TQDK sabah növbəti SAT imtahanını keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 7-də növbəti SAT imtahanını keçirəcək. TQDK-dan APA-ya verilən məlumata görə, imtahan TQDK-nın inzibati binasında baş tutacaq.
İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar. İmtahanın başlama vaxtı 08.30-dur. İmtahan başlandıqdan sonra, gecikən şəxslər imtahan zalına buraxılmayacaq.
İmtahana buraxılış üçün buraxılış vərəqəsi (Admission Ticket) və şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport (Identification document) tələb olunur.
SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır. Hər il bu imtahanlarda iki milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan
göstəricisi kimi qəbul olunur. SAT imtahanının nəticəsi ali təhsil ocaqlarının qəbul komissiyaları üçün müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə əsaslı mənbə hesab olunur.