Tofiq Zülfüqarov: “Ermənistan öz ordusunu idarə etməkdən təcrid olunur” - MÜSAHİBƏ

 
Teleqraf.com sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla Ermənistan prezidenti Serj Sarkisiyanın Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinə verdiyi müsahibə, işlətdiyi fikirlər ətrafında söhbət edib. Sabiq nazirlə müsahibəni təqdim edirik.
 
- Tofiq müəllim, Ermənistan və Rusiyanın Qafqaz regionunun kollektiv təhlükəsizliyi ilə bağlı birgə ordu yaratması qərarını necə qiymətləndirmək olar?
- Birincisi, Dağlıq Qarabağ və işğal edilən torpaqlar Azərbaycan dövlətinin ərazisidir. Ona görə də, Rusiya-Ermənistan hərbi əməkdaşlığının qanuni baxımdan Dağlıq Qarabağ münaqişəsinə, bu torpaqlara aidiyyəti ola bilməz. Üstəlik burada Rusiya-Ermənistan birgə ordusunun yaradılmasından və hərbi əməkdaşlıqdan söhbət gedə bilməz. Söhbət Ermənistan ordusunun Rusiya ordusuna inteqrasiyasından gedə bilər. Bu göstərir ki, Ermənistan öz ordusunun idarə edilməsindən addım-addım təcrid olunur. Aprel hadisələrindən sonra Ermənistanda müxtəlif dairələr Sarkisiyanı tənqid edirdi. Bu proses davam edir. Ermənistan göstərmək istəyir ki, Azərbaycan bu addımlardan narahatdır. Ancaq dəfələrlə bəyan etmişik ki, Ermənistan-Rusiya hərbi əməkdaşlığı bizim xoşumuza gəlmir və bunun əleyhinə çıxırıq. Lakin Rusiya da dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın Ermənistana heç bir aidiyyəti yoxdur, müdafiə əməkdaşlıqları bu konflikti əhatə etmir və s. Mən hesab edirəm ki, Rusiya tərəfinin bu fikirləri Azərbaycan tərəfi üçün vacib mövqedir.
 
- Yəni birgə ordu birləşməsinin yaradılması Azərbaycana qarşı deyil?
- Təbii ki, Ermənistan tərəfi daima göstərmək istəyəcək ki, bu, Azərbaycana qarşıdır. Belə cəhdlər var və bundan sonra da olacaq. Amma apreldən sonra Rusiya tərəfinin verdiyi bəyanatlar onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi Rusiya-Ermənistan əməkdaşlığı ilə əhatə olunmur. Ən azından hüquqi baxımdan. Praktiki baxımdan mənim fikrimcə, orada müəyyən təhlükələr var, amma hüquqi tərəfdən Rusiya dəfələrlə elan edib ki, münaqişənin İrəvan-Moskva əməkdaşlığına aidiyyəti yoxdur.
 
- Sarkisyan son müsahibəsində təklif edib ki, Azərbaycan və Ermənistan rəhbərliyi arasında "qaynar xətt" yaradılsın və cəbhədə baş verən insidentləri iki ölkə başçısı rahat müzakirə edə bilsin...
- Hesab edirəm ki, Ermənistan rəhbərliyi özünü çox ağıllı hesab edir. İndi də düşünürlər ki, çox ağıllı fikirlər səsləndiriblər. Əgər onlar "qaynar xətt" istəyirsə, çox gözəl. Amma bu "qaynar xətt"lə dialoq zamanı birinci xəbər o olmalıdır ki, Ermənistan işğal edilən torpaqları tərk edir. İstəyirlərsə, bunu xəbər versinlər və ya birbaşa əlaqə saxlayıb bu haqda danışsınlar. Digər məsələlər üçün mən hesab etmirəm ki, bizə əlavə nəsə lazımdır.
 
- Sarksiyan həm də Azərbaycanın ərazi bütövlüyünün tanıdığını elan edib, amma deyib ki, xalqların öz müqəddəratını təyin etmə hüququ da tanınmalıdır...
- Bu da ermənilərin oyunlarıdır. Əlbəttə, buna təzə oyunlar da demək doğru olmazdı.
 
- Ermənistan prezidenti Türkiyə ilə sərhədlərin açılması haqqında danışıb, hesab edir ki, bununla bağlı Türkiyə tərəfi ilkin şərlət irəli sürməməlidir. Yəni işğalçı ordunun Azərbaycan torpaqlarından çıxmasını tələb etməməlidir. Bunu necə dəyərləndirmək olar?
- Bilirsinizmi, Sarksiyanın bu fikiri, habelə yuxarıda qeyd edilən iki fikrinin ümumi bir istiqaməti var: indiki vəziyyəti dondurmaq, ona hansısa hüquqi status vermək və beynəlxalq təminatlar almaq. Erməni tərəfinin istəyi buna yönəlib. Təbii ki, onlar bu siyasəti yeridirlər. Azərbaycan bu siyasətə öz mövqeyini müxtəlif səviyyələrdə dəfələrlə bildirib. Yenidən bu oyunları şərh etmək və ya onlara cavab verməyi doğru hesab etmirəm. Azərbaycan indiki vəziyyətlə heç vaxt razılaşmayacaq və təbii ki, işğal edilən Azərbaycan əraziləri boşaldılmalıdır. Bundan sonra Türkiyə ilə sərhəd açılması məsələsi, İrəvanla Bakı arasında "qaynar xətt" və digər məsələlərin hamısı həll edilə bilər. Ancaq əsas şərt həyata keçirilməlidir -işğal edilən Azərbaycan torpaqları boşaldılmalıdır. Çünki əsas problem Dağlıq Qarabağ daxil olmaqla Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasıdır. Və bu ərazi iddiası ona gətirib çıxarıb ki, Azərbaycan torpaqlarının bir hissəsi işğal edilib, etnik təmizləmə aparılıb. İndi də bu əraziləri qanunsuz nəzarətləri altında saxlayırlar. Və istəyirlər ki, indiki mövcud vəziyyəti bu və ya digər formada dondurusunlar, ona müxtəlif don geydirsinlər. Təbii ki, Azərbaycan bunu heç bir halda qəbul etmir. Əgər onlar həqiqətən də, problemlərin həll edilməsini istəyirlərsə, ciddi danışıqlara hazır olmalıdırlar və danışıqlar aparılmalıdır.
 
- Ermənistan rəhbəri Rusiyadan aldıqları “İsgəndər” raket kompleksi haqda danışarkən deyib ki, regionda hərbi balansı bərabərləşdirmək üçün bu silahı almağa məcbur olublar. Sizcə, indi regionda hərbi balans bərabərləşib?
- Birincisi, Sarkisyanın bəhs etdiyi kompleks taktiki nüvə silahının istifadəsi üçün yararlıdır. Başqa sözlə, bu kompleksin 300-500 kiloqram partlayıcı maddəni hədəfə çatdırmaq imkanı var. Əgər bu silah adi partlayıcı maddəni istifadə edəcəksə, sizə deyim ki, bu halda onu əvəz edəcək çoxlu sayda alternativ silahlar mövcuddur. Yox, əgər nüvə silahından gedirsə, bu vacib kompleksdir. Adi partlayıcını hədəfə çatdırmaq məsələsi qoyulursa, onu əvəz edəcək çoxlu silah göstərə bilərik. Məsələn, adicə qırıcı təyyarəni götürək. Müasir təyyarə həmin kompleksdən qat-qat çox partlayıcı maddə apara və endirə bilər. Bu mənada Sarkisyan verdiyi bəyanatlarla çalışır ki, bu raket kompleksini həlledici amil kimi göstərsin. Ancaq heç də belə deyil. Bir daha deyirəm ki, Naxçıvandan İrəvana qədər olan məsafə qat-qat azdır. Başqa sözlə, Azərbaycan istənilən vaxtı istənilən nöqtəyə zərbə endirə bilər. Hərbi balans isə dəyişməyib və dəyişə də bilməz. Bu, sadəcə olaraq psixoloji bir elementdir və Sarkisyan bundan maksimum istifadə etməyə çalışır. Hesab edirəm ki, bizim hərbi mütəxəssislərimiz onun mövqeyini ciddi tənqid etməlidir. Azərbaycanın hərbi hava qüvvələrinin üstünlüyü, digər sistemlərdən irəli olması reallıqdır. Ermənilər bunu çox yaxşı bilir.
 
- Azərbaycan prezidenti İlham Əliyev də son dəfə cəbhədə olarkən bəyan etdi ki, elə bir düşmən hədəfi yoxdur ki, Azərbaycan onu vura bilməsin...
- Təbii ki, bu belədir və hər kəsə də bəllidir. Sadəcə olaraq, Sarkisiyan ritorikanı gücləndirir və bəzən buna biz tərəfdən cavablar verilmir. Hesab edirəm ki, bizim jurnalistlərimiz ciddi şəkildə Sarksiyanın qeyd etdiyi kompleks haqqında informasiya toplamalıdır. Təbii ki, regionda hərbi balans dəyişməyib və 2 apreldən sonra olduğu kimi qalır. İndi Sarksiyan deyir ki, apreldə biz qələbə çaldıq və s. Adama deyərlər ki, əgər sən apreldə qələbə qazanmısansa, bəs niyə müdafiə nazirini, nazirliyin yüksək çinli generallarını, idarə rəislərini işdən çıxarmısan? Niyə sənə qarşı erməni cəmiyyətində ciddi tənqidlər var? Hələ apreldən sonra deyirdilər ki, hərbi avtomobilləri işlək hala gətirmək üçün benzin-yanacaq olmayıb və s.
 
- Sizcə, Ermənistan prezidenti nəyə görə bu mövzuları ortaya atır, belə çıxışlar edir?
- Sizə deyim ki, təbliğat işləri aparılır. Və burada əsas məsələ Azərbaycan deyil, Ermənistanın daxili auditoriyasıdır. Erməni cəmiyyətində zəifləmiş Sarksiyan indi öz mövqelərini gücləndirməyə çalışır.
 
- İndiki mərhələdə danışıqlar prosesi haqda nə demək olar?
- Məncə, indi danışıqlar üçün optimist mövzu yoxdur. Bu haqda ABŞ dövlət katibi Kerri, Rusiya prezidentinin köməkçisi Uşakov söyləyib və s. Təəssüflər olsun ki, İrəvan ciddi danışıqlardan qaçır və çalışır ki, köhnə qayda ilə dünya ictimaiyyətini aldatsın. Ancaq unutmaq lazım deyil ki, bu məsələni Azərbaycan və Ermənistan həll etməlidir. Hazırda bu iki ölkə üz-üzə qalıb və ortada da problem mövcuddur. Əfsuslar olsun ki, Azərbaycan ordusunun aprel dərslərindən Ermənistan tərəfi nəticə çıxarmayıb. İstisna etmirəm ki, gələcəkdə aprel hadisələri bu və ya digər formada təkrar oluna bilər.