Təhsil Nazirliyinin KİV nümayəndələri üçün təlimləri başa çatdı (FOTO)

Aprelin 16-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə KİV nümayəndələri üçün təhsil sahəsinə dair maarifləndirici təlimlər başa çatıb.
Turaninfo.az əməkdaşının verdiyi xəbərə görə aprelin 14-dən başlayan keçirilən təlimlərdə nazirliyin əməkdaşları tərəfindən media işçilərinə təhsillə bağlı aktual mövzularda məlumatlar verilib, jurnalistləri maraqlandıran suallar cavablandırlıb, təkliflər dinlənilib.  O cümlədən ümumi təhsil və məktəbəqədər təhsil, ali məktəblərdə təhsil haqqı, sağlamlıq imkanı məhdud olan şagirdlərin evdə təhsil alması, məktəblərdə aparılan təmir-bərpa işləri, audit yoxlamaların nəticələri, gənclərin xaricdə, əcnəbi tələbələrin isə ölkəmizdə təhsili və digər mövzularda çıxışlar olunub.
Həmçinin Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramının dayandırılması məsələsinə də aydınlıq gətirilib. Qeyd edək ki, bu günlərdə təhsil naziri Mikayıl Cabbarov mətbuata açıqlama verərkən bildirmişdi ki, bu il proqramın həyata keçirilməsi dayandırılır və artıq proqramın yeni formatı hazırlanır. Nazirin bu açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmamışdı. Bəziləri bunu neftin qiymətinin düşməsi ilə əlaqələndirir və beləliklə də  Azərbaycanda xaricdə təhsilin ikinci plana keçdiyini bildirirdilər. Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş üzrə sektorunun müdiri Nicat Musayev təlim zamanı açıqlama verib. Nazir rəsmisi bildirib ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının icrası başa çatıb və  yeni proqram layihəsi ilə bağlı müəyyən məsləhətləşmələr aparılır: “Hökumət mövcud proqramın nəticələrini təhlil edib. Yeni proqramda əlavə prioritetləri əhatə etmək üçün 1 illik fasilə verilib. Yeni proqramda iki istiqamət nəzərdə tutulub. Bunlardan biri xaricdə təhsil - magistr və doktorantura prioritet götürüləcək. Digəri isə əcnəbi professorların yerli ali təhsil müəssisələrinə cəlb edilməsidir”.
Təlimlərin sonunda Təhsil nazirinin müavini Firudin Qurbanov da çıxış edib. Nazir müavini bildirib ki, Təhsilin inkişafı üzrə Dövlət Strategiyası çərçivəsində mühüm işlər görülür: “Əsas məqsəd odur ki, təhsil prosesi şəffaf olsun, məktəblər arasında münasibətlər sıx olsun. Təhsil Nazirliyinin keçirdiyi tədbirlər barədə məlumatlar, təhsillə bağlı press-relizlər mütəmadi olaraq KİV-lərdə, mediada işıqlandırılır. Təhsil daim yenilənən, təkmilləşən sistemdir. Əgər təhsil gələcəyimizdirsə, bu sahədə hazırlanan kadrların rəqabətə davamlı olması üçün mühüm işlər görülməlidir”.
Təhsil sahəsindəki müsbət dəyişikliklərin ictimaiyyət tərəfindən maraqla qarşılandığını deyən nazir müavini təlimlərin media və təhsil əlaqələrinə  müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib: “Son dövrlərdə informasiyalar sürətlə inkişaf edir. İnformasiyanı vaxtında əldə etmək, düzgün şəkildə işıqlandırmaq medianın vəzifəsidir. Bu da şərəfli və mürəkkəb vəzifədir. İnanıram ki, təhsil və media təliminin keçirilməsi informasiyanın cəmiyyətə düzgün şəkildə çatdırılmasında faydalı olacaq. Təlimdə nazirliyin struktur bölmələrinin rəhbər şəxsləri iştirak edib, lazımi məlumatlar əldə ediblər. Bu təlim jurnalistlərin gələcək fəaliyyətinə müsbət təsir göstərəcək”.
Daha sonra nazir müavini Firudin Qurbanov media nümayəndələrini təlimi uğurla başa vurduqları üçün təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb, onlara sertifikatlar təqdim edib.
Xatırladaq ki, təlimlərin keçirilməsində əsas məqsəd təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır. 3 günlük təlimlərdə müxtəlif televiziya kanalları, qəzet və xəbər agentliklərini təmsil edən 25 jurnalist, o cümlədən “Yeni Müsavat”ın əməkdaşı  iştirak edib. Təlim müddətində jurnalistlər arasında müxtəlif viktorinalar və əyləncəli oyunlar keçirilib.