Trampın Əfqanıstan siyasətini bu qızlar dəyişdi

 
Donald Trampın Əfqanıstan strategiyasını qısa ətəkli Kabil qızlarının fotosu dəyişib?
 
Bunu Böyük Britaniyanın "İndependent" qəzeti yazıb.
 
Qəzet Əfqanıstanın həmişə indiki kimi olmadığını, insanların ötən onilliklər ərzində burada İŞİD və ya Taliban təhlükəsinin nə olduğunu bilmədiyini və bu ölkənin sabitlik, dözümlülük və hətta mötədillik diyarı sayıldığını bildirib.
 
1930-cu illərdən 1970-ci illərədək bəziləri böyük güclərin döyüş meydanı olan bu ölkənin paytaxtını "Mərkəzi Asiyanın Parisi" adlandırıblar.
 
Məqalədə daha sonra deyilir ki, bu həftə Donald Tramp Əfqanıstan barədə fikrini dəyişdiyini etiraf edib.
 
Bəzi xəbərlərə görə, əvvəllər ABŞ qoşunlarını Əfqanıstandan çıxaracağını deyən prezident indi bu ölkəyə 4 minlik əlavə hərbi qüvvə göndərməyə hazırlaşır.
 
Trampın qəfil fikir dəyişdirməsinə ona köməkçilərindən biri tərəfindən Kabilin küçələrində mini ətəklərdə gəzən əfqan qızlarının fotosunun göstərilməsi səbəb olub.
 
Bundan əvvəl özünün seçki kampaniyası zamanı Tramp Əfqanıstanın uduzulmuş müharibə olduğuna inandığını və Barak Obamanın ora 2009-cu ildə qoşun göndərmək qərarının səhv olduğunu deyirdi.
 
Amma indi ABŞ ordusunun Ağ Evdə oturan bir sıra ali rütbəli rəsmiləri Əfqanıstana əlavə qüvvələr göndərilməsinə tərəfdar çıxırlar.
 
"Vaşinqton Post" qəzeti isə yazır ki, deyilənlərə görə belə generallardan biri, Trampın milli təhlükəsizlik müşaviri HR Mak Master prezidenti əlavə qüvvə göndərilməsinə sövq etmək üçün ona tarixi və şokedici fotolardan birini göstərib.
 
"O Trampa 1972-ci ildə çəkilmiş ağ-qara fotoşəkil göstərib. Bu şəkildə əfqan qadınlar Kabilin küçələrində mini ətəklərdə gəzirlər. Beləliklə, general prezidenti inandırıb ki, orada bir vaxtlar Qərb normaları mövcud olub və bu normalar ora yenə də qaytarıla bilər", - qəzet yazıb.
 
Lakin bəzi tarixçilər deyirlər ki, Kabilin "qızıl dövrü" deyilən həmin vaxtın əhəmiyyəti şişirdilir və əslində, Məhəmməd Zahir şahın vaxtında qərbsayağı geyimlərdən yalnız çox kiçik cəmiyyət elitası istifadə edib.
 
“Amnesti İnterneyşnl” təşkilatında işləyən Horiya Mosadiq 2013-cü ildə hazırladığı hesabatda yazırdı: "Balaca qız olduğum vaxtlarda anamın qısa ətək geyinməsini və məni kinoya aparmasını xatırlayıram. Xalam Kabilda universitetdə oxuyurdu".
 
"Gözəgörünməz tarix: Əfqanıstanın yazılmamış hekayəti" (Invisible History: Afghanistan's Untold Story) kitabının həmmüəllifi Elizabet Gould bir neçə il əvvəl vaxtilə Əfqanıstanda işləmiş bir ABŞ diplomatı ilə söhbət etməsindən danışıb. Diplomat deyirmiş ki, 1970-ci illərdə Əfqanıstan vətəndaşları demokratiyaya bağlı idilər və ölkənin yeni konstitusiyasını küçələrdə müzakirə edirdilər.
 
"İkinci Dünya Müharibəsindən sonrakı 1950, 60 və 70-ci illər Əfqanıstanın qızıl illəri idi" - xanım Gould deyib.
 
Şah 1973-cü ildə çevriliş nəticəsində taxtdan salınıb və 29 il davam edən sürgündə yaşayıb. 1979-cu ilin dekabrında Əfqanıstana Sovet qoşunları müdaxilə edib və bu müdaxilə 1989-cu ilin fevralında başa çatıb.
 
1996-cı ildə Taliban Kabil də daxil olmaqla ölkənin böyük ərazilərinə nəzarəti ələ alıb. Kabil 2002-ci ildə Əfqanıstana ABŞ və Britaniya qoşunlarının müdaxiləsinədək Talibanın nəzarətində olub.
 
Elə həmin il Zahir şah Loya Jirga və ya xalq toplanışının yeni hökuməti seçməsini müşahidə etmək üçün Əfqanıstana səfər edib.
 
BBC Azərbaycan

Загрузка...
Загрузка...