​Toydan gələn ata-oğulun polislə “macərası” – Cinayət işi

 
Şabranda polis əməkdaşına müqavimət göstərməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü rayon sakini Musa Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, Musa Hüseynov sərxoş vəziyyətdə 28 avqust 2016-cı ildə, saat 22 radələrində sərnişin kimi atası Ağasəlim Hüseynovun idarə etdiyi “Ford Transit” markalı mikroavtobusla Şabran şəhərində keçirilən toy məclisindən yaşadığı Siyəzən şəhərinə yollanıb.
 
Yolda sürücü Ağasəlim Hüseynov Şabran şəhərində parkın yanında, işıqfordan M.Ə.Rəsulzadə küçəsinə döndüyü zaman idarəetməni itirib və mikroavtobusu səkiyə çıxarıb.
 
Musa Hüseynov həmin vaxt orada olan və mikroavtobusu həmin vəziyyətdən çıxarmaq üçün onlara kömək etməyi təklif edən Elxan İsayev ilə mübahisə edib. Musa hadisə yerinə gələn Şabran rayon polis şöbəsinin əməkdaşı Elçin Sadıqovun nizam-intizama dəvət etməsinə məhəl qoymayıb. O, yumruqla Elçin Sadıqovun ağız nahiyəsinə və təpiklə ayağına vurub.
 
Musa Hüseynov Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə ittiham edilib.
 
Şabran rayon Məhkəməsinin hökmü ilə Musa Hüseynov 1 il 6 ay azadlıqdan məhrum edilib.
 
Hökmdən narazı qalan Musa Hüseynov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib.
 
Apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
 
Təqsirləndirilən şəxs qismində dindirilən Musa Hüseynov elan olunmuş ittiham üzrə özünü günahkar bilməyib. O, bildirib ki, Şabran rayon polis şöbəsinin post-patrul xdiməti taborunun polis nəfəri vəzifəsində işləyən Elçin Sadıqovu və polis nəfəri Savalan Məhərrəmovu əvvəllər tanımayıb: “Avqsutun 28-də, saat 13:30 radələrində atam Ağasəlim və digər ailə üzvlərim ilə birlikdə atamın idarə etdiyi “Ford Transit” markalı mikroavtobusla qohumlarımızın Şabran şəhərində keçirilən toy məclisinə gəldik. Toyda atamla xeyli miqdarda spirtli içki içdik”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün saat 22 radələrində bütün ailə üzvləri ilə birlikdə atasının idarə etdiyi həmin mikroavtobusla Siyəzən rayonuna qayıdıblar. O, qeyd edib ki, atası avtomobili 40-45 km/saat sürətlə idarə edib, M.Ə.Rəsulzadə küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində sola dönərkən sərxoş olduğundan anidən idarəetməni itirib və avtomobil parkın kənarındakı səkiyə çıxarıb: “Bu vaxt oraya tanımadığım xeyli adam toplaşdı. Atamla avtomobildən düşdük. Sonra mən sükan arxasına əyləşərək maşını səkinin kənarından çəkmək istədim.
 
Bu vaxt əvvəllər tanımadığım, adını sonradan öyrəndiyim Elxan adlı şəxs avtomobilə yaxınlaşaraq mənə sükan arxasına keçməyə imkan vermədi, sükan arxasında özü əyləşməyə çalışdı. Sərxoş olduğumdan həmin şəxsin hərəkətləri xoşuma gəlmədi. Bu səbəbdən onu əlimlə itələdim, kənara çəkilməsini tələb etdim”.
 
Musa Hüseynov bildirib ki, həmin adamı söyməyib və ona q hər hansı fiziki zorakılıq göstərməyib: “Həmin şəxs də heç bir söz demədən kənara çəkildi. Bu vaxt sonradan adlarının Elçin və Savalan olduğunu öyrəndiyim polis əməkdaşları hadisə yerinə gəldi və heç bir səbəb olmadan məni Şabran rayon polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə dəvət olunmağımın səbəbini soruşdum, atamla mənim sərxoş vəziyyətdə olduğum üçün şöbəyə dəvət elədiklərini bildirdilər. Polislərə etiraz edərək, “avtomaşın səkinin kənarına çıxsa da, heç kimə xəsarət yetirməyib, ölən olmayıb, nə üçün şöbəyə getməliyəm” cavabını verdim. Parkda olarkən avtomaşını səkinin kənarından çıxartmağa çalışarkən yıxıldım. Ancaq heç bir xəsarət almamışam”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, bu vaxt polis əməkdaşları zorla atası Ağasəlimin qolundan tutaraq onu şöbəyə aparıblar: “Atamı haraya aparıldığını öyrənmək üçün onların arxasınca getdim. Poçt şöbəsinin qarşısında olarkən atamın rayon polis şöbəsinə aparıldığını gördüm. Maşını səkidən kənara çıxararaq anam və digər ailə üzvlərini evə aparmaq üçün geri qayıtdım.
 
Geri qayıtdığımı görən polis əməkdaşları Elçin və Savalan poçt şöbəsinin qabağında qarşımı kəsdilər, məni də rayon polis şöbəsinə dəvət etdilər. Onlara etiraz etdikdə polis əməkdaşları qışqıraraq hərəsi bir qolumdan tutdu və arxaya burdular, qollarıma qandal vurdular. Bu zaman dartınaraq qollarımı onların əlindən çıxartmağa çalışdım. Qollarıma vurulmuş qandal möhkəm bağlanmamışdı. Buna görə də dartaraq qandalı əlimdən çıxartdım. Bu da polis əməkdaşları olan Elçin və Savalana xoş gəlmədi. Onlar qandalı möhkəm bağladı, həm də qollarımdan tutaraq şöbəyə apardılar”.
 
Zərərçəkmiş Elçin Sadıqovun ifadəsində göstərib ki, Musa Hüseynovu əvvəllər tanımayıb, onu ilk dəfə hadisə baş verən gün görüb: “Avqustun 28-də saat 22 radələrində polis nəfəri Röyalla birlikdə xidmət apararkən, “Ford” markalı mikroavtobusunun yoldan çıxaraq səkinin üzərinə çıxdığını gördük. Avtomobilə yaxınlaşdıqda dolu bədən quruluşlu bir şəxsin mikroavtobusdan yerə düşüb və əl-qol hərəkətləri edərək ucadan danışdığını gördük. Onun hərəkətlərindən sərxoş olduğunu hiss etdik”.
 
Elçin Sadıqov bildirib ki, Musa Hüseynovun Elxan İsayevlə dartışaraq mübahisə edib: “Musa ünvansız nalayiq ifadələr işlətdiyindən araya girərək, onu sakitləşdirmək məqsədilə polis şöbəsinə dəvət etdik. Lakin Musa bizim təklifimizə məhəl qoymadı. O, gözləmədiyim halda qəflətən yumruqla ağız nahiyəmə, təpiklə isə ayağıma vurdu”.
 
Elçin Sadıqov bildirib ki, polis şöbəsinin həyətində Musa onların əlindən çıxıb, hirslənib yumruğu ilə divara vurub: “Orada olduğu müddət ərzində də Musa öz hərəkətlərini davam etdirərək ucadan polis əməkdaşlarının ünvanına söyüşlər söydü, hətta şöbənin həyətində olan və siqaret çəkilməsi üçün nəzərdə tutulmuş köşkdəki oturacağı da yerindən çıxardaraq kənara atdı, ətrafda olan daş tumbaları da sındırdı”.
 
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Musa Hüseynovun apelyasiya şikayəti təmin edilməyib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...