TQDK: Sınaq imtahanının nəticələri bu günlərdə açıqlanacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 3-də sınaq imtahanı keçirib.
Turaninfo.az TQDK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48123 abituriyent qeydiyyatdan keçib.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz, Qazax, Tovuz, Yevlax, Zaqatala, Tərtər, Kürdəmir, İsmayıllı, İmişli, Salyan, Cəlilabad, Quba, Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz şəhər və rayonlarında, ümumilikdə 61 binada təşkil olunub. İmtahan bütün mərkəzlərdə təlimata uyğun olaraq keçirilib.
İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilib. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahan binasına buraxılmayıblar.
Qeyd edək ki, aprelin 4-dən etibarən Komissiyada imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq və nəticələr yaxın günlərdə elan olunacaq. İmtahan nəticələrini Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə boş SMS göndərməklə öyrənmək olar.