​Təqsirləndirilən şəxslər vəkillərdən imtina etdilər - Nardaran işi/YENİLƏNDİ

 
Günün ikinci yarısında ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.
 
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslər iştirak etməyib.
 
Vəkil Nemət Kərimli  təqsirləndirilən şəxslərin iclasda nə vaxt iştirak edəcəklərini soruşub. Hakim cavab verib ki, nə vaxt məhkəmə qərar versə, onda iclasda iştirak edəcəklər.
 
Nemət Kərimli isə müdafiə etdiyi Abbas Hüseynovla görüşüb məslətləşmək istəyib. Hakim təcridxanada və məhkəmədə onların görüşə biləcəklərini deyib.
 
Vəkil Yalçın İmanov isə deyib ki, hakim onlardan hər dəfə Vəkillər Kollegiyasına şikayət edir: "Hər dəfə vəkillərdən kollegiyaya şikayət edirsiniz. Sahə müvəkkilinə irad bildirmisiniz,   amma vəkilləri təsir altında saxlayırsınız".
 
Hakim təqsirləndirilən şəxslərlə şahid arasındakı insidentə işarəylə bildirib ki, sahə müvəkkili ona tabe deyil: "O hadisə vəkilə görə oldu. Birinci vəkil başladı, sonra tərəflər bir-birilərini ittiham etdilər. Mənim hərkətlərimdən şikayət etmək hüququnuz var. Mən isə sizdən şikayət etməmişəm. Hər dəfə prosesin vaxtını elan edirik. Siz gecikəndə kollegiyaya yazırıq ki, vəkillərin iştirakı təmin edilsin. Heç vaxt sizi cəzalandırılmaq məsələsi qoyulmayıb".
 
Daha sonra hakim bildirib ki, bir neçə şahid və  ölən polislərin nümayəndələri məhkəməyə teleqram vuraraq iclasda iştirak etmək istəmədiklərini bildiriblər. Buna görə məhkəmə qərar qəbul edib ki, onların dindirilmələrinə ehtiyac yoxdur.
 
Hakim ötən iclaslarda vəkillər tərəfindən verilən vəsatətləri  elan edib. Bildirib ki, vəkillər BMCMİ-nin şöbə rəisi Kərim Əlimərdanov, daxili işlər naziri Ramil Usubov və Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyevin dindirilməsi haqqında vəsatətlər veriblər.
 
Bundan sonra iclasda təqsirləndirilən şəxslərlə vəkillərin məsləhətləşmələri üçün fasilə elan olunub. Fasilədən sonra vəkillər bildiriblər ki, təqsirləndirilən şəxslər onlardan imtina ediblər.
 
İclas dekabrın 12-də davam edəcək.
 
***
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.
 
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri iştirak etməyib.
 
Hakim bildirib ki, vəkillərin iştirakı olmadan proses davam edə bilməz. Məhkəmə günün ikinci yarısında davam edəcək.

Загрузка...
Загрузка...