​Tramp Amerikasında MÜSƏLMAN-XRİSTİAN qarşıdurması

 
Ölkədə anti-islam kampaniyası başlana bilər
 
Natiq Miri: “Əgər ABŞ müsəlman toplumuna dövlət səviyyəsində qarşı çıxacaqsa...”
 
ABŞ-ın növbəti prezidenti seçilən Respublikaçı Donald Tramp seçki kampaniyası ərəfəsində dəfələrlə müsəlmanları hədəf alan çıxışları ilə yadda qalıb. O, qalib gələcəyi halda Amerikaya müsəlman miqrantların qarşısını alacağını söyləmişdi. Həmçinin Tramp prezident seçildikdən sonra telekanala intervüsündə ölkədə bütün məscidlərdə axtarış aparmağı təklif edib. “Biz kim nə deyir desin, məscidlərin yoxlanması məsələsində çox ciddi addımlar atmalıyıq”, - deyə Tramp söyləyib.
 
Milyarderin seçkiöncəsi və sonrası müsəlmanlarla bağlı verdiyi bəyanatlar birmənalı qarşılanmır. Birləşmiş Ştatların ən böyük müsəlman qeyri-hökumət təşkilatı Amerika-İslam Əlaqələri Şurasının (CAIR) rəhbəri Nihad Avad ölkənin yeni seçilən prezidenti Donald Trampdan, digərlərinə olduğu kimi ABŞ-da yaşayan müsəlmanlara da hörmət göstərməsini istəyib.
 
 Nihad Avad yeni dövlət başçısından ölkədə yaşayan bütün insanlara bərabər davranmağı xahiş edib: "Amerikalı müsəlmanlar bu ölkədə qalmağa davam edəcəklər. Heç bir yerə getmirik. Bizi susdurub sosial həyatdan kənarlaşdırmalarına imkan verməyəcəyik. Seçkidə kimin qalib gəlməyindən, kimin uduzmasından asılı olmayaraq amerikalı müsəlmanlar bu ölkədə yaşamağa davam edəcək. Müsəlman cəmiyyətimiz bütün amerikalıların hüquqlarını və azadlıqlarını müdafiə etməkdəən ön sırada olacaq".
 
Şura rəhbəri, ABŞ-da yaşayan, ancaq Donald Trampın prezident seçilməsindən sonra narahat olmağa başlayan müsəlmanlara da səslənib: "Sizlər də digər bütün amerikalılar kimi eyni haqqa sahibsiniz və eyni məsuliyyətləri daşıyırsınız".
 
20 gündür prezident seçilən Trampın hakimiyyəti dövründə artıq ABŞ-da yaşayan müsəlmanlar hədələnməyə başlanılıb. Belə ki, vətəndaş hüquqları qrupu Kaliforniyanın bir neçə məscidinin polis tərəfindən müdafiəsinə çağırıb. Amerika-İslam Əlaqələri Şurasının (CAİR) çağırışı məscidlərin müsəlmanların genosidi ilə bağlı təhdid məktublarından sonra edilir. Şura eyni əl yazısı olan məktubların surətinin Lonq Biç, Kalaremont və San Hosedə yerləşən İslam Mərkəzlərinə ünvanlandığını bildirir.
 
Məktub “Şeynav övladlarına” “Amerikalıya daha yaxşı yol” imzası ilə çatdırılıb. Məktubda yazılıb: “Şəhərə yeni polis rəisi təyin edilib- prezident Donald Tramp. O, Amerikanı təmizləyib, yenidən parlaq hala gətirəcək. Buna o, müsəlmanlardan başlayacaq. O, sizə Hitlerin yəhudilərə etdiyini edəcək.” CAIR-LA-in direktoru Hüssam Ayluş Trampın seçkiqabağı kampaniyaları zamanla səsləndirdiyi şərhlərinin nifrət zəminində məktublar yazılmaqla qəzəb və nifrət səviyyəsini artırdığını deyib: “Mən demirəm ki, Tramp irqçiləri yaradıb. O bunu normallaşdırıb. Mən Trampı bütün amerikalıların prezidenti olmağa çağırıram”-deyə Ayluş bildirib. Məlumat üçün bildirək ki, Amerika qitəsində 4,6 milyon müsəlman yaşayır. Siyasilərin qənaətincə, maraqlı qüvvələr daxildə qarşıdurma yaratmaq istəyir. Bu qüvvələr küçədə bir neçə müsəlmanı öldürüb, hansısa məscidə bomba ataraq, Trampın irqçi bəyanatlarının nəticəsi kimi qələmə verə bilərlər.
 
Doğrudanmı Tramp ABŞ-da prezident kreslosuna oturandan sonra müsəlmanlara qarşı bu qədər kəskin mövqe tutacaq? Ümumiyyətlə, bu bəyanatlar nə ilə nəticələnə bilər?
 
 
 
Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə bildirib ki, Trampım seçkiöncəsi verdiyi bəyanatlarla prezident kreslosuna oturandan sonra yürütdüyü siyasət arasında çox böyük fərqlərin olacağı şübhəsizdir: “Nəzərə almaq lazımdır ki, əgər ABŞ müsəlman toplumuna dövlət səviyyəsində qarşı çıxacaqsa, bu, Amerika dövlətinin nüfuzuna, bütövlükdə müsəlman dünyasında çox ciddi zərər vuracaq. Bu da Amerikanın bir dünya gücü olması üçün çox böyük təhdid və təhlükə yaradacaq. Ancaq  hesab edirəm ki, Amerika bir şəxsin iradəsilə idarəolunan bir dövlət deyil. Məsələni bu şəkildə qoyan şəbəkələr daha çox provokativ xarakterli informasiyalar yayır. Düşünürəm ki, Trampın dövründə müsəlmanlara qarşı hər hansı ciddi hadisələrin olacağını gözləmək əbəsdir”.
 
Müsəlman-xristian qarşıdurması
 
Politoloqun qənaətincə, provokativ informasiyaları yayanlar məhz iki din arasında böyük münaqişə yaratmağı hədəfləyir: “Bu cür təxribat xarakterli fikirlər ABŞ-da prezident seçkiöncəsi də var idi. Məlumdur ki, qaradərililərlə ağdərililər arasında müəyyən problemlər yaşanır. Hüquq-mühafizə orqanları tərəfindən bir neçə qaradərilinin birbaşa küçədə öldürülməsi faktları var. Əslində Amerikada vəziyyəti qarışdırmaq istəyən müəyyən şəbəkələr bu prinsiplə fəaliyyətlərini davam etdirir. İrqlərarası problemlər yaratmaqla Amerika dövlətinin parçalanmasına xidmət edən təxribatçı xarakterli hadisələr törətmək istəyirlər.
 
Bu məsələdə təkcə ABŞ-da, Avropada və digər dövlətlərdə olan müəyyən şəbəkələr deyil, Amerikaya qarşı olan dövlətlərin və xüsusi xidmət orqanlarının da marağı var. Bu dövlətlər içərisində təbii ki, Rusiya da var. Buna görə də məsləyə bir də bu kontekstdən baxmaq lazımdır. Eyni zamanda Çin dövləti də ola bilər. Bu gün ABŞ-a qarşı duran hegemon dövlətlər var ki, bu cür provokativ xarakterli informasiyalar yaymaqla ABŞ-ın parçalanmasına xidmət edirlər”.