"Tramp milyarderdir və onun öz biznes maraqları var" — Politoloq

 
ABŞ prezidenti seçilən Donald Trampın aparacağı siyasət maraqla gözlənilir.
 
Seçki öncəsi səsləndirdiyi fərqli fikirlərlə diqqət çəkən Tramp prezident postuna yiyələndikdən sonra hansı addımlar atacaq? Tramp Rusiya və İranla münasibətləri düzlədəcəyini bildirdi, ancaq ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirdi ki, Rusiya Krımın işğalını dayandırmayıncaya qədər sanksiyalar ləğv edilməyəcək.
 
Trampın prezidentliyi və gələcəkdəki Rusiya-ABŞ münasibətləri barədə politoloq İlqar Vəlizadə Ölkə.Az-a danışıb:
 
"Moskvada səfirlərin qarşısında çıxış edən Putin dedi ki, ümid edirik ki, Tramp prezidentlik postuna gələndə dəyişikliklər baş verəcək, buna Trampın seçki ərəfəsindəki çıxışları əsas verir.
 
Trampın seçkiqabağı ritorikası və real vəziyyət tam fərqli şeylərdir. Tramp müsəlmanlarla da bağlı sərt çıxışlar edib. Sonradan Trampın komandası onun müsəlmanlara qarşı səsləndirdiyi tezisləri Trampın saytından çıxardılar. Biri var sözlər, biri də var, əməllər. Əməllər çox güman ki, bu sözlərdən xeyli dərəcədə fərqlənəcək.
 
Tramp respublikaçıların nümayəndəsidir. Trampın çox ciddi biznes maraqları var. Tramp özü ola bilər ki, belə fikirləşsin, ancaq onun arxasında olan qüvvələr, onu dəstəkləyənlər və dəstəkləməyə məcbur olanlar Tramp kimi düşünmürlər. Çox güman ki, Trampın arxasındakıların sözü daha keçərli olacaq.
 
Tramp milyarderdir, praqmatikdir və heç vaxt xeyrindən qaçan insan deyil. Nüfuzlu dairələrlə üz-üzə dayanması Trampa heç bir xeyir gətirməyəcəksə, heç vaxt qarşıdurmaya yol verməz. Tramp onların fikirləri ilə oturub-duracaq, nəinki öz düşündüyü kimi hərəkət edəcək.
 
Bu sözlər, ifadlər, hadisələr onu göstərir ki, hakimiyyəti təkcə Tramp yox, onun arxasında dayanan siyasi qüvvələr ələ alıblar. Onlar da respublikaçılardır. Respublikaçılar həmişə sərt mövqedən çıxış ediblər. Çox güman ki, o sərt mövqe siyasi məsələlərdə öz yerini tapacaq, o cümlədən Moskva ilə də münasibətlərdə".