"The Times": Rusiya bu həftə Hələbə girəcək

"Rusiya bu həftə Suriyanın Hələb şəhərinə hücum etməyi planlaşdırır".
 
Teleqraf.com xəbər verir ki, bununla bağlı Britaniyanın "The Times" nəşri şəxsi mənbələrinə istinadən məlumat yayıb.
 
Hücum Hələbin müxaliflərin nəzarətində olan hissəsinə ediləcək: "Britaniyalı kəşfiyyatçılar şübhələnirlər ki, Kreml ABŞ-ın bu müddətdə Hələbə müdaxilə edə bilməyəcəyinə arxalanır. Çünki noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçiriləcək və Vaşinqtonun başı seçkilərə qarışacaq. Moskva silahlıları şəhərdən qovmaq və Suriya məsələsini ABŞ-ın yeni seçiləcək prezidenti ilə müzakirəyə başlamaq istəyir".
 
Məqalədə qeyd edilir ki, hücumlar Suriya sahillərində olan Rusiyanın "Admiral Kuznetsov" aviadaşıyıcısı vasitəsilə həyata keçiriləcək.
 
Birləşmiş Krallığın müdafiə araşdırmaları mərkəzinin sabiq direktoru Makl Klarkın sözlərinə görə, Hələbin müxaliflərin nəzarətində olan hissəsinə ediləcək avia-hücumlar 1999-2000-ci illərdə Qrozno şəhərinə edilənlərə bənzəyəcək və dinc sakinlər arasında çox sayda itkilərə səbəb olacaq: "Biz gələcək illərdə bundan dərin təəssüf keçirəcəyik".
 
Xatırladaq ki, oktyabrın 25-də NATO-nun yaydığı bəyanatda "Admiral Kuznetsov" aviadaşıyıcısının Hələb şəhərinə hücumlarda istifadə oluna biləcəyi ilə bağlı xəbərdarlıq yer almışdı. Ancaq Rusiya Xarici İşlər Nazirliyi məlumatı təkzib etmişdi.