​Tramp kabinetini təsdiq etdi: Baş prokuror, kəşfiyyat şefi və...

 
 
Prezident seçilmiş Donald Tramp administrasiyasında baş prokuror vəzifəsinə Alabama ştatından respublikaçı senator Ceff Sesşinsi təyin etmək haqda qərar verib.
 
Bu barədə ABŞ mətbuatı yazıb. Mətbuatın bu barədə məlumatından sonra Trampın keçid komandası da bunu təsdiq edib.
 
Trampın rəsmən bu vəzifəni tutmaq üçün Sesşinsin özünə müraciət edib-etmədiyi aydın deyil. Konqresdə uzun müddətdir çalışan qanunverici Donald Trampın prezidentlik kampaniyasına başlayandan ona dəstək və məsləhətlər verib.
 
69 yaşlı qanunverici 1997-ci ildən ABŞ Senatında təmsilçidir. Bundan əvvəl o, doğma Alabama ştatında prokuror vəzifəsində çalışıb.
 
ABŞ-ın baş prokuroru hüquq-mühafizə orqanlarının ən yüksək səviyyəli rəsmisidir və Ədliyyə Nazirliyinə rəhbərlik edir.
 
Trampın həmçinin Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri vəzifəsinə konqresmen Mayk Pompeonun namizədliyini irəli sürdüyü haqda məlumat verilib.
 
Əslən Kanzas ştatından olan konqresmenin Trampın təklifini qəbul etdiyi bildirilir.
 
Pompeo Konqresin Kəşfiyyat Komitəsinin üzvüdür.
 
Bundan başqa Tramp ehtiyatda olan General-Leytenant Maykl Flini milli təhlükəsizlik müşavirliyinə nominasiya edib.
 
Sesşins və Pompeodan fərqli olaraq Flinin namizədliyini Senatın təsdiq etməsinə ehtiyac yoxdur.
 
Trampın xarici siyasətinin formalaşmasında Flinin mühüm roy oynayacağı gözlənilir. 51 yaşlı demokrat mümkün ən böyük rütbələrdən biri olan 3 ulduzlu general kimi təqaüdə çıxıb. O, habelə əvvəllər Müdafiə Kəşfiyyatı Agentliyinə də rəhbərlik edib.