Telejurnalist Ərdoğana sual verərkən ağlamasından danışdı

Telejurnalist Qənirə Ataşova Türk-Amerikan Mədəniyyət Mərkəzinin açılışında Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycan-Ermənistan cəbhə xəttindəki qarşıdurmalarda 12 Azərbaycan əsgərinin şəhid olması ilə bağlı sual verərkən ağlamasından danışıb.
Turaninfo.az  “Anadolu Ajansı”na istinadən xəbər verir ki, telejurnalist erməni əsgərlərin azərbaycanlıların yaşadığı ərazilərə hücum etməsi ilə bağlı xəbərləri prezident gələn zaman öyrəndiyini ifadə edib: “Təxminən, 5 aydır ki, vətənimdən uzaqdayam. Ölkəmizin çətin gün yaşaması qürbətdə olan həmvətənlərim üçün çox ağırdır. Bu gün şəhidlərlə bağlı sual verərkən duyğulandım. Şübhəsiz ki, bir jurnalist olaraq hisslərimi bildirməli deyiləm.  Amma nəzərə alın ki, mən bir anayam, qadınam, iki uşağım var. Şəhid düşən əsgərlər mənim də övladlarım sayılır. Vətənimin çətin günündə həmin 12 şəhidin analarının, bacılarının yerində özümü hiss etdim”.
Q.Ataşova Azərbaycan mediasında şəhid xəbərlərinə çox həssas yaxınlaşıldığını, hətta Türkiyədəki şəhid xəbərləri də verilərkən həssaslıq göstərildiyini vurğulayıb: "Jurnalist olaraq ağır xəbərlər təqdim etsək də, hisslərimiz ölməyib. Xəbərə xəbər deyib, keçməməliyik. İnsan əvvəl öz insanlığını qorumalıdır. Vətən hər şeydən üstündür, vətənə xəyanət etmək olmaz. Nə olursa, olsun, vətən sənin canın, qanındır. Çünki vətənimiz olmasa, nə edərik? ABŞ kimi böyük dövlətlərdə vətəninə görə insanlara hörmət edirlər".
Prezident Ərdoğanın Azərbaycanda çox sevildiyini qeyd edən telejurnalist ona təşəkkür edib: "Şübhəsiz ki, prezident Ərdoğanın mənim hisslərimə bu qədər həssas yanaşacağını gözləmirdim. Ona təşəkkür edirəm. O, Azərbaycan qadınlarının, Azərbaycan analarının bu gün yaşadıqları hisslərə dəyər verdiyini dünyaya göstərdi”.
Qeyd edək ki, prezident Ərdoğan çıxışı zamanı "Ermənistan-Azərbaycan sərhədində qarşıdurmalar ciddi mənada davam edir və bu qarşıdurmalarda hər iki tərəf də ciddi itki verir. Az əvvəl bir Azərbaycan televiziyasının müxbiri qarşımı kəsdi. Onun gözlərində gözyaşı gördüm. Görəsən, bizim ölkəmizdəki medianın gözlərində də bu gözyaşını görə bilərikmi?”, - ifadələrini işlətmişdi.