“Təhlükə ilə bağlı MTN əməkdaşları SKYPE-lə mənə xəbərdarlıq edirdi”

"Təsəvvür edin, 2015-ci ilin sentyabr ayında Eldar Mahmudovun tapşırığı əsasında MTN mətbəxinin ən iyrənc çirkabdaşıyanları Elçin Quliyev - İlqar Əliyev cütlüyünün planına əsasən, mən gənc qadını və onun yanındakı körpə uşağı maşınla "vurmalı" idim, amma zamanında xəbərdarlıq aldım"
İslaminSesi xəbər verir ki, tanınmış politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu özünün facebook səhifəsində keçmiş MTN rəhbərləri tərəfindən ona qarşı planlaşdırılan sui-qəsd və şərləmə işləri ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. İslaminSesi sözügedən açıqlamanı sizlərə təqdim edir.
 Keçmiş MTN rəhbərləri tərəfindən şərlənərək tutulmuş və əfv sərəncamı əsasında azad olunmuş jurnalist Pərviz Həşimli mediaya açıqlamasında MTN rəsmilərinin istintaq zamanı ondan mənə qarşı da dövlət çevrilişi təşkilində iştirak etməklə bağlı ifadə almağa çalışdıqlarını deyib.
Bunu da, Eldar Mahmudovun cinayətkar dəstəsinin mənə qarşı hazırladığı digər planları da yaxşı bilirdim, amma heç vaxt anlamadığım bir şey vardı ki, Mahmudov mənə nə verib, ala bilmirdi? Adam sanki məni həbs etməyi öz həyatının hədəfinə çevirmişdi və bu məsələdə paranoya vəziyyətinə düşmüşdü, sanki başqa işi yox idi. Amma o, bir şeyi anlamırdı ki, elə onun rəhbərlik elədiyi nazirlikdə mənə rəğbəti olan xeyli insan varmış ki, onlar mənə qarşı planlaşdırılan bütün əməliyyatlar haqqında zamanında zəruri məlumatları çatdırırdılar. Mən bu insanların kim olduğunu bu gün də bilmirəm və yəqin ki, heç vaxt bilməyəcəyəm, çünki xəbərdarlıqları skype ünvanıma anonim profillərdən alırdım.
Bu, həm də onların təmənnasız insanların olduğunun əyani sübutudur. Amma həyatım boyu həmin üzünü görmədiyim, adını bilmədiyim insanlara borclu və minnətdar olacağam, çünki onlar məni təkcə fiziki olaraq sıradan çıxarılmaqdan deyil, həm də günahlara batırılmaqdan qoruyublar. Təsəvvür edin, 2015-ci ilin sentyabr ayında Eldar Mahmudovun tapşırığı əsasında MTN mətbəxinin ən iyrənc çirkabdaşıyanları Elçin Quliyev - İlqar Əliyev cütlüyünün planına əsasən, mən gənc qadını və onun yanındakı körpə uşağı maşınla "vurmalı" idim, amma zamanında xəbərdarlıq aldım. Bunu bilən andan ictimai nəqliyyata keçdim, ardınca da maşınımı satdım ki, bir daha sükan arxasına əyləşməyim və bu, murdar cinayətkar dəstənin ucbatından insan həyatına bais olmayım, bunlar da məndən əl çəksinlər.
Heç olmazsa məni tutmaq xatirinə başqa insanlara qıyıb, onlara xətər yetirməsinlər. Başqa bu tip işlər də planlaşdırmışdılar və hamısından da vaxtında məlumatım olduğundan, heç biri alınmadı. Öldürə bilmirdilər, çünki barəmdə guya, müxtəlif kəşfiyyatlara işləməyim haqqında ölkə rəhbərliyinə yazdığı saxta hesabatlara rəğmən, Eldar Mahmudov bunu niyə edə bilmədiyinin səbəbini özü hamıdan yaxşı bilirdi... Üstəlik də onlara öldürdükləri başqa insanların ağır yükü artıq kifayət edirdi, çünki sorğu zamanının nə zamansa çatacağını özləri də bilirdilər.
Təsadüfi deyildi ki, Mahmudovun cinayətlərinin bir xeylisinin ən fəal icraçısı olmuş polkovnik İlqar Əliyev xeyli gənc olmasına rəğmən, özünə artıq məzar yeri də seçmişdi və bu gün göründüyü kimi, yanılmamışdı da. Onun keçmiş rəisi general Elçin Quliyevə və keçmiş naziri general Eldar Mahmudova isə mən möhkəm can sağlığı və uzun ömür arzulayıram, çünki onlar hələ məhkəmə qarşısında dayanmalı və sonra da uzun illər boyu cəzalarını çəkməlidilər.
 Bəzi çevrəmdə olmuş və haqqımda bunlara müntəzəm məlumatlar ötürmüş, üzərində səsyazan qurğularla mənimlə görüşlərə gəlmiş və s. digər işlərə cəlb olunmuş hər kəsi də çoxdan bağışlamışam. Allahdan da onları bağışlamağı rica edirəm.