Ter-Petrosyan: "Vaxt gələcək ermənilər azərbaycanlılara yalvaracaq!

Sərkisyan keçmiş preizdentlə niyə görüşə ehtiyac duydu?
Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi ilə bağlı ölkənin qanuni prezidenti Levon Ter-Petrosyanla görüşməsi ilə bağlı xəbər vermişdik. Miq.az xəbər verir ki, Sərksiyan və Petrosyan son hadisələri müzakirə ediblər. Tərəflər arasında görüş Ter-Petrosyanın təşəbbüsü ilə onun evində baş tutub.
"Rusiyanın baş naziri Dmitri Medvedyevin "qan tökülməkdənsə, qoy Dağlıq Qarabağda vəziyyət elə necə var elə qalsın” sözlərində, bizim üçün elə böyük təhlükə görmədim. Onsuz da Rusiyanın Azərbaycanın xeyrinə münaqişəni həll edəcəyinə inanan azdır".
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan zatən Rusiyalı sühməramlılarını Qarabağda görmək istəmir:
"Ona görə də Medvedyevin təbirincə desək, qoy vəziyyət elə belə də qalsın. Separatçıların qanını tökməyə isə Rusiya istəsə belə, mane ola bilməz. Yorucu müharibənin davamı bizdən asılıdır. Qoy Medvedyevin "biz hər iki tərəfə silah satacağıq” açıqlamasından Ermənistan narahat olsun. Bəlkə də elə bu narahatlığın nəticəsidir ki, Ermənistan prezidenti Serj Sərkisyan keçmiş dövlət başçısı Levon Ter-Petrosyanla görüşə ehtiyac duyub. Bu, atəşkəsin elanından sonra ən diqqəti çəkən xəbərdir".
Elxan Şahinoğlunun sözlərinə görə, Sərkisyan 1990-cı illərin ortalarında Levon Ter-Petrosyanı ona görə devirdi ki, sonuncu "mərhələli həll” planını qəbul etməyə hazır idi:
"Məncə, Sərkisyan vaxtilə devirdiyi Levon Ter-Petrosyanla iki mövzunu müzakirə etməyə maraq göstərib. Birinci mövzu "mərhələli həll” planının Ermənistan üçün müsbət və mənfi tərəflərini bir daha öyrənmək, ikinci mövzu isə Rusiyanın Qarabağ məsələsində İrəvana təzyiqlərinin artması durumunda altenativ siyasətin formalaşdırılmasının imkanlarını ayırd etməkdir. Bu iki mövzuda Levon Ter-Petrosyan Sərkisyandan daha təcrübəlidir, çünki hər iki prosesin canlı şahididir".
Sərksiyan Ter-Petrosyanın ayağına getdi  - Qarabağ müzakirəsi
1998-ci ilin fevralında Ter-Petrosyan Ermənistanın o vaxtkı Müdafiə naziri Vazqen Sərkisyanın başçılığı ilə keçirilən hərbi çevriliş zamanı istefaya göndərilib. Sözügedən dövrdə Vazqen Sərkisyan Müdafiə naziri, Serj Sarkisyan isə Daxili İşlər və Milli Təhlükəsizlik naziri vəzifəsində idi. Dövrün Baş naziri Robert Köçəryanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi prezident Ter-Petrosiyanın mövqeyindən fərqlənirdi.
Levon Ter-Petrosyan Ermənistan siyahlı qüvvələrinin işğal etdiyi ərazidən çıxması və Dağlıq Qarabağa ən yüksək muxtar statusun verilməsi barədə müzakirələri dəstəkləyirdi. Lakin "Qarabağ klanı” bunu təslimçi saziş kimi qələmə verərək, etiraz edirdi.
Prezidentlikdən devrilərkən, 1998-ci ildə Ter-Petrosyan gələcəkdə Azərbaycanın çox güclənəcəyini və indiki şərtləri qəbul etmək üçün ermənilərin yalvaracağını bildirmişdi. "Vaxt gələcək ermənilər azərbaycanlılara yalvaracaq"-deyə  Ter-Petrosyan istefaya məcburən göndərilərkən bildirmişdi. Görünür, eks-prezidentin dediyi məqam gəlib ki, ona düşmən mövqedə olan Sarkisyan indi məcbur olub onun ayağına, həm də şəxsi evinə "pənah" aparıb.