Tərki-dünya bəstəkarın faciəvi həyatı- ARAŞDIRMA

 
 
 
Moderator.az dünya musiqi tarixinin ən nəhəng simalarından olan Cüzeppe Verdi haqqında qısa araşdırmanı təqdim edir:
 
Avropa mədəniyyətinin beşiyi olan Milan şəhərindəki konservatoriya hazırda onun adını daşıyır. Təbii ki, "Traviata", "Riqoletta", "Otello", "Falsaff" və bunlardan başqa 22 operanın müəllifi olan, dünyada bəstəkarların ümumi sayından danışdıqda "Mən və Motsart" deyən Verdi buna layiqdir...
 
Amma əvvəlcə xəyalən də olsa, gözlərimizi yumub XIX əsr Avropa qraflarının dəbdəbəli geyimlərinə bürünüb 1832-ci ilə səfər edək... Gözlərimizi açmağa tələsməyək. Milan Konservatoriyasına bərabər daxil olaq və oranın rektoru senyor Barzianinin otağının qapısını utana-utana döyən kənddən gəlmiş çəlimsiz bir oğlana baxaq. Oğlan direktordan konservatoriyaya yazılmasını xahiş edəcək. Direktor onu məzəmmət edib qəbul etməyəcək. Hə, indi gözümüzü açaq və Barzianinin otağından pərt halda çıxan həmin kəndli oğlanı yola salaq...
 
Elə Milan Konservatoriyasının divarları da ona diqqətlə baxır. Çünki zaman keçəcək Barzianini çox insan əvəz edəcək və bu möhtəşəm bina həmin çəlimsiz oğlanın- Cüzeppe Verdinin adını daşıyacaq...
La Skalanın yetirməsi olan Verdi üçün hər bir hiss, yaşantı, öz-özlüyündə bir musiqi idi. Bəlkə də, Milan, İtaliya, elə Avropanın özü onun üçün sadəcə olaraq not sistemi idi... O, burada əslində yaşamırdı. Həmin notları yemləyirdi.
 
Amma notların yemi ruhdur deyirlər... Ruh yeyilə-yeyilə nota çevrilir və onların yerdəyişməsi ilə böyük bir musiqinin əsasını qoyur... 1840-cı ilin ortalarında Verdi ard-arda arvadını, oğlunu və qızını itirir... Hamı elə düşünürdü ki, dəhşətli ailə faciəsi yaşayan və tək-tənha qalan Verdi üçün musiqi artıq bitib. Amma bu çox yanlış düşüncə idi. Çünki sevimli həyat yoldaşı və övladları öz ölümləri ilə Verdiyə ömürlük yaradıcılıq materialı verdilər. 87 yaş yaşayan Verdi ömrünün sonuna qədər həmin ölümlərin verdiyi dəhşəti xərclədi, musiqilərə çevirdi, amma xərclədikcə qurtara bilmədi. Dünyaya tanındı, hamının böyük nüfuz sahibi kimi hörmət etdiyi bir insan oldu. Amma həmin ölümlərin təsirindən qətiyyən çıxmadı. "Riqoletta" və "Traviatta" yarandı. Bu operalarda qızını və xanımını not üzərindən əzizlədi. Və... Yoruldu....
Şöhrətinin ən pik vaxtında Milandan uzaqlaşdı. Hamı Verdini daha böyük şəhərlərdə arayarkən, o, özünü kiçik bir kənddə tapdı. Malikanəsində xudmani bir həyəti var idi. Orada əkib-becərir, məhsul toplayırdı. Kənddə ilk dəfə olaraq Fransadan öyrəndiyi bir üsulla öz həyətində artezian quyusu qazdı. Kəndlilər onu tanımırdılar. Amma sonradan mahir "usta" olduğunu bildilər. Xahiş etdilər ki, onlar üçün də bu sərfəli suvarmanı - artezian quyusunu qazsın. Verdi həmin kənddə, demək olar ki, hamı üçün quyu qazdı...

 
Bir də ayıldı ki, artıq kənddə deyil. Həmin yeddi not əl-ələ verərək Verdi üçün elə bir quyu qazıb ki, ancaq böyük operalar onu həmin dərinlikdən çıxara bilərdi.
Verdi qayıdır və "Aida" operasından başlayaraq ard-arda xeyli operalar bəstələyərək Avropa səhnələrini yenidən fəth edir. Amma üzləşdiyi faciənin sarsıntısı bəstəkarla paralel irəliləyərək onu yenidən tənhalığa aparır. Cüzeppe Verdi Milan yaxınlığındakı bir kənddə saldığı malikanədə tək-tənha yaşayır. Hərdən kəndlilərlə söhbət edir, zarafatlaşır, pivə içir. Dostluq etdiyi qocalardan kimsə soruşmur ki, hərdən pianinoda ifa etdiyi hüzn dolu musiqiləri o niyə yalnız gecələr səsləndirir? Ümumiyyətlə, o ağrılı səslərin müəllifi kimdir... Xeyr, soruşmurdular.
Beləcə, "Falsaff"ı bəstələyəndən sonra o, təkliyə çəkilərək 11 ilini hamıdan uzaqda yaşadı. 1895-ci ildə yaşlı musiqiçilər üçün sığınacaq olaraq hazırladığı "Casa di Riposo"nu inşa etdirməyə başladı. Tikili 1899-cu ildə tamamlandı.
 
Dahi bəstəkar 1901-ci il yanvarın 21-də, 88 yaşında Milanda "Grand Hotel"in otağında dünyaya göz yumdu. Çünki, o, möhkəm xəstələnmişdi və son ümid kimi Milana köçürülmüşdü. C. Verdi ölərkən yalnız 20 adamın və kiçik hərbi birliyin qatıldığı səssiz və musiqisiz cənazə mərasimi vəsiyyət etdi. İstəyinə uyğun cənazə mərasimi keçirilsə də, bir ay sonra onun və həyat yoldaşı Cüzeppinanın tabutları Milandakı qəbiristanlıqda olan müvəqqəti məkanlarından çıxarılaraq böyük mərasimlə "Casa di Riposo"ya aparıldı. İtalyan kral ailəsi üzvlərinin, millət vəkillərinin, diplomatların da qatıldığı mərasimdə minlərlə adam "Nabukko" operasındakı məşhur ilahini xor halında səsləndirdi.
 
Elmin Nuri

Загрузка...
Загрузка...