"Terrorla mübarizəmiz davam edəcək"

Bu vəhşi hücum bütün Türkiyəyə qarşı törədilmiş, hədəf birliyimiz və demokratiyamız olmuşdur.
Türkiyənin baş naziri Əhməd Davudoğlu paytaxt Ankarada baş vermiş terror hadisəsini şərh edib. ANS PRESS-inm məlumatına görə, baş nazir hadisəyə dair konkret dəlillər əldə etdiklərini bildirib.
“Axşam saatlarında hərəkət edən bomba yüklənmiş bir avtomobillə Ankara Atatürk prospektində dayanacaqda avtobus gözləyən mülki vətəndaşlarımıza qarşı terror hadisəsi törədilib. Bu alçaq hücum nəticəsində dünyasını dəyişən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa, ailələrinə, yaxınlarına və bütün vətəndaşlarımıza səbr və mətanət arzulayıram. Avtobus gözləyənləri hədəfə alacaq qədər gözü dönmüş, insanlıqdan və vicdandan məhrum qatilləri ölkəm, millətim və hökumətim adından lənətləyirəm.”  
Əhməd Davudoğlu əldə olunan konkret dəlillərlə hadisənin ən yaxın vaxtda aydınlaşdırılacağını deyib:
“Əldə olunan ilk məlumatlara, hadisənin baş verdiyi yerdə əldə olunan ilk tapıntılara və kəşfiyyat analizləri əsasında bu xain hücumu törədən terror qruplasşması barədə konkret məlumatlar əldə etmişik. Ən yaxın vaxtda böyük diqqətlə aparılan istintaqda nəticə əldə olunacaq və ictimaiyyətə məlumat veriləcək. Bu vəhşi hücum bütün Türkiyəyə qarşı törədilmiş, hədəf birliyimiz və demokratiyamız olmuşdur. Ölkəmiz çətin və istiqrarsız bir coğrafiyada çox yönlü terror hücumlarına hədəf olmaqdadır.”
Türkiyə baş naziri terroru törədənlərin ən ağır şəkildə cəzalandrılacağını deyib:
“Türkiyə respublikası daha əvvəl olduğu kimi bundan sonra da millətimizin birliyi və dincliyi üçün terrora qarşı apardığı mübarizəyə böyük qərarlılıqla davam edəcək və ölkəmizi hədəf alan xain mərkəzlər ən ağır şəkildə cəzalandırılacaqlar. Bu hücumlar qarşısında millətcə birliyimizi və bərabərliyimizi, səbr və vüqarımızı qorumaq, terrorun çatmaq istədiyi hədəfə veriləcək ən gözəl cavabdır. İnanıram ki, millətimizin vüqarı, mövqeyi, bəsirəti bütün qaranlıq planları boşa çıxaracaqdır.”  
Teraktın baş verdiyi yerin sxemi
Türkiyə baş naziri Əhməd Davudoğlunun İordaniyaya nəzərdə tutulan rəsmi səfəri terror səbəbindən naməlum tarixə qədər təxirə salınıb.
Martın 13-də yerli vaxtla saat 18.35-də Türkiyənin paytaxtı Ankaradakı “Kızılay” meydanının yaxınlığında terror hadisəsi baş verib. Kamkadzenin hərəkət alında olan avtomobillə törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 34 nəfər ölüb, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Türkiyənin səhiyyə naziri 19 nəfərin vəziyətinin ağır olduğunu bildirib. Bu səbəbdən də ölü sayının artacağı istisna olunmur.