Tələbələrin təqaüdləri niyə verilmir?

Bakı Dövlət Universitetinin tələbələri 2 aydan çoxdur ki, təqaüdlərini ala bilmirlər.
Turaninfo.az "Qafqazinfo"ya istinadən  bildirir ki, bu barədə universitetin jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Fidan Həsənzadə sosial şəbəkələrdə məlumat yayıb.
Tələbə soruşur: "Beynəlxaq Bankda, BDU-da 17 min tələbənin təqaüdünü 2 aydan çoxdur ki, hesablayıb bitirə bilmirlər. O bankdakıları qoyaq bir qırağa, universitetdə o boyda tətbiqi riyaziyyat fakültəsinin müəllimləri, tələbələri, elmi işçiləri var. Mart sabah bitir, amma biz hələ fevral ayının 55 manatlıq təqaüdünü ala bilməmişik".
Sayt məsələ ilə bağlı BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanovla əlaqə saxlayıb. Müşavir bildirib ki, təqaüdlərin gecikdirilməsi onlardan asılı məsələ deyil.
O, səbəb kimi ödənişli oxuyan tələbələrin təqaüd kartlarnın hazırlandığını göstərib: "Bildiyimiz kimi, Nazirlər Kabineti tərəfindən fevral ayında ödənişli əsaslarla oxuyan tələbələrə təqaüd ayrılması ilə bağlı qərar verilib. Bu qərarı ödənişli və dövlət sifarişli tələbələrə uyğunlaşdırmağa çalışırıq. Artıq bütün əmrlər verilib, texniki məsələlər qalıb. Ödənişli tələbələrə yenidən kart hazırlanır, yeni sistem, proqram təminatı - bunların hamısı vaxt aparan şeydir. Fevral, mart aylarında baş verən ləngimələr də bu səbəbdəndir və bizdən asılı deyil. Yəqin ki, yaxın 10 gün ərzində təqaüdlər kartlara köçürüləcək. Birinci dövlət sifarişli tələbələr təqaüdlərini alacaqlar, daha sonra ödənişli oxuyanlar".