasında Azərbaycan adını hissə-hissə daşıyan var. Qohumumun birinin adı Azər, birinin Baycan, birininki də Arazdır”.
 
Sevilən aktyor dilimizə marağından da bəhs edib:
 
“Azəri yeməkləri bir başqadır. Mənim anam azərbaycanlı deyil, amma 50 il o ailənin içində olduğu üçün, bütün yeməkləri bişirməyi öyrənib. Qohumlarım sizin kanalları izləyir, türkləri yox. Azərbaycan ləhcəsi ilə danışırlar. Mən də vərdiş olaraq “Uşaqlar eşitməsin” serialında bəzi səhnələrdə azərbaycanca danışmışam”.