Tramp əfsanəvi boksçudan yazdı, ikiüzlülükdə günahlandırıldı

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp sosial şəbəkədə əfsanəvi boksçu  Məhəmməd Əlinin vəfatından yazıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, noyabr ayında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən Tramp “Twitter” səhifəsində belə yazıb: "Məhəmməd Əli 74 yaşında öldü. Gerçək bir çempion, möcüzə bir adamdı. Hamımız onun üçün darıxacağıq”. Müsəlmanların ABŞ-a girişinin qadağan edilməsi barədə təklif irəli sürdüyü üçün sərt reaksiyalarla qarşılaşan Trampın müsəlman boksçudan yazması birmənalı qarşılanmayıb, şəbəkə istifadəçiləri onu səmimiyyətsizlikdə, ikiüzlülükdə günahlandırıb.
“The Independent” qəzetinin xəbərinə görə, Tramp ilə Əli 35 ildir ki, tanış imiş. Hətta əfsanə boksçu Trampın 2005-ci ildə ikinci həyat yoldaşıyla evləndiyi toyda da iştirak edib. Cütlük bir çox xeyriyyə layihəsində də bir araya gəlib. Ancaq keçən il Trampın müsəlmanlar barədə səsləndirdiyi fikirlərdən sonra Məhəmməd Əli "Biz müsəlmanlar öz məqsədi üçün İslamdan istifadə edənlərə qarşı çıxmalıyıq” fikirini səsləndirmişdi.
Çoxları  Əlinin bu şərhini Trampa qarşı olduğunu iddia edib. Lakin dünən sözügedən mövzuyla bağlı sualları cavablandıran prezidentliyə namizəd Məhəmməd Əlinin sözlərinin ona aid olmadığını bildirib.