​Trampın qızı Məmmədovlarla görüşə gəlir - Sirr

 
ABŞ-ın yeni prezidenti Donald Trampın qızı İvanka Tramp Bakıya gəlir
 
Politika.Az xəbər verir ki, dünən bu məlumat saytların baş xəbərinə çevrilib.
 
İki il öncə oktyabr ayında Bakıya gələn və atasının adını daşıyan binanın - “Tramp Tover”in tikintisi ilə tanış olan İvanka bu dəfə də elə həmin binaya görə paytaxtımıza təşrif buyuracaq.
 
Prezident qızı Bakının ən prestijli binalarından olan "Tramp Tover"in açılışını edəcək. O, bu dəfə də Bakıya Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun şəxsi dəvətlisi olaraq gələcək.
 
Bildirilir ki, İvanka Trampın Bakıya səfəri gələn ilə - Novruz bayramından sonraya planlaşdırılır. 33 mərtəbəli "Tramp Tover” 72 ultra-lüks nömrədən və 189 qonaq otağından ibarət olacaq.
 
OtelDubaydakı kimi yelkənli qayıq formasındadır. Bu otelin səhmdarlarından biri Anar Məmmədovdur və tikilini də onun şirkəti həyata keçirib.
 
Son xəbərlərə görə, "Amerika-Azərbaycan” Alyansının sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın innaqurasiya mərasiminə dəvət olunub. İş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq.
 
Biznesmen Anarın Trampla iş birliyinin olması haqda Azərbaycan mətbuatında dəfələrə məlumatlar dərc olunub. O, eyni zamanda Bakının Xətai rayonu ərazisində yerləşən "Tramp” adlı böyük bir plaza da inşa etdirib.
 
Politika.Az bir müddət əvvəl Trampın qızının Bakıya gələcəyini xəbər vermişdi. Artıq mediada yayılanlar yazdıqlarımızı təsdiqləyir.
A.Məmmədov isə papağını göyə ataraq sevincək ovqatdadır. İddialara görə, nazir oğlu Trampın qələbəsinə ziyafət verib. Məmmədovlar klanı üçün tramplin yaranıb.
 
Bir çoxları inanır ki, Anar Məmmədovla Donald Trampın illərə dayanan biznes tərəfdaşlığı və şəxsi dostluğu gələcəkdə Azərbaycan-ABŞ münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcək.
 
İqtidar mediası yazır ki, ABŞ-da Azərbaycan dövlətinin siyasətinin düzgün təbliği nəticəsində son illərdir ki, erməni diasporunun ölkəmizə qarşı apardığı çirkin kampaniyanın qarşısı alınıb.
 
Azərbaycan - Amerika Alyansının təsisçisi və prezidenti Anar Məmmədovun, Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə ABŞ-da dəfələrlə xeyriyyə kampaniyaları, Azərbaycan mədəniyyətinin, incəsənətinin, mətbəxinin nümayiş etdirildiyi sərgilər keçirilib.