​Terror İstanbulu qan gölünə çevirdi: 29 şəhid, 166 yaralı - Video/Foto (Yenilənib)

 
Türkiyədə bu gecə dəhşətli anlar yaşanıb, yenə dəhşətli terror törədilib
 
Politika.Az xəbər verir ki, İstanbulun Beşikdaş bölgəsində, "Barbaros" caddəsində iki partlayış baş verib. Bölgə İstanbulun qəlbi sayılan ərazidir - Taksim Meydanından Beşiktaşa enən prospektdə, çox hərəkətli bölgədir.
 
Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib ki, baş verən partlayış terror hadisəsidir. Onun sözlərinə görə, hədəfdə polislər olub. Bildirilir ki, Dolmabahçədə baş verən partlayışdan sonra silah səsləri də eşidilib.
 
"Beşiktaş"-"Bursaspor" matçının sona çatmasından sonra tərəfdarların dağıldığı saatlarda meydana gələn partlayışın bomba yüklü iki avtomobillə reallaşdırılmış ola biləcəyi bildirilir.
 
Türkiyə mediası yazır ki, prezident Rəcəb Tayyib Ərdoğan partlayışdan cəmi 15 dəqiqə əvvəl həmin nahiyədən keçib.
 
Hadisə baş verəndən təxminən bir saat sonra Ərdoğan bəyanat yayıb. O, İstanbuldakı terror aktlarının məqsədinin xeyli sayda insanın məhv edilməsinin olduğunu bildirib: "Bu gecə biz növbəti dəfə terrorun alçaq üzünü gördük. Aydındır ki, "Beşiktaş”-"Bursaspor” matçından dərhal sonra törədilən terror aktının məqsədi xeyli sayda insanı məhv etmək olub. Təəssüflər olsun ki, ölən və yaralananlar var”.
 
 
 
Son məlumata görə, iki partlayış nəticəsində yaralananların sayı 70-ə çatıb. "Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin, "Röyters" isə 13 nəfərin öldüyünü iddia edir.
 
Türkiyənin Səhiyyə Nazirliyinin yaydığı məlumatda isə baş vermiş terror aktı zamanı 15 nəfərin həlak olduğu, 69 nəfərin isə yaralandığı bildirilir.
NTV kanalı isə yaralı sayının 70 olduğunu açıqlayıb.
 
Verilən açıqlamalarda ölü sayının artacağı istisna edilmir.
 
Partlayışın PKK terror təşkilatının törətdiyi ehtimal edilir.
***
(07:30)
 
Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda ard-arda törədilən terror aktları zamanı ölən və yaralananlarla bağlı rəsmi məlumatı açıqlayıb. Nazir bildirib ki, baş vermiş terror aktı zamanı 27-si polis olmaqla 29 nəfər həlak olub, 166 nəfər yaralanıb. Verilən açıqlamalarda ölü sayının artacağı istisna edilmir. Nazir bundan başqa bildirib ki, partladılan avtomobilin kimə məxsus olduğunun araşdırılması xüsusunda əməliyyatlar keçirilib. Əməliyyat axtarış tədbirləri nəticəsində 10 nəfər şübhəli şəxs polis tərəfindən saxlanılıb. Nazir qeyd edib ki, terror aktının kimlər və hansı terror təşkilatları tərəfindən törədilməsi ilə bağlı aparılan araşdırmalar davam etdirilir.

Загрузка...
Загрузка...