“Təkcə qızlar yox, kişilər də gec evlənir, çünki…” – ARAŞDIRMA

 
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 68 min 773 nikah və 12 min 764 boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə görə nikahların sayı 7.2, boşanmaların sayı isə 1.3-dür.
 
Nikaha daxil olanların orta yaşı kişilərdə 28.6, qadınlarda isə 24.1 olub. Birinci nikaha daxil olma üzrə isə kişilərin yaşı 28.1, qadınların yaşı isə 23.6 olduğu hesablanıb.
 
Bu ilin yanvar-avqust ayları ərzində isə qeydiyyat şöbələrində 42,2 min nikah və 8,6 min boşanma qeydə alınıb. Məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,6, boşanmaların sayı isə 1,3 olub.
 
Statistik göstəricilərə əsasən, ötən onilllikdə nikah yaşı qızlar üçün 22-24, kişilər üçün 24-26 idisə, hazırda qızlar üçün ortalama nikah yaşı 25-26, kişilər üçün isə nikah yaşı 29-dur.
 
Azərbaycan Tibb Universitetinin Mama-ginekologiya kefedrasının müdiri Elmira Əliyevanın sözlərinə görə, paytaxtda reproduktiv dövrdə  qızların 30 faizi, yəni hər 3 qızdan 1-i ailə qurmur. Qızların gec ailə qurması isə ana ölümü riskini artırır. Bakıda qızların əsasən 30 yaşdan sonra ailə qurduğunu deyən Elmira Rəhimova əlavə edib ki, 35 yaşda ərə gedən qızın xroniki xəstəliklərə meylliliyi və qeysəriyyə riski artır. Bu da reproduktiv sağlamlığa təsir edən amildir.
 
Bəs qızların gec ailə qurmasına səbəb nədir? Bunun kökündə hansı social-psixoloji amillər dayanır? Teleqraf.com bunu araşdırmağa çalışıb.
 
“Qızlar oğlan evinə boyun əymək istəmir və…”
 
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, qızların evlilik yaşının yüksəlməsinin mənfi tərəfləriylə yanaşı, müsbət tərəfləri də var: “Bu, onu göstərir ki, bizim xanımlarda artıq evdə qalmış qız sindromu yoxdur. Əvvəllər müşahidə eləyirdim ki, qızlarımız bilib-bilmədən gözlərini yumub ərə gedirlər. İndi o stereotiplərdən yaxa qurtarıb, daha uğurlu ailə barədə düşünürlər. Ona görə də yaş məhdudiyyətini özlərinə problem eləmirlər. Dayanıqlı, etibarlı ailə qurmaq istəyir. O ailələr də daha möhkəm olur. Bu, məsələnin müsbət tərəfidir.
 
Ancaq ikinci tendensiya da var. Ölkədə qız uşaqları abort olunur, qızların sayı azalır və vaxtilə biz buna görə narahat olurduq. İndi gəlib biz deyənə çıxıblar. Görürlər ki, demoqrafik balans pozulur. Bu da həmin problemin bir qismidir. Burda qızların gec ailə qurması demoqrafik prosesə mənfi təsir edəcək.
 
Bunun səbəbləri gündəlik mətbuatda, televiziya kanallarında qabağımıza çıxan ailə faciələridir, zorakılıqdır. Əvvəllər gəlinin qayınana ilə yaşaması problem sayılmırdı, indi qızlar çoxu bunu istəmir. Hökumət gənc ailələr üçün güzəştli evlər tikmir və onların ev alması üçün sərfəli şərait yoxdur. Ailələr inanmır ki, 10 ildən sonra evi olacaq.
 
Baxmayaraq ki, zaman-zaman az faizlə, kreditlə ev almaq üçün reklamlar olur, amma bu şərtlər o qədər uğurlu deyil. Yəni evlilik yaşının artmasında iqtisadi amylin də rolu də var. Ona görə də heç kim ümumi iqtisadi çətinliyin altına çiynini vermək istəmir. Bu8 baxımdan təkcə qızların yox, kişilərin də evlilik yaşı yüksəlib”.
 
Mehriban Zeynalovanın qənaətinə görə, ümumilikdə sosial-psixoloji problemlər ailə münasibətlərinin qabağını ciddi şəkildə almaqdadır: “Son zamanlar ciddi bir mesaj alırıq: tibbi müayinədən keçən şəxslərdə QİÇS-in aşkarlanması. Burda şəxsin özü yox, sağlamlığı əhəmiyyət daşıyır. İnsanlar o qədər təkmil deyil ki, sevdiyi şəxsi olduğu kimi qəbul eləsin. Deməli, biz görüntüyə qaçırıq. Qızlar iqtisadi imkanı tam mükəmməl olmayan kişilərlə ailə qurmağa və həyatını bölüşməyə qorxur. Bəzi qadınlar isə çox pul qazanır, qarşısına özü kimi qazanan çıxmayanda həyatını heç kimlə birləşdirmək istəmir.
 
Burda kənar müdaxilə amili də var, bir müddət ailə onu bəyənmir, bunu bəyənmir, sonra müəyyən yaşa çatandan sonra qız özü artıq qərar verməkdə çətinlik çəkir.
 
Bir də görürsən, oğlan tərəf qızı idarə etməyə çalışır, qızlar da buna boyun əymək istəmir. Stereotiplərlə hesablaşmaq istəməyəndə də qızların ailə qurması gecikir, bəzən də ümumiyyətlə, alınmır”.
 
“Əvvəllər bu yaşda kişilər evlənirdisə, indi xanımlar evlənir”
 
Psixoloq Elnur Rüstəmov deyir ki, evlilik və ona yanaşmanın aktuallaşması ailə münasibətlərinə yeni bir baxış tərzi formalaşdırıb: “Bu proses birinci növbədə Amerika, Avropada başladı. Hazırda bu məsələ Azərbaycanda da aktuallaq kəsb edir. Əvvəllər gənclərin ailə qurduğu yaşda indikilər bəzən heç evlənmək haqda fikirləşmir, karyera haqda düşünürlər.
 
Bəzən 15-20 ilin ailəsinin də boşanma üçün müraciət etdiyini görürük. Artıq ailədaxili konfliktlərin istiqaməti dəyişməyə başlayıb. Əvvəl daha çox “gəlin-qaynana”, “gəlin-baldız” münasibəti problem idisə, bu gün paralel ailələrin mövcudluğu, yaxud münasibətlərə ailədən kənar başqa bir şəxs tərəfindən müdaxilələrin edilməsi, dolayısı ilə xəyanət faktoru səbəblərindən ailədaxili konfliktlər yaranır, hətta boşanmaların şahidi oluruq. Yəni miqyas dəyişib.
 
Buna təsir göstərən məqamlardan biri də texnologiyanın inkişafıdır. Belə ki, ailə psixologiyası kibernetikanın yaranması ilə ortaya çıxdı. Əslində, həmin yanaşma ailələrdə var. Bir mexanizm digər münasibətlərə təsir göstərir. Tutaq ki, ailədə hər hansı zərərli vərdişdən əziyyət çəkən bir şəxs varsa, bu, ailənin digər üzvlərinin psixoloji durumuna mənfi təsir göstərəcək. Ailə bu prosesdə necə adekvat davranmaq lazım olduğunu çox zaman bilmir.
 
Bu gün evlənmə yaşına çatan xanımların ailə qurmaq istəməməsini müşahidə edirik. Daha çox karyera qurmağa çalışırlar. Kimlər evlənməyə meyillidir?
 
Əksəriyyəti ali təhsil ala bilməyən, yaxud ali təhsil alsa da, uğur qazana bilməyənlər... Hamıya şamil etmirəm, amma çoxluq belədir. Bir də ailədaxili münaqişələr o qədər pisdir ki, bəzən gənc qızlar sadəcə evdən qaçmaq istəyir və çıxış yolunu evlənməkdə görür. Digərləri isə karyera qurmaq istəyirlər, 25-26 yaşdan sonra ailə qurmaq haqqında fikirləşirlər. Əvvəllər bu yaşda daha çox kişilər evlənirdilər. İndi kişilər üçün evlənmə yaşı 30-a qalxıb. Bu proses yavaş-yavaş artmağa başladı və bizi narahat etməyə bilməz.
 
Onu da deyim ki, boşanmaların adiləşməsi və “sərbəst yaşamağa” meyillilik gələcək ailə institutuna mənfi təsir göstərir”.