​"Əti də dərmandır, buynuzu da" - Maral saxlayan fermerlə reportaj

 
Vladimir Meşşeryakov 75 yaşındadır. Əslən Qafqazdandır, daha dəqiq desək, Şimali Osetiyadan. Amma az qala, yarım əsrdir ki, Rusiyanın Altay Respublikasında məskən salıb.
 
Burda maral yetişdirməklə məşğuldur. Dediyinə görə, Sibirə köçmək və maral ferması yaratmaq “həyatda verdiyi ən yaxşı qərardır”. Onu buralara çəkib gətirənsə Altayın “ecazkarlığı” olub: “Ehtiraslı alpinist kimi məni bu ecazkar dağlıq ərazi çox cəlb edir”.
 
“Altay mənim evimdir”
 
 
Vladimir bu qərarı necə verdiyini xatırlayır: “1968-ci ildə aqronomluq ixtisasını bitirdikdən sonra bəzi əşyalarımı yığışdırıb, həyat yoldaşımı və uşaqlarımı özümlə götürərək Altaya köçdüm. O zaman gənc idik və xatırlayıram ki, bu qərarı qayğısız şəkildə, ani olaraq verdik. Mən səyahət edərək xoşbəxtlik axtaran gəncləri yüksək qiymətləndirirəm. İndiki zamanda gənclər bir işi görərkən çox düşünürlər və bizim dövrdəki kimi təşəbbüskar deyillər”.
 
“Ani qərar verərək” Altaya köçən Vladimir Meşşeryakov indi “Altay mənim evimdir” söyləyir: “Burada evim, çiçəklənən biznesim və düz 1300 şimal maralım var. Bütün Rusiyada 50 min maral var, bizim təsərrüfat da ölkədə ən böyükdəndir. Oğlum və nəvəm də mənimlə çalışır. Qızım bizim şirkəti Moskvada təmsil edir, bizim ixrac işləriylə məşğuldur. Uşaqlarım mənim izimlə getdikləri üçün xoşbəxt və qürurluyam”.
 
1000 dollara maral balası
 
 
Vladimir danışır ki, maralçılıq gəlirli sahə olsa da, çox ağır işdir. Maralları otarmağa çoxlu otlaq sahə gərəkdir, amma belə sahələr azdır: “Marallar da baha başa gəlir: maral balası təxminən 1000 dollardır. Yetişmiş maral yaşından və məhsuldarlığından asılı olaraq, 1600 dollardan 2500 dollar arasında dəyişir. Buna görə də ferma yaratmaq baha başa gələn biznesdir. Bu sahəyə həm də vergi tətbiq olunur”.
 
 Foto: arxiv
 
İşin ağır tərəfi Dağlıq Altay kimi vəhşi təbiətli bölgədə heyvanları əhatə edən hasarların tikintisidir. Fermer Yeni Zelandiya kimi bəzi ölkələrdə elektrik hasarlarının qurulduğunu, amma Rusiyada bunun tətbiq olunmadığını bildirir: “Qorxuruq ki, marallar qorxub dağlara qaçarlar və onları geri qaytara bilmərik. Bunun əvəzində 2,5 metr hündürlüyündə hasarlar tikirik. Bununla belə, hərdən bəzi güclü marallar bu maneəni də yarıb keçirlər”.
 
Buynuzları dərman maral
 
 
Fermer bir az da maralın faydalarından danışır: “Əsasən, insanlar maralın ən qiymətli hissəsinin əti deyil, buynuzu olduğunu düşünürlər. Koreyalılar və çinlilər ənənəvi təbabətdə maralın buynuzundan, vətərindən və quyruğundan faydalanırlar. Şimal maralının buynuzunu ildə bir dəfə kəsmək mümkündür. Hər maralın buynuzunu 10-15 il kəsmək olar. Buynuzların əsas hissəsini Cənubi Koreyaya ixrac edirik. Biz inanırıq ki, Rusiyada da maralın buynuzundakı qanın müalicəvi xüsusiyyətlərindən yararlanmaq mümkündür. Onu həyat tonusunu qaldıran pantokrinumun istehsalında istifadə edirlər. O, həm də immumitetin yüksəldilməsində, stressin salınmasında, qadın və kişilərdə sonsuzluq da daxil olmaqla, bir çox xəstəliklərin müalicəsində istifadə olunan pantogematogen-in əsas tərkib hissəsidir”.
 
Maralın ətinə gəlincə, Vladimir Rusiyada onun yeyildiyini, ancaq bu heyvan növünün sayının azlığından əhalinin məişətdə ondan çox az yararlandığını deyir. Fermer maral ətini “sağlam və pəhriz əti” adlandırır, qiymətinin də mal ətindən baha olmadığını əlavə edir.
 
Vladimir sağlamlığını maral ətinə borclu olduğunu boynuna alır: “İldə, ən azı, bir maral yeyirəm. Yarım əsrə yaxındır maral yetişdirməyimi nəzərə alsaq, özünüz hesablayın!”