Tərs tutulan şifer Əhəd Abıyevi məşhurlaşdırdı – Foto

 
Noyabrın 9-u Daşkəsəndə Dövlət Bayrağı günündə Əhəd Abıyevin erməni bayrağı həkk edilmiş şiferi sındırması dünya mediasına çıxıb.
 
Axar.az xəbər verir ki, Kolumbiya nəşrləri icra başçısının Kolumbiya bayrağını “sındırdığı” barədə məlumat dərc edib. Colombia saytı bu haqda belə yazıb:
 
“Kədərləndirici haldır ki, Azərbaycanın Daşkəsən rayonunun icra başçısı bizim bayrağımızın əks olunduğu şiferi əsgərlər önündə sındırıb. Lakin araşdırmalardan sonra əldə etdiyimiz məlumata görə, bu, Kolumbiyanın deyil, Azərbaycanın uzun müddətdir ki, müharibə şəraitində yaşadığı Ermənistan bayrağıdır”.
 
Sayt Dağlıq Qarabağ münaqişəsi, Ermənistan və Azərbaycan münasibətləri haqda da məlumat verib.
 
Abıyev erməni bayrağını səhv salıb?
 
Bu hal Azərbaycanda baş verən ilk hadisə deyil. İki il öncə Azərbaycan diaspor nümayəndələrinin Türkiyədə ermənilərin addımına cavab olaraq yandırdıqları Ermənistan bayrağının da Kolumbiya bayrağı olması ilə bağlı iddialar səslənmişdi.
 
Məsələ burasındadır ki, Kolumbiya və Ermənistan bayraqlarında əks olunan 3 rəng təxminən eynidir. Sadəcə, Kolumbiya bayrağında tünd sarı rəng üstdə və digər rənglərə nisbətən iki dəfə böyükdür. Ermənistan bayrağında isə sözügedən rəng aşağıdadır və digər iki rənglə eyni ölçüdədir.
 
Əhəd Abıyevin sındırdığı şiferdəki rəng zolaqlarınnı ölçüsü isə eynidir. Sadəcə, şifer tərsinə tutulub, bu isə yanlış olaraq Kolumbiya bayrağı assosiasiyasını yaradıb. Halbuki Kolumbiya bayrağında sarı rəng bayrağın yarısını tutur.