Təhsil sistemi və səhiyyə eksperiment laboratoriyasına dönüb: “KRU” yoxsa “QRU”?

 
Hansı həkimi və müəllimi dindirirsən, peşman olursan. Başlayır səhiyyə və təhsil nazirliklərinin əlindən dad çəkməyə
 
Yalan-doğru deyirlər ki, nazirliklərin “KRU”-ları (nəzarət-təftiş idarəsi) yenə də gəldilər və başaldılar bizdən pul yığmağa. Rayonların baş həkimləri və təhsil şöbələrinin müdirləri də düşürlər həkimlərin və müəllimlərin canına. Yalan-doğru deyirlər ki, Təhsil Nazirliyinin “KRU”-su oktyabr ayında Xaçmazdakı məktəb direktorları və müəllimlərin cibinə əl gəzdirib. Babalı deyənin boynuna. Düzdür, əyridir, bu bizlik deyil. Amma yadımdan heç çıxmır. Bu yaxınlarda bir müəllim mənə dedi ki, bu “KRU” lap “QRU”-dur (Rusiya Baş Kəşfiyyat İdarəsi). Pulu gəlib elə ustalıqla və sakitcə yığıb gedirlər ki, insan nə vaxt cibindən pulunun çıxdığından xəbər tutmur. Vallah, adamın bu müəllimlərə lap yazığı gəlir. İndi müəllimlərin leksikonuna “maliyyə pulu” adlanan yeni termin daxil olub. Dediklərinə görə, vaxtaşırı bunu verirlər. Amma niyə və nədən ötrü bilən yoxdur. Sonra gəlir məktəb direktorlarının sırıdığı kitablar, qəzet və jurnalların pulu, odun pulu və s. Yaxşı, bu zavallı müəllim bəs nə etsin? Ağzını açsa saatlarını kəsəcəklər, ya da işdən qovacaqlar. İstər-istəməz adamı bir sual da maraqlandırır. Bu nazirliklərdəki SSRİ-dən qalmış nəzarət-təftiş idarələri kimə gərəkdir? Nə işlərinin fəaliyyət istiqamətləri dəyişib, nə də əməlləri, nə də əməlli-başlı bir korrupsiya faktı çıxarıb ortalığa qoyublar. Yəqin ki, bu sualın cavabını hörmətli nazirlərimiz Oqtay Şirəliyev, Mikayıl Cabbarov və Samir Şərifov verə bilər. Əvvəlki ikisini demirəm, Samir Şərifovun fəaliyyəti elə güzəranımızdan və büdcəmizin vəziyyətindən məlumdur. Onun yerli maliyyə şöbələrinin müdirləri ilə məşğul olamağa vaxtı yoxdur. Mikayıl Cabarrovsa hər yeni dərs ili başlayanda bəyan edir ki, şagirdlərdən və müəllimlərdən pul yığılmayacaq. Elə Oqtay Şirəliyev də onun kimi. Lakin az keçmir müəllimləri və həkimləri təngə gətirmiş “QRU” işə düşür.
 
Təhsil sistemimiz və səhiyyəmiz dönüb eksperiment laboratoriyasına. Gah müəllimlərdən imtahan alırlar, qoca-qoca kişi və arvadları testdən keçirirlər, gah dərs ilini uzadıb-qısaldırlar, gah gözü əməlli-başlı görməyən müəllimlərə deyirlər ki, kompüter öyrənin. Bu binəvalar da gözlərini dikirlər hərflərini seçə bilmədikləri klaviaturaya. Öyrəndilər-öyrənmədilər fərqi yoxdur. Onsuz da hansı yollasa qalıb işləyirlər. Bu günlərdə Xaçmaz rayonunun təhsil şöbəsinə tabe olan texniki yaradıcılıq mərkəzinin dərnək rəhbəri Vəfa Musayeva bir şikayət etdi. Dedi ki, on dörd ildir pedoqoji sahədədir. Bəzi məktəblərdə əvəzçiliklə dərs də deyib. Di gəl ki, onu müəllim kimi işə götürmürlər. Bankda, xəstəxanada və digər yerlərdə işləyən müəyyən adamlar məktəblərdə ikiqat dərs saatları alırlar. Bu da belə. O ki, qaldı səhiyyəyə, mərkəzi rayon xəstəxanasının doğum şöbəsinin Yasəmən xanım adlı bir baş həkimi var. Amma nədənsə hamilə qadınlar uşaq dünyaya gətirmək üçün Xaçmaza yox, daha çox Qubaya üz tuturlar. Bunun səbəbini hələlik açıqlamırıq. Ortada çox ciddi səbəblər var. Digər mətləblərin də üstündən hələ ki, keçirik. O mətləblərin ki, desək aləm biri-birinə dəyər. Nə isə, bu da səhiyyəmiz. Hələ bu hal-günlə icbari tibbi sığortaya da keçmək istəyirlər. Nədən danışaq ki, Azərbaycan insanının sifəti gülsün. Necə gülsün ki, təhsil və səhiyyə ocaqlarına adamlar cibi dolu girib, boş çıxırlar.
 
Yenə də qayıdıram keçən dəfəki söhbətə. Bəziləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi baş verən neqativ hallara görə qınayırlar. Lakin mən bununla razı deyiləm. Əgər hörmətli prezidentimiz torpaqlarının iyirmi faizi işğal olunmuş ölkənin xarici və daxili siyasəti ilə məşğul olmağı bir qırağa qoyub yalnız bu məmurlarla təkbaşına mübarizəyə başlasa dövlət idarəçiliyi nə hala düşər? Bəzi nazirlərdə, komitə sədrlərində, xidmət rəhbərlərində isə insaf deyilən şey yoxdur. Elə ki dallarından dəyirlər, başlayırlar müxalifətçi olmağa. Sanki dünənədək əhalini adam yerinə qoymayan bunlar deyildilər. Amma bütün bunlar o demək deyil ki, çıxış yolu yoxdur. Prezidentin ictimai nəzarətin təşkili haqqında bir sərəncamı da var. Əgər müəllim də, həkim də “QRU” üçün pul yığırsa, “maliyyə pulu” deyilən çirkin bir vəsaitin yığılmasında iştirak edirsə, yerdə qalan savadsız binəvalara nə deyək?
 
Məni qınamayın. Ölkəmizdə sosial-iqtisadi durum yaxşı vəziyyətdə deyil. Məncə, müharibə şəraitində yaşayan ölkənin əhalisi müəyyən çətinliklərə dözməlidir. Lakin yüksək vəzifəli şəxslər ölkənin indiki vəziyyətində də rüşvətdən və korrupsiyadan əl çəkmirlərsə, əhalini incik salırlarsa, bu əsl xəyanətdir. Təkcə prezidentə qarşı yox, həm də dövlətə qarşı. Xəyanətkar isə cəzasına çatmalıdır.

Загрузка...
Загрузка...