Təhsil eksperti qəbul imtahanlarından danışdı: "Abituriyentlər təşvişə düşməsinlər!"

Ölkə prezidenti Ilham Əliyevin fərmanı ilə TQDK ləğv edilib. Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
TQDK - nın ləğvindən sonra ali məktəbə hazırlaşan abituriyentlərin imtahanı hansı prosesdə davam etdiriləcəyi haqqında Avropa.info-ya təhsil eksperti Etibar Əliyev danışıb.
Ekspertin sözlərinə görə TQDK tam şəkildə ləğv edilməyib, sadəcə olaraq, yeni yaranmış bir qurumun tabeçiliyinə həvalə olunub:
"Bu o demək deyil ki, TQDK tam şəkildə ləğv olunub. Sadəcə, ölkə başçısının fərmanı ilə yeni qurum yaranıb və TQDK -nın fəaliyyəti də həmin qurumda davam edəcək. Dövlət İmtahan Mərkəzi yaradılıb və bu qurumun səlahiyyətləri genişləndirilib. "Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq, mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulu müsabiqə əsasında həyata keçiriləcək. Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi, 9-11 ci siniflərdə orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinə və digər sahələrdə olan qəbulu həmin qurum həyata keçirəcək".
Ekspert həmçinin vurğulayıb ki, tələbələrin təşvişə düşməsinə heç bir əsas yoxdur və onlar əvvəlki illərdə olduğu kimi, prosedurlara uyğun olaraq imtahan verəcəklər:.
"Məsləhət görərdim ki, tanınmış media qurumlarında bu mövzularda maarifləndirmə işləri aparsınlar. Çünki imtahanlarda heç bir dəyişiklik olmayacaq və abituriyentlər ötən illərdəki kimi o prosedurlara uyğun şəkildə imtahanlarda iştirak edəcəklər".