​Trampın Putinlə əlaqələrini quran azərbaycanlı milyarder

 
Donald Trampın qələbəsi açıqlanandan bir az sonra Rusiya parlamentində şənlik başlandı.
 
Publika.az xəbər verir ki, bu barədə Norveçin “Aftenposten” nəşri Tramp-Putin əlaqələrinə həsr etdiyi məqaləsində yazıb.
 
“Biz hamını təbrik edirik”, - Putinin “Vahid Rusiya” partiyasından olan Vyaçeslav Nikonov dedi. Bundan sonra Rusiya parlamentində Trampın qələbəsini şampan şərabı və sosiskalarla qeyd etdilər.
 
Nəşr qeyd edir ki, Trampın qələbəsinə ən çox sevinənlərdən biri də Kremllə sıx əlaqələrə malik olan milyarder Araz Ağalarovdur.
 
“Araz Ağalarov Rusiya milyarderləri arasında Trampla ən yaxın münasibətə malik olan şəxsdir. Ağalarov azərbaycanlıdır. O, 11 milyard dollarla “Forbes”in siyahısına düşüb. Putin hakimiyyətinin bir sıra nəhəng inşaat işlərini həyata keçirir. 2014-cü ildə Tramp Moskvaya son səfərində dünya üzrə gözəllik müsabiqəsini keçirmək üçün Ağalarovdan 110 milyon dollar pul alıb”, - deyə nəşr yazır.
 
Daha sonra məqalədə A.Ağalarovun Tramp haqqında fikirləri yer alır.
 
“Allaha çox şükür. Yəqin, Amerika Rusiya ilə fasiləsiz düşmənçilikdən yoruldu”, - deyə Ağalarov “Komsomolskiy pravda”nın Trampın prezident seçilməsi ilə bağlı sualını şərh edərkən deyir: “Donald Tramp həqiqətən mənim xoşuma gəlir. Tramp verdiyi bütün sözləri yerinə yetirir. Başa düşürsünüzmü?! Biznesdə verdiyin sözə əməl etmək lazımdır, başqa cür heç nəyə nail olmaq mümkün deyil”.
 
Trampın qadınlarla bağlı sözlərinə gəlincə, Ağalarov belə deyir: “Ən vacibi, kişi qadınlara sataşırsa, deməli o, əsl kişidir. Əgər o, kişilərə sataşırsa, bu, ən pisidir”.
 
Nəşr Ağalarovun oğlu Eminin də Trampla bağlı fikirlərinə yer ayırıb.
 
Eminin “Trampı siz maliyyələşdirirsiniz?” sualına cavabı maraqlıdır: “Mən özümü maliyyələşdirməyi bacarmıram, necə ABŞ-ın prezidentini maliyyələşdirə bilərəm? Biz hamımız böhrandayıq”.
 
Nəşr yazır ki, Tramp 30 ilə yaxındır Rusiya ilə sıx əlaqələrə malikdir.