Təhsil Şəbəkəsinə qoşulan məktəblərin sayı AÇIQLANDI

2016-cı ilin fevral və mart aylarında Bakı, Mingəçevir, Şəmkir, Ucar, Ağcabədi, Ağstafa, Ağdam, o cümlədən Kəlbəcər şəhər və rayonları üzrə 10 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşululub.
Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə bununla da ATŞ-ə qoşulan təhsil müəssisələrinin sayı 2073-ə çatıb.   “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq, həyata keçirilən tədbirlər nəticəsində ATŞ-ə qoşulmuş təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası təmin edilib. 
ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq təhsildə müsbət təcrübənin ötürülməsini təmin edir. 
Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə elektron resurslardan istifadə edə bilir. 
ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən saytlara giriş məhdudlaşdırılıb.